Əlaqə Arxiv
news Image
2016.04.07
22:00
| A A A
Almaniya deputatları: Dağlıq Qarabağda hadisələrin hərbi qarşıdurma müstəvisində inkişafına son qoyulmalıdır

Almaniya parlamentinin deputatı və Almaniya-Cənubi Qafqaz parlament işçi qrupunun rəhbəri Karin Ştrenz, millət vəkili və qrupun həmsədri Yohannes Kars Daqlıq Qarabağ regionunda yaranmış və son günlər ən yüksək şiddət dərəcəsinə çatmış silahlı toqquşmalarla bağlı açıqlama veriblər.


Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Movqe.az-a verilən məlumata görə, açıqlamada bildirilir ki, hadisələrin hərbi qarşıdurma müstəvisində inkişafına qısa müddət ərzində son qoyulmalıdır. Bu münaqişənin səbəb olduğu heç bir silahlı atışma, heç bir yaralanma və insan ölümünə yol verilməməlidir.


Almaniya Federativ Respublikası bu il Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edir. Deputatlar ATƏT və ona aid Minsk qrupu çərçivəsində lüzumsuz insan ölümlərinin qarşısını almaq üçün danışıqların davam etdirilməsini tələb edirlər. Almaniya Federativ Respublikası bu il münaqişə regionunda dramatik vəziyyətin yumşaldılması və aradan qaldırılması üçün öz məqsədyönlü töhfəsini vermək üçün böyük şansa malikdir. Baş vermiş son dağıdıcı döyüşlər bunun mütləq lazım olduğunu göstərdi.


BMT- Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələr (822, 853, 874 və 884 saylı) beynəlxalq hüquq normalarının pozulmasının başa çatdırılmalı olduğunu əks etdirir.


K.Ştrenz deyib ki, hazırkı vəziyyət beynəlxalq hüququn tələblərinə uyğun deyil və kəskin şəkildə pislənir: "Parlament işçi qrupu Cənubi Qafqaz regionunda zorakılığın dayandırılması üçün bu qətnamələrin icrasını dəstəkləyir. Danışıqlar masasına qayıtmaq üçün atəşkəsin tam təmin edilməsi lazımi şərtdir. Azərbaycan tərəfinin atəşi birtərəfli qaydada dayandırması bəyanatını müsbət qiymətləndirir və ümid edirik ki, bu, mövcud vəziyyətdə gərginliyin azaldılmasına gətirəcək. Atəşkəs rejiminə hər iki tərəfdən ciddi əməl edilməlidir".


Y.Karsın sözlərinə görə, əsas məqsəd odur ki, bu "dondurulmuş münaqişə" atəşkəs bərpa edildikdən sonra öz dayanıqlı həllini tapsın və Almaniya Xarici İşlər Nazirliyi və xarici işlər naziri Frank-Valter Staynmayer bunun üçün lazımi təşəbbüsü öz üzərinə götürsün".


Almaniya parlamentində Almaniya-Cənubi Qafqaz parlament işçi qrupu dayanıqlı sülh danışıqları üçün həm münaqişə tərəflərinin nümayəndələri ilə, həm də beynəlxalq vasitəçilərlə danışıqların davam etdirilməsinin tərəfdarıdır.


"Müvafiq parlamentlərlə əməkdaşlığın davam etdirilməsi ilə yanaşı, Dağlıq Qarabağdakı vəziyyət parlament işçi qrupu üçün xüsusi əsas mövzunu təşkil edir. Biz sülh münasibətlərinin formalaşması prosesinin sürətləndirilməsi üçün öz səylərimizi göstəririk. Bu, şübhəsiz, müstəsna çətinlikləri əhatə edir. Qəbuledilməz vəziyyətin aradan qaldırılması üçün yolların tapılması ATƏT-ə sədrliyimiz dövründə bizim mənəvi borcumuzdur", - deyə deputatlar fikirlərini yekunlaşdırıblar.

Sizin Reklam Yeriniz