Əlaqə Arxiv
news Image
2016.04.08
09:15
| A A A
Ermənistan tam ifşa olundu
Rasim Ağayev: “Avropa, Amerika, Rusiyada da artıq BMT qətnamələrini həyata keçirməyin lazım olduğundan danışmağa başlayıblar” Azər Həsrət: “Müşahidə edirik ki, ölənlərin əksəriyyəti Ermənistanda dəfn edilir”

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində ermənilərin ciddi itkilərə məruz qaldığı heç kimə sirr deyil. Baş vernələr fonunda o da bir daha təsdiqini tapır ki, işğal olunmuş ərazilərimizdə öldürülənlər daha çox Ermənistan vətəndaşlarıdır. Hətta öldürülən ermənilərin basdırılması mərasiminə diqqət yetirdikdə də görürük ki, onlar məhz Ermənistanda dəfn edilirlər.

Ermənistan bununla öz hərbçilərini Qarabağda yerləşdirdiyini bir daha sübuta yetirir. Belədə, bir daha təsdiqini tapdı ki, Ermənistan özünün də imza atdığı beynəlxalq qanunlara, dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipinə zidd hərəkət edir. Bu isə beynəlxalq prinsiplərə görə, Ermənistanın cəzalandırılmasını nəzərdə tutmalıdır. İrəvana qarşı başqa dövlətin ərazisində öz qoşunlarını yerləşdirdiyinə görə sanksiyalar tətbiq olunmalıdır. Lakin bu günə qədər həmin məsələ ilə bağlı olaraq İrəvana beynəlxalq qurumlar, dünya dövlətləri tərəfindən hər hansı bir real təzyiqlər edilməyib.

Politoloq Rasim Ağayev hələlik Ermənistana sanksiyaların tətbiqi üzrə real addımların atıla biləcəyini zənn etmir: "Əslində, Azərbaycan ərazisinin bir hissəsini işğal edib orada öz qoşunlarını qanunsuz olaraq yerləşdirən Ermənistana qarşı 23 il bundan əvvəl real addımlar atılıb. BMT Təlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, ona əsasən də Ermənistan qoşunları ərazilərimizdən çıxmalıdırlar. Yəni bu istiqamətdə artıq qərar var, amma o bir həqiqətdir ki, bu günə qədər qərar yerinə yetirilməyib. Məsələn, vaxtilə Səddam Hüseyn Küveyti tutanda ABŞ başda olmaqla Qərb İraqa qarşı sanksiyalar və ardınca da hərbi əməliyyatlar tətbiq edərək oradan Bağdad qoşunlarının çıxarılmasına nail oldu. Amma Ermənistana münasibətdə bunu müşahidə etmirik.

Ermənistan qoşunlarının işğal olunmuş torpaqlarımızdan çıxarılmasına dair ortalıqda qətnamələr olsa da, nə beynəlxalq güclər qətnamələrin icrası üçün İrəvana təzyiq edir, nə də bunu bizim etməyimizə imkan verirlər. Ermənistan dövləti yaranandan xristian dünyası ona özlərinin bir forpostu kimi baxıb. Vaxtilə ermənilər məhz onların gücü ilə çalışdılar ki, Türkiyəni dağıdıb, onun ərazisində özlərinə böyük dövlət yaratsınlar. Ermənistan adlı dövləti də beləcə faktiki olaraq sovet hökuməti yaratdı. Sovetlər başa düşürdülər ki, ermənilər əlacsızdırlar və ona görə də həmişə Moskvaya tabe olacaqlar. Elə də oldu. Ermənilər də həmişə o yolu tutublar ki, mövcud böyük gücə qulluq etsinlər və ondan da istifadə edərək başqa torpaqlar hesabına özlərinə dövlət yaratsınlar. Bizans, Osmanlı dövründə də belə olub, ona görə də ermənilər sata-sata gedirlər. Bizansı, Türkiyəni, sonda da Sovet İtifaqını satdılar. Tezliklə görəcəyik ki, Rusiyanı da satırlar.

