Əlaqə Arxiv
news Image
2016.04.10
12:30
| A A A
Türkiyə ilə İsrail barışır

Altı il öncə türklərin mühasirədə olan Qəzza bölgəsinə yardım aparan "Mavi Marmara" gəmisinə İsrail komandoslarının hücumunadək bu iki ölkə regional müttəfiqlər idi.


"Mavi Marmara"ya hücumda 10 türk fəalı öldürülmüşdü. Olaysonrası illər qarşılıqlı sərt ittihamlar və söz savaşıyla keçdi. Yalnız ötən ilin dekabrında, ardından - bu ilin fevralında buzları əritmək istəyən hər iki ölkə təmsilçiləri Cenevrədə bir araya gəliblər.


Milli.Az azadliq.org-a istinadən bildirir ki, ötən həftə Londonda gerçəkləşən son görüşdən sonra Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, bu yaxınlarda yekun razılığa gəlinəcək. Baş nazir Ahmet Davutoğlu "Vatan" qəzetinə müsahibəsində danışıqlarda önəmli irəliləyişin əldə olunduğunu söyləyib. Adının açıqlanmasını istəməyən bir İsrail rəsmisi də fikir ayrılıqlarının xeyli azaldığını bildirib.


London görüşünə Türkiyə xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu, İsrail baş nazirinin müşaviri Joseph Ciechanover və milli təhlükəsizlik müşaviri Jacob Nagel qatılıblar.


RUSİYA AMİLİ MÜNASİBƏTLƏRİ NORMALLAŞDIRMAĞA RUHLANDIRIR


"Mavi Marmara" olayından bəri Türkiyə münasibətlərin düzəlməsi üçün üç şərt irəli sürmüşdü. Bu şərtlərdən biri kimi - 2013-cü ildə İsrailin Türkiyədən üzr istəməsindən sonra çoxları yaxınlaşmanın baş verəcəyini düşünmüşdü. Ancaq növbəti il İsrailin Qəzzada genişmiqyaslı hərbi əməliyyata başlaması ümidləri alt-üst etdi.


Ankaranın başqa bir şərtində - "Mavi Marmara" qurbanlarına kompensasiya məsələsində də irəliləyişin olduğu bildirilir.


Sonuncu - 3-cü şərtQəzzadan blokadanın götürülməsini nəzərdə tutur. Bu, çözümü ən çətin sayılan tələbdir. "Həmas"ın Qəzzada hakimiyyətə gəldiyi 2007-ci ildən bəri İsrail silah qaçaqmalçılığının qarşısını almaqadı ilə həmin bölgəni blokadada saxlayır.


Analitiklərin fikrincə, Ankaranın Təl-Əvivlə əlaqələri yoluna qoymaq istəyi Moskva ilə münasibətlərin kəskin pisləşməsindən qaynaqlanır. Türkiyənin təbii qaz ehtiyacının yarısı Rusiyanın payına düşdüyündən, indi Ankara gözünü İsrailin qaz ehtiyatlarına dikib.


Türkiyə prezident Recep Tayyip Erdoğan ötən həftə ABŞ-da səfərdə olarkən, terrorçuluğa və rasizmə qarşı mübarizə məsələlərinin müzakirəsi üçün yəhudi təşkilatlarının nümayəndələri ilə də görüşüb.


"Təəssüf ki, antisemit, islamofob, ksenofob hərəkatlar siyasətin həndəvərlərindən mərkəzinə keçib. Bunlara qarşı birgə mübarizə aparmalıyıq". Erdoğan görüşə qatılanlara üz tutaraq belə deyib.


Bundan əvvəlsə İsrail prezidenti Reuven Rivlin İstanbulda ötən ay baş vermiş terror aktında həlak olmuş yəhudilərə başsağlığına görə Erdoğan-a zəng edib, minnətdarlığını bildirmişdi.

Milli.Az

Sizin Reklam Yeriniz