Əlaqə Arxiv
news Image
2016.04.07
10:01
| A A A
Qarabağ münaqişəsinin həlli «ölü nöqtə»dən tərpənir?!
Elxan Şahinoğlu: “Vasitəçilər artıq real addımlar atmağa məhkumdurlar” Mais Gülalıyev: “Vasitəçilər indiki situasiyada münaqişənin həlli istiqamətində real addımlar atmalıdır və ata bilərlər də”

Cəbhə bölgəsində yaşanan son vəziyyət göstərir ki, atəşkəs elan olunsa da, bu, olduqca kövrəkdir. Belə ki, yenə də erməni işğalçıları atəşkəsi pozaraq tez-tez Azərbaycan mövqelərini atəş altında saxlayırlar.Düzdür, buna görə layiqli cavablarını da almaqda davam edirlər. Lakin 3 gün davam edən və işğalçının tam məğlubiyyətilə başa çatan, sonradan dayandırılan döyüşlər bir daha əyani şəkildə göstərdi ki, Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini bir zərbə ilə darmadağın etmək gücündədir. 

Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları göstərdi ki, dövlətimiz mövcud vəziyyətin bundan sonra da status-kvo vəziyyətində qalmasına razılıq verməyəcək. Atəşkəsin kövrək olması fonunda bəs, vasitəçilər münaqişənin həlli istiqamətində nəhayət ki, əməli addımlar ata bilərlərmi? Politoloq Elxan Şahinoğlu bu qənaətdədir ki, son hadisələrdən sonra konfliktin həlli üzrə vasitəçilər artıq real addımlar atmaq istiqamətində hərəkətə keçməli olacaqlar: "Vasitəçilər artıq konfliktin həlli istiqamətində real addımlar atmağa məhkumdurlar. Onlar əvvəlki tək yenə də bölgəyə ancaq turist kimi səfərlərini davam etdirsilər, müharibənin yenidən alovlanacağı qaçılmasdır.  Müharibənin yeganə alternativi Ermənistanı ilk mərhələdə 5 rayonu işğaldan azad etməyə razı salmaqdan ibarətdir.  Əks halda atəşkəs yenə də pozulacaq. Müharibə yenidən başlayacaq. Azərbaycan cəmiyyətindəki ruh yüksəkliyi də ondan xəbər verir ki, ölkəmiz torpaqlarının işğalı ilə barışan deyil. Çünki son döyüşlərin müsbət nəticələrini görüb.  Ona görə də həmsədrlərin münaqişənin həllini sürətləndirməkdən başqa alternativləri  yoxdur. Düzdür, onların buna gedəcəyinə tam əmin də olmaq olmaz. Qurum 22 ildir ki, məsələni uzatmaqla məşğuldur. Amma buna baxmayaraq, özlərinə də aydındır ki, məsələnin daha bir neçə ay uzadılması və bu fonda Ermənistana heç bir təsir edilməməsi halında atəşkəs yenidən pozulacaq. Ermənistanın sentyabrda ölkəsində keçirilən seçkiləri bəhanə edərək yenidən həll prosesinin ləngidilməsinə çalışacağı da istisna deyil.  Amma ermənilərə inanmaq olmaz. Həll prosesi heç bir halda seçkilərlə bağlı olmamalıdır.  Düşünmürəm ki, Azərbaycan hakimiyyəti, siyasi dairələr və cəmiyyəti artıq bundan sonra Ermənistana çox vaxt versin".Politoloq Mais Gülalıyev isə hələ də vasitəçilərin prosesdə real addımlar atacağına inanmır: "Vasitəçilər indiki situasiyada münaqişənin həlli istiqamətində real addımlar atmalıdır və ata bilərlər də. Ancaq bunu etməyəcəklər. Atəşkəs həqiqətən də olduqca kövrəkdir. Azərbaycanın torpaqları işğal olunub və ermənilərin onu geri qaytarmaq niyyəti də yoxdur. Bununla bahəm, həyasızcasına təxribat etməkdə də davam edirlər. Torpaqlarımızı işğal etmələri fonunda üstəlik dünyaya da car çəkirlər ki, qoymayın bizi Azərbaycan əsgərləri vurdu. Azərbaycan Ordusuna eşq olsun, dövlətimizə, Ali Baş Komandana eşq olsun. Sözün həqiqi mənasında bu anda çox cəsarətli addım atdılar. Çünki beynəlxalq təşkilatların təzyiqləri fonunda bu addımı atmaq böyük cəsarət tələb edir və Ali Baş Komandan da bu cəsarəti göstərdi. Belə bir anda beynəlxalq təşkilatların atəşkəs çağırışları ilk baxışdan humanist görünür. Onların çağırışına da Azərbaycan dövləti müsbət cavab verərək atəşkəs elan etdi. Ancaq onlar da işğal olunmuş torpaqların geri qaytarılması istiqamətində bir addım atmalı, bunun üçün Ermənistanı məcbur etməlidirlər. Baş verən hadisə bir daha göstərdi ki, Azərbayan cəmiyyəti nə qədər vətənpərvərlik ruhunda köklənib. İnsanlarımız səfərbər olunmağa da hazırdır. ATƏT də zəhmət çəkərək öz vəzifəsini yerinə yetirməlidir. Digər beynəlxalq təşkilatlar, BMT də zəhmət çəkib beynəlxalq hüququn qorunmasına töhfə verməlidirlər. Qan tökməyi heç kəs istəmir. Azərbaycan xalqı qədimdən mentalitet nöqteyi-nəzərdən dava salmağa, qan tökməyə o qədər də meylli millət deyil. Amma öz torpağını da kiməsə vermək fikrində də deyil. Dinc oturmağımızdan istifadə edib torpaqlarımızı işğal edəcək, sonra da deyəcəklər ki, gəlin atəşkəs elan edək. Bu da olmaz. Azərbaycan son hərəkəti ilə onu göstərdi ki, vasitəçilər real addım atmadığı təqdirdə məcbur olub torpaqlarımızı işğaldan özümüz azad edəcəyik. Lakin vasitəçilər yenə də çalışacaqlar ki, prosesi uzatsınlar. Müxtəlif görüşlər keçirməklə zamanı uzatmağa, insanların mübarizlik ruhunun səngiməsinə çalışacaqlar. Amma Azərbaycan da artıq onlardan qəti çəkildə tələb edəcək ki, konkret addımlar atsınlar. Konkret addımlar olmasa, atəşkəs kövrək olaraq qalacaq. Heç olmasa, ilkin variantda mərhələli həll kimi 5 rayonun geri qaytarılmasına nail olmaq lazımdır. Bu 5 rayon məsələsi hazırda həlli çox yaxınlaşmış bir məsələdir, ATƏT də buna dəstək verməlidir".


Sizin Reklam Yeriniz