Əlaqə Arxiv
news Image
2016.04.09
08:00
| A A A
Dünya üçün Azərbaycanın tranzit əhəmiyyəti artır
Əli Əlirzayev: “Şimal-Cənub” nəqliyyat dəhlizi böyük siyasi və iqtisadı əhəmiyyətə malikdir, Azərbaycan, Rusiya və İran arasında əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək”. Samir Əliyev: “Tranzit ölkə baxımından “Şimal-Cənub” nəqliyyat dəhlizinin bizim üçün əhəmiyyəti böyükdür”

Bakıda keçirilən Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşündə "Şimal-Cənub nəqliyyat dəhliz"i də müzakirə olunub. Bu barədə açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, üç ölkə XİN rəhbərləri "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması layihəsinin reallaşdırılması məsələsinin bu dövlətlərin müvafiq qurumları tərəfindən kompleks şəkildə öyrənilməsi üzrə razılığa gəliblər. Onun sözlərinə görə, tərəflər layihənin reallaşdırılması məsələsini əyani öyrənəcəklər.

Qeyd edək ki, bu 3 ölkə arasında tranzit əlaqələrində dəmir yolu aparıcı yer tutur. Daşıma sahəsində dəmir yolu nəqliyyatının gördüyü işin miqyası genişdir. Yük dövriyyəsinin xeyli hissəsini ölkənin dəmir yolları təmin edir. Bu mənada "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi regionun iqtisadi gələcəyi üçün böyük əhəmiyyətə malikdir.

Bu dəhlizin reallaşması Azərbaycana nə vəd edir?

İqtisadçı alim Əli Əlirzayev bildirdi ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin işə düşməsi Azərbaycanın regionda əhəmiyyətinin artacağına bir işarədir: "Azərbaycanın "Şimal-Cənub" nəqliyyat dəhlizinə qoşulması və bu yolla yük və sərnişin daşımalarında fəal iştirakı respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən, tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərin artmasına gətirib çıxaracaq.

Bu layihənin gerçəkləşməsilə ölkənin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaranacaq. Bir sözlə, "Şimal-Cənub" nəqliyyat dəhlizi böyük siyasi və iqtisadı əhəmiyyətə malikdir, Azərbaycan, Rusiya və İran arasında əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev qeyd etdi ki, sözügedən nəqliyyat dəhlizi Azərbaycanın tranzit ölkə olaraq əhəmiyyətini artıracaq: "Ümumiyyətlə, "Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşmasına həmişə qeyri-neft sektorunun inkişafı kontekstində baxırıq. Çünki dəfələrlə vurğulamışıq ki, neftdən asılılığı azaltmaq lazımdır. Hansı ki, indi bu istiqamətdə müəyyən təşəbbüslər var.

Çindən Ukraynaya qədər olan ərazini əhatə edəcək nəqliyyat dəhlizinin yaradılması haqqında təşəbbüsü var. İran, Azərbaycan və Rusiya qonşu ölkədir və ölkəmiz onlar arasında mərkəzdə yerləşir. Deməli, tranzit ölkə baxımından "Şimal-Cənub" nəqliyyat dəhlizinin bizim üçün əhəmiyyəti böyükdür. Bu da ölkəmizin əlverişli coğrafi mövqeyə malik olması ilə bağlıdır. Həmin nəqliyyat dəhlizinin istifadəyə verilməsi Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracatını da stimulalşdıra bilər. Bu nəqliyyat dəhlizi ölkəmizin neftdən asıllığını azaldır, Azərbaycanı mühüm əhəmiyyətli coğrafi və tranzit bir məkana çevirir.

"Şimal-Cənub" nəqliyayt dəhlizi fonunda "Şərq-Qərb" dəhlizi də ona qoşulmaqla Çindən gələn mallar Azərbaycandan keçərək Ukraynaya qədər gedəcək. Yəni Azərbaycan bu layihə ilə mühüm dəhliz rolunu oynayacaq. Bütün hallarda isə bu istiqamətdə qoyulan məqsədə nə dərəcədə çatılacağını ancaq zaman göstərəcək".

Sizin Reklam Yeriniz