Əlaqə Arxiv
news Image
2016.04.09
09:15
| A A A
İşğal altındakı ərazilərin qaytarılmasına start verilir?!
Natiq Miri: “Postsovet məkanının Dnestryanı münaqişəsindən başqa bütün bölgələrdəki konfliktlər zaman-zaman aktivləşdirilib” Aydın Ağayev: “Mövcud şərait bu cür diplomatik canlanmaya səbəb olubsa, o şəraitin dəyişməsinə qətiyyən imkan vermək lazım deyil”

"Dağlıq Qarabağdakı böhranın aradan qaldırılması üçün bütün komponentlər praktiki olaraq mövcuddur". Bunu Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin Bakıdakı görüşündən sonra təşkil olunmuş birgə mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov deyib.

Qeyd edək ki, təmas xəttində baş verən son olaylardan və Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından sonra məhz Rusiyanın vasitəçiliyi ilə Moskvada münaqişə tərəfləri arasında atəşkəs haqqında razılıq əldə edildi. Bunun ardınca, Rusiya XİN rəhbəri Lavrov Bakıya, bu ölkənin hökumət başçısı Dmitrii Medvedyev isə İrəvana səfər etdi. Lavrov burada keçirilən görüşün nəticəsi olaraq da bəyan eib ki, böhranın aradan qaldırılması üçün artıq bütün komponentlər mövcuddur. Bu fonda demək olarmı ki, Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə start verilir?

Politoloq Natiq Miri bildirdi ki, əslində, Kreml münaqişənin tam olaraq həllində maraqlı deyil və bütün addımları da məhz ona hesablanıb ki, mövcud problem heç zaman bitməsin: "Qarabağ cəbhəsində ermənilər vasitəsilə başladılan savaş konkret Rusiyanın geosiyasi maraqlarına xidmət edir. Bu savaşlar zaman-zaman olub. Postsovet məkanının Dnestryanı münaqişəsindən başqa bütün bölgələrdəki konfliktlər zaman-zaman aktivləşdirilib. Təbii ki, münaqişənin çözümü Rusiyanın Cənubi Qafqaz ölkələrinə təsir imkanlarını sıfırlamış olacaq. Bu münaqişələrin varlığı Moskvanın bölgədə qalmasının sığortasıdır. Bu, həm də onun regionda digər güclərə qarşı geosiyasi mübarizəsinin vasitəsidir.

Bu günlərdə Rusiyanın baş naziri Ermənistanda oldu. Moskva Ermənistanın könlünü almaq üçün ona satdığı qazın qiymətini 165 dollardan 150 dollara saldı. İndiki şəraitdə Qərbdən fərqli olaraq Rusiya yetimin papağını əlindən alıb, sonra yenidən özünə qaytarmaqla onu sevindirə bilir. Qərbdə isə bunu bacarmırlar.

Rusiya bu oyunu bitirmək fikrində deyil və heç vaxt da bitirməyəcək. Fikir verdinizsə, Azərbaycan Rusiyasız, Minsk qrupu olmadan problemini spontan olaraq güc yolu ilə həll etməyə girişmişdi. Bu da ölkəmizin imkanları çərçivəsində idi. Erməni ordusu pərən-pərən düşmüşdü, qaçırdı. İndi isə sülh yolu ilə Dağlıq Qarabağ ətrafı bir neçə rayon həqiqətən də qaytarılarsa, bunun müqabilində Moskvanın Azərbaycandan istəkləri olacaq".

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri

Aydın Ağayev qeyd etdi ki, Moskvanın vasitəçiliyi ilə konfliktin həllinə start verilib-verilmədiyini yaxın zamanlarda biləcəyik: "Problemin aradan qaldırılması bizdə hamını düşündürən məsələdir. Lavrovun təklifləri dedikdə fikrimcə, əvvəlki illərdə tərəflərə təqdim və müzakirə olunan, lakin razılaşdırıla bilinməyən ideyalardan gedir. Bunlar bizə bu və ya digər dərəcədə bəllidir. Söhbət bir neçə il öncəki müzakirələrdən gedirsə, zənnimcə, burada bir fərqə diqqət yetirmək gərəkdir. Görüş və müzakirələrin keçirildiyi atmosfer.

Azərbaycanın indi əldə etdiyi uğurlu hərbi əməliyyatlarından sonra yaranan atmosfer 3-4 il bundan öncəki atmosfer deyil. Diplomatiyanın uğurlu təmini üçün güc faktoru həmişə önəmli məsələdir. Azərbaycan öz gücünü kifayət qədər göstərdi. Dünya, həmsədrlər, düşmənin özü də buna şahid oldu. Müzakirə və təkliflərin indiki şəraitdə hansı korrektlərə məruz qalmasını heç kəs bilmir. Amma hər halda diqqətimi cəlb edən odur ki, indi şərait başqadır. O şəraitdir ki, artıq həmsədrlər, düşmən də Azərbaycanın mövcud vəziyyətlə barışmayacağını bilir. Münaqişə ətrafında nizamlama prosesini də mənasız get-gəl diplomatiyasının ümumi sözlərindən ibarət olan bəyanatları ilə artıq ötüşmək olmaz. Proses ətrafında ciddi müzakirələr gedir, o səbəbdən gözləntilər də ciddidir. Amma onu da nəzərə almalıyıq ki, proses hələ çox çəkəcək. Birdən-birə bütün məsələlər üzrə hansısa kardinal razılığa gəlmək uzun prosesdir. Lakin prosesin indiki şəraitdə başlaması dediyim kimi daha diqqətçəkicidir. Ona görə də Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə start verilib-verilmədiyini yaxın vaxtlarda biləcəyik.

İndi baxır, prosesdə hansı tendensiyalar, hansı yeni məqamlar yaranır. Hər halda mövcud şərait bu cür diplomatik canlanmaya səbəb olubsa, o şəraitin dəyişməsinə qətiyyən imkan vermək lazım deyil".



Sizin Reklam Yeriniz