Əlaqə Arxiv
news Image
2016.04.12
09:52
| A A A
Misir televiziyasında Dağlıq Qarabağla bağlı veriliş - video

Aprelin 10-da Misirin nüfuzlu və geniş auditoriyasına malik "Dream" kanalında "Birinci buraxılış" adlı proqramın aparıcısı, politoloq Əhməd Muslimani sözügedən kanalda canlı yayımda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq, Misir ictimaiyyətinin diqqətini Azərbaycanın bu münaqişədə haqlı olduğuna çəkib.

 

Movqe.az xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyindən apa-ya verilən məlumata görə, Ə.Muslimani Misirin 2013-2014-cü illərdə müvəqqəti sabiq prezidenti olmuş Ədli Mənsurun dövründə Misirin prezident administrasiyasının mətbuat katibi vəzifəsində işləyib. Hazırda Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik "Əl-Masr-Əl-Yaum" və "Əl-Vatan" qəzetlərində yazıçı və siyasi şərhçi kimi məqalələri çıxır və qeyd olunduğu kimi Misirin "Dream" kanalında sözügedən proqramın aparıcısıdır. Ə.Muslimani aparıcısı olduğu verilişdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıq davam etdiyini, lakin iki ölkə arasında 1994-cü ildən atəşkəsin elan olunduğunu vurğulayaraq, 2016-cı ilin aprelin 2-də Ermənistan və Azərbaycan arasında atəşkəsin pozularaq, müharibə vəziyyətinə gətirildiyini qeyd edib. 




Politoloq atəşkəs dövrünün 22-ci ilində müharibənin yenidən başlanmasının həqiqətdə sual doğurduğunu bildirərək, Ermənistanın məsələyə öz prizmasından yanaşdığını qeyd edib, lakin Azərbaycanın mövqeyinin daha məntiqli olduğunu və beynəlxalq hüquq normalarına söykəndiyini diqqətə çatdırıb.Ə.Muslimanı Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycanın ərazisi bütövlüyü çərçivəsində, Azərbaycanın sərhədləri daxilində olduğunu xəritə vasitəsilə canlı yayımda ictimaiyyətə açıqlayaraq, həmin ərazilərin iyirmi ildən artıq Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bildirib. 


Ə.Muslimani sözügedən münaqişənin həlli ilə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü tələbin çox sadə olduğunu qeyd edib, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasının, bir milyon qaçqın və köçkünün öz doğma torpaqlarına yenidən qayıtmasının və müxtəlif xalqların dinc yanaşı yaşama şəraitində yaşamalarının təmin olunmasının həmin tələbdə öz əksini tapdığını vurğulaylb. 


Politoloq Ermənistanla