Əlaqə Arxiv
news Image
2016.04.12
09:15
| A A A
Qarabağ sülh danışıqlarında yeni mühüm mərhələ
Elman Nəsirov: “Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən sonra münaqişənin həllilə bağlı prosesdə artıq yeni mərhələ başlanıb” Fikrət Sadıxov: “Erməni qoşunları işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyəcəksə, münaqişə yenidən alovlana, qanlı xarakter ala bilər”

Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib ki, həmsədr dövlətlər bu il danışıqların davam etdirilməsi istiqamətində yeni təkliflər irəli sürüblər: "Amerika Birləşmiş Ştatlarında olarkən Amerikanın siyasi rəhbərliyi ilə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə edilmişdir. Qeyd etmişlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bütün həmsədr ölkələr – ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

Qeyd edək ki, Azərbayan Ordusunun cəbhə bölgəsində həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra sanki Minsk qrupu həmsədr ölkələri də münaqişənin həlli istiqamətində fəallaşdıqlarını nümayiş etdirməyə çalışırlar. Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun fikrincə, 2016-cı ildə münaqişənin həllilə bağlı yeni situasiyanın şahidi olacağıq: "Cənab Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə dövlət başçısı Dağlıq Qarabağ münaqişəsilə də bağlı mövqeyini açıqladı. Xüsusilə də bu mövqe Ermənistan-Azərbaycan sərhədində işğalçı ermənilərin məlum insidentə əl atmasından sonrakı dövrə təsadüf etdiyindən xüsusi maraq doğururdu.

Cənab Prezident qeyd etdi ki, münaqişənin tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupunun fəallığı artmaqdadır və artıq onlar yeni təkliflərlə çıxış edirlər. 2009-cu ilin dekabr ayında ATƏT-in Minsk qrupu yeniləşmiş "Madrid prinsipləri"ni irəli sürdü. Belə olan vəziyyətdə yeni təkliflər dedikdə hesab edirəm ki, bu, daha çox konfidensial xarakter daşıyır və onun mahiyyəti hələlik geniş ictimaiyyət üçün açıqlanmır. Amma hər halda baza prinsipləri həmin yeniləşmiş "Madrid prinsipləri"dir. Həmin prinsipə görə də ilk növbədə söhbət Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad olunmasından gedir. Sadəcə, bu azad olunma prosesinin formatında müəyyən bu və ya digər taktiki yanaşmalar ola bilər. Yəni, "5+2" və digər variantlar nəzərdən keçirilə bilər. Ona görə hesab edirəm ki, indiki halda Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən sonra münaqişənin həllilə bağlı prosesdə artıq yeni mərhələ başlanıb. Bu mərhələdə diktə edən tərəf qismində Azərbaycan çıxış edir.

Beynəlxalq birlik və təşkilatların da mütləq əksəriyyəti bu prosesdə Azərbaycanın mövqeyini dəstəklədi. 3 həmsədrin hamısı, dünya ölkələrinin hər biri cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistandan savayı bütün dünya dövlətləri münaqişənin dinc yolla və ərazi bütövlüyü çərçivəsində həlli məsələsini irəli sürüblər. Eyni zamanda xalqların öz müqəddəratını təyin etmə prinsipi heç bir halda ərazi bütövlüyünün pozulması hesabına baş verə bilməz. Bu da Prezident İlham Əliyevin mövqeyidir ki, Ermənistan istisna olmaqla bütün beynəlxalq birlik tərəfindən dəstəklənir. Ona görə də düşünürəm ki münaqişənin həlli istiqamətində yeni şərait formalaşıb. Bu yeni şəraitdə də yəqin ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin intensiv fəaliyyətinin, ilk növbədə xarici işlər nazirləri səviyyəsində görüşlərin keçiriləcəyinin şahidi olacağıq. Nazirlər səviyyəsində əldə edilən razılaşmaların məntiqi davamı olaraq da prezidentlər arasında görüşlərin təşkili də yəqin ki, Minsk qrupu həmsədrlərinin əsas hədəflərindən biridir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, 2016-cı ildə münaqişənin həllilə bağlı yeni situasiyanın şahidi olacağıq. Bu yeni situasiyanın da Azərbaycanın qələbəsilə nəticələnəcəyini indidən proqnozlaşdırmaq mümkündür".

Politoloq Fikrət Sadıxov isə qeyd edir: "Hazırda cəbhə bölgəsində yaranan gərginlik fonunda həmsədrlər taktiki manevrlər edir. Bu fonda da güman ki, hansısa bir təkliflər irəli sürülüb. Söhbət təklifləri çoxluğundan gedə bilməz. Burada əsas məsələ odur ki, münaqişə hazırda Azərbaycanın işğal olunmuş torpaqlarında gedir. Yəni, ermənilər birdəfəlik ərazilərimizi tərk etməlidir.

Erməni qoşunları işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyəcəksə, münaqişə yenidən alovlana, qanlı xarakter ala bilər. Bunun nəticəsi isə çox acınacaqlı olacaq. Həmsədrlərin təkliflərinin nədən ibarət olduğunu deyə bilmərəm. Amma inanmıram ki, həmin təkliflər həll prosesində radikal xarakter daşısın".

Sizin Reklam Yeriniz