Dediyim kimi, Ermənistan qoşunlarının işğal etdiyi torpaqlardan çıxması ilə bağlı BMT-nin 4 qətnaməsi var. Amma bu günə qədər həmin qətnamələr həyata keçməyib. Bunu ABŞ, Rusiya etməlidir. Amma etmirlər. Çünki indiki halda ermənilər onlara öz planlarını həyata keçirmək üçün lazımdır. Onlar müsəlman ölkələrinin yerləşdiyi ərazidə bir xristian anklavı yaradıblar ki, lazım gələndə onun vasitəsilə Türkiyəyə, İrana, Azərbaycana təsir göstərsinlər. Lakin indi situasiya Qərbi Avropa və Rusiya üçün də dəyişir. Ermənilər də bu fonda onlara maneə olur. Geosiyasi baxımdan artıq Ermənistan zəifləyib. Təsadüfi deyil ki, Avropa, Amerika, Rusiyada da artıq BMT qətnamələrini həyata keçirməyin lazım olduğundan danışmağa başlayıblar. Yəni, ermənilərin hesab vermək zamanı gəlib".

Siyasi şərhçi Azər Həsrət də təəssüflə qeyd etdi ki, dünya ictimaiyyəti hələlik bu məsələyə ikili standartlardan yanaşır. Amma bununla belə biz də mübarizəmizi davam etdirməliyik: "Təbii ki, Azərbaycan Dağlıq Qarabağ ərazisində özgə dövlətin, konkret olaraq Ermənistan qoşunlarının olması və ölənlər arasında məhz həmin işğalçı ölkə vətəndaşlarının olması faktından ciddi şəkildə istifadə etməlidir. Uzun illərdir, dünyaya sübut etməyə çalışırıq ki, Azərbaycan ərazisindəki silahlılar əslində, Ermənistanın nizami ordusunun üzvləridir. Amma dünya bu məsələlərə ikili standartdan yanaşdığından haqq səsimizi eşitmək istəmir.

İndiki halda öldürülən erməni əsgərlərinin məhz Ermənistan vətəndaşı olması faktı əsasında kifayət qədər dəlillər toplamaq mümkündür. Müşahidə edirik ki, həmin ölənlərin də əksəriyyəti Ermənistanda dəfn edilir. Bu faktları bir araya toplamaqla beynəlxalq ictimaiyyətə bir daha sübut etməliyik və onları fakt qarşısında qoymalıyıq ki, Azərbaycan torpaqları məhz Ermənistan adlanan dövlət tərəfindən işğal edilib. Yəni Qarabağda Ermənistan ordusunun olmaması barədə deyilənlər əsassızdır, nağıldan başqa bir şey deyil. Burada əsas olan Azərbaycanın qətiyyətli mövqeyidir.

Fikir vermisinizsə, fəal hərbi əməliyaytlar başlayandan sonra dünya Azərbaycanla hesablaşmağa məcbur oldu. Bu vaxta qədər Azərbaycanı eşitmək, problemimizi dinləmək istəmirdilər. Amma cəbhə xəttində fəal hərbi əməliyyatlar başlayandan üzü bəri Azərbaycan Ordusu ermənilərə layiqli cavab verdi. Dünya da narahat oldu ki, belə getsə, ordumuz bütün Qarabağı ermənilərdən təmizləyəcək. Ona görə də Azərbaycanla hesablaşmağa məcbur oldular. Bu fonda bildirirəm ki, Azərbaycan artıq güclü və diqtə edən tərəfdir. Belə bir məqamda Ermənistan əsgərlərinin torpağımızda vuruşduğu haqqında beynəlxalq ictimai rəyə fikirlərimizi çatdırmaqda da çətinlik çəkməyəcəyik. Hər birimiz bir əsgərik. Hər birimizin üzərinə vəzifə düşür ki, bu həqiqəti dünyaya çatdıraq".

Sizin Reklam Yeriniz