Əlaqə Arxiv
news Image
2016.04.09
07:00
| A A A
Qarabağ münaqişəsi ermənilərin ən böyük kabusuna çevrilir
Elşən Mustafayev: “Cəbhə xəttində erməni ordusunun ağır itkilərə məruz qalması Ermənistanda etiraz dalğasının daha da güclənməsinə gətirib çıxara bilər” Hikmət Hacızadə: “Artıq getdikcə daha çox Ermənistan sakini anlayır ki, Dağlıq Qarabağ heç zaman onların olmayıb və olmayacaq da”

Ermənistanın işğalçı ordusunun cəbhə xəttində ağır məğlubiyyətə uğraması bu ölkənin əhalisi arasında Serj Sarkisyan hakimiyyətinin yeritdiyi Qarabağ siyasətinə qarşı da narazılığının artmasına gətirib çıxarır. İndi Ermənistanda getdikcə daha çox adam Dağlıq Qarabağ ərazisinin Azərbaycan torpağı olduğunu etiraf etməyə və bu fonda da erməni qoşunlarının oradan çıxarılmasını tələb etməyə başlayır.

Bu, onu göstərir ki, Sarkisyan hakimiyyəti əvvəllər ancaq iqtisadi çətinliklərlə üzləşən əhalinin narazılığı ilə qarşılanırdısa, indi getdikcə daha çox dərəcədə onun Qarabağ siyasətindən narazı olanların sayı artmağa başlayır. Deməli, Sarkisyan son hərbi əməliyyatlarla nəinki təkcə döyüş meydanında ağır zərbə almayıb, həm də ölkə daxilində yürütdüyü qəsbkarlıq siyasətinə etiraz edənlər də çoxalmaqdadır. Belədə, Ermənistanda hazırkı rejimin dayaqlarının daha da sarsılacağı qaçılmazdır. Bəs, Ermənistanda hakimiyyətin Qarabağ siyasətindən narazılığın artması münaqişə ilə bağlı sonrakı duruma nə vəd eir?

Politoloq Elşən Mustafayevin fikrincə, Ermənistanda hakimiyyətin Qarabağda yürütdüyü siyasətdən narazılığının artması və getdikcə daha çox erməni vətəndaşının həmin ərazini Azərbaycan torpağı kimi tanıması ən azından münaqişənin həlli ilə bağlı danışıqların daha intensiv xarakter almasına gətirib çıxara bilər: "Erməni təbliğatını nəzərə almasaq, hətta yeni əsrin əvvəllərindən başlayaraq Ermənistan vətəndaşları arasında Dağlıq Qarabağ konflikti lazımsız və əhəmiyyətsiz bir mövzuya çevrilmişdi. Hazırda Ermənistan əhalisini daha çox düşündürən onların gündəlik dolanışığı, gündəlik güzəranı ilə bağlı olan məsələlərdir, nəinki dünyada tanınmayan və özlərinə də xeyir gətirməyən Dağlıq Qarabağ problemi.

Sadəcə olaraq, problemin bu günə qədər davam etməsində Ermənistanda bu dalğa fonunda hakimiyyətə gələn Robert Köçəryan və Serj Sarkisyan klanının əli var. Amma problemin çözülməməsinin başlıca səbəbi Rusiya amili ilə bağlıdır. Rusiya hələ də problemin həll edilməsində maraqlı deyil. Çünki, postsovet məkanında bu problemləri yaratmaqda Rusiyanın məqsədi vardır. Ona görə də həmin problemlər bu və ya digər mənada Rusiya tərəfindən yaradılıb və indiki zamanda onun həlli Moskvaya əl vermir.

Ermənistana gəldikdə, zaman-zaman insanlar Qarabağla bağlı hökumətlərinin yürütdüyü siyasətə etirazlarını bildiriblər. Cəbhə xəttində erməni ordusunun ağır itkilərə məruz qalması isə bu etiraz dalğasının daha da güclənməsinə gətirib çıxara bilər. Bunların hamısı ona gətirib çıxarır ki, Ermənistanda getdikcə daha çox insan Qarabağın onlara lazım olmadığını düşünməyə başlayır. Çünki bu problemin onlara gətirdiyi bəlaları bilirlər və bu yaxınlarda bir daha əyani olaraq bunu gördülər. Sarkisyanın Qarabağ siyasətindən ölkə daxilində narazılığın artması fonunda ola bilsin, Ermənistanda Moskvanın iradəsinə zidd olaraq iqtidar dəyişsin. Bu ölkədə prezident seçkilərinə az qalıb. İndiki hakimiyyət güman ki, yenə də Qarabağ klanından digər başqasının namizədliyini irəli sürəcək. Amma ölkədə baş alıb gedən səfalət və iqtidarın Qarabağ siyasətindən narazı olan əhali Moskvanın da iradəsi əleyhinə çıxaraq iqtidara tamamilə başqa bir adamın da gətirilməsinə nail ola bilərlər. Amma bu da o demək deyil ki, indiki halda Qarabağ problemi yüzdə-yüz Azərbaycanın xeyrinə həll olunacaq. Ən azından problemin həllilə bağlı indikindən daha intensiv danışıqlar aparıla bilər. Baş verən döyüşlərdə hər zaman erməni tərəfinin canlı qüvvə sarıdan itkiləri çox olub. Eyni zamanda, ölkə əhalisi acınacaqlı durumdadır. İqtisadi çətinliklərlə üz-üzə qaldıqları fonda, onlara heç bir xeyir gətirməyəcək, əksinə problemlərinin üzərinə yenisini əlavə edən Qarabağ məsələsi fonunda erməni əhalisinin hakimiyyətdən narazılığı daha da artır. Son əməliyyatların nəticəsi olaraq yaxın zamanlarda Ermənistanda ciddi etiraz dalğasına start veriləcək. Cəbhədə canlı qüvvə sarıdan verdikləri itkilərinin dəqiq sayı üzə çıxandan sonra əhali burada Sarkisyandan bunların hesabını soracaq".

Politoloq Hikmət Hacızadə də bu qənaətdədir ki, haqqında söhbət açdığımız məqam problemin həllinin sürətlənməsinə təkan verən amillərdən biridir: "Ermənistanda bilirsiniz ki, uzun illərdir, hakimiyyətdə Qarabağ klanıdır. Köçəryanın ardınca hakimiyyətə gələn Sarkisyan da məhz Qarabağ kartı fonunda iqtidara gələn həmin klanın üzvləridirlər. Hansı ki, yerli Ermənistan əhalisi arasında bu klanın hakimiyyətindən narazılıq ildən-ilə artıb.

İndiki şəraitdə Azərbaycan Ordusunun əldə etdiyi qələbələr Ermənistan əhalisini daha artıq dərəcədə məyus edib. Əvvəllər Ermənistan sakinlərinin hakimiyyətdən narazılığı əsasən özünü iqtisadi sferada olan acınacaqlı durumla bağlı olaraq göstərirdisə, indi bu narazılıq özünü daha çox Qarabağ məsələsi ətrafında göstərməyə başlayır. İtkiləri artdıqca, Azərbaycan Ordusunun gücünü hiss etdikcə, ermənilər də Qarabağ probleminin həll edilməmiş qalmasının onlara daha ağır məhrumiyyətlər gətirdiyini ciddi şəkildə hiss etməkdədirlər. Artıq getdikcə daha çox Ermənistan sakini anlayır ki, Dağlıq Qarabağ heç zaman onların olmayıb və olmayacaq da. Bu fonda da Ermənistan qoşunlarının oradan çıxarılmasını tələb edənlərin sayı artır.

Ermənistanda belə bir fikrin geniş vüsət almasının münaqişənin sonrakı gedişinə təsirinə gəldikdə, düşünürəm ki, hər halda bu tendensiya həll prosesinin sürətlənməsinə bir stimul verə bilər. Amma bunun üçün Ermənistan hökumətinin Qarabağ siyasətindən narazı olan ermənilərin sayı daha da artmalıdır. Azərbaycan Ordusunun daha da güclənməsi və növbəti qələbələri Ermənistanda bu narazı kütlənin sayının daha da çoxalmasına şərait yaradacaq. Lakin başqa bir tərəfdən, konfliktin həlli heç də Ermənistanın özündən asılı deyil. Burada əvvəllər olduğu kimi başlıca rolu şimaldan gələn külək oynamaqda davam edir. Bu amili də unutmamalıyıq".



Sizin Reklam Yeriniz