Əlaqə Arxiv
news Image
2016.04.05
09:30
| A A A
Ermənistan yenə təxribatçı dövlət olduğunu təsdiqlədi
Hatəm Cabbarlı: “Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi üçün münbit şərait yetişdiyində Ermənistan və onun havadarları dərhal bu məsələdə yeni problemlər çıxarırlar” Vüqar Zifəroğlu: “Həmişə Dağlıq Qarabağ problemində irəliləyiş əldə edilən zaman Ermənistan təxribatlara əl atıb”

Artıq heç kimə sirr deyil ki, dağılq Qarabağ münaqişəsinin sülh yolu ilə çözümü istiqamətində hər hansı razılıq əldə olduqda, erməni tərəfi cəbhədə təxribatlar törədərək bunun reallaşmasının qarşısını alır. Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında yenidən bu məqama toxunan Prezident İlham Əliyev sözügedən xüsusda maraqlı məqamlara diqqət çəkdi: "Ermənistanın bu hərəkətlərinin də səbəbi mənim üçün sirr deyil. Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Bu sözlərin kifayət qədər çox sübutları var. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər.

Xatırlayırsınız, 2014-cü ildə Fransa Prezidenti cənab Olland Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etmişdi. Görüş çox konstruktiv şəraitdə keçmişdi və görüşün nəticəsi ümidlər verirdi. Orada biz, eyni zamanda, təmas xəttində təhlükəsizlik, etimad tədbirlərinin gücləndirilməsi haqqında danışırdıq. Ancaq o görüşdən iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda – Ağdam rayonunun ərazisində özlərinin dediyi kimi, 47 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirməyə başlamışdı. Bu, sırf təxribat xarakterli bir addım idi. Bunun nə mənası var idi? Xüsusilə Parisdə keçirilmiş uğurlu sayılan görüşdən sonra. Bir neçə gün Azərbaycan Ordusu özünü çox təmkinlə aparırdı. Mən də göstəriş vermişdim ki, biz təxribatlara uymayaq. Ancaq ondan sonra düşmən daha da azğınlaşmışdır, bizim mövqelərimizə hücum çəkmişdir, hərbi helikopterləri işə salmışdır. Azərbaycan Ordusu helikopterin birini məhv etmişdir. Bu, Ermənistana lazım idi. Onların təxribatı idi. Lazım idi desinlər ki, Azərbaycan atəşkəsi pozur. Azərbaycan burada özünü aqressiv aparır və sair.

Bugünkü təxribat da, bax, bu mənbədən gələn təxribatdır. Yenə də bizim mövqelərimizə hücum çəkirlər. Bizim əsgərlərimiz, zabitlərimiz həlak olur. Ondan sonra Azərbaycan Ordusu onların başını əzir və indi dünyaya hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi pozur. Biz atəşkəsi pozmamışıq, biz sadəcə olaraq təxribata layiqli cavab vermişik. Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq".

Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı bildirdi ki, Ermənistan 25 ildir davam edən işğalçılıq siyasətinə görə gələcəyini ipoteka altına qoyub: "Yəni, bu dövlətin siyasi gələcəyi qaranlıqdır və sürətlə o qaranlığa doğru gedir. Son 25 ildə Ermənistan dövlət olaraq sosial-iqtisadi, siyasi və təhlükəsizlik baxımından perspektivi olan siyasət həyata keçirmə bacarığından məhrumdur. Ermənistan neft, neft məhsullarını, təbii qazı birbaşa sərhəd olduğu Azərbaycan və İrandan daha ucuza deyil, Gürcüstan üzərindən baha qiymətə Rusiyadan alır. İrandan aldığı təbii qaz isə sadəcə sənayedə və əsasən elektrik istehsalında istehlak edilir. Bu dövlətin təhlükəsizlik siyasətində də ciddi uğuru yoxdur. Azərbaycan torpaqlarını işğal edərək özünü bataqlıqda boğmaqdan başqa bir işə yaramayan bu məsələni həll edərək bölgə və beynəlxalq inteqrasiya layihələrindən kənarda qalır".

Hatəm Cabbarlı əlavə etdi ki, Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi üçün münbit şərait yetişdiyində Ermənistan və onun havadarları dərhal bu məsələdə yeni problemlər çıxarırlar, Ermənistan atəşkəsi pozur, cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşları mülki insanlar öldürülür və yaxud yaralanır: "Aprelin 2-də gecə saatlarında atəşkəsin pozulmasının tək səbəbkarı Ermənistan və onun havadarlarıdır. Ermənistanın atəşkəsi mütəmadi olaraq pozmasının əsas səbəblərindən biri də Azərbaycanın Qərb dünyası ilə münasibətlərini qaydaya salması, inteqrasiya təşəbbüsünün artdığı bir zamana təsadüf etməsi təəccüblü deyil".

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu da bu amili təsdiqlədi: "Həmişə Dağlıq Qarabağ problemində irəliləyiş əldə edilən zaman Ermənistan təxribatlara əl atıb. Özünün destruktiv fəaliyyəti ilə danışıqlarda olan müsbət məqamlarda irəliləyişlərin qarşını almağa çalışıb. Bu dəfə də belə oldu. Təxribata əl atsalar da, layiqli cavablarını alıblar. Əslində, hazırki əməliyyatlar ermənilərin təxribatı nəticəsində baş versə də, bizə nələrsə verdi. Mövcud şərtlərdə hazırda Azərbaycan bir ölkə olaraq yaranmış məqamdan maksimum yararlanmalıdır. Hadisə ilə bağlı AŞPA sədrinin açıqlaması oldu. Bundan başqa dünyanın əksər rəsmilərinin münaqişəyə reaksiya verməyi onu deməyə əsas verir ki, Azərbaycanın haqlı mövqeyini müdafiə edənlərin sayı az deyil".

Politoloq əlavə etdi ki, hazırkı hadisələr yalnız Ermənistanın istəyi və gücü ilə baş vermir: "Ermənistana hər zaman Rusiya dəstək verib. Ermənistan atdığı addımların heç birinin qərarını özü vermir. Nəzərə alaq ki, Qarabağ problemi beynəlxalq problemdir. Bu fonda Ermənistan hansısa addım atırsa, təbii ki, Rusiyanın da razılığı var. Buna da ən birinci sübut Rusiya mediasında çıxan yazılardır. Son üç gündə Rusiya mediası ölkəmizə qarşı məkrli təbliğat, informasiya müharibəsi aparmaqdadır. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan hər addımında Rusiya ilə həmrəydir. Müəyən məqamlarda da Rusiyanın dəstəyi var".

Sizin Reklam Yeriniz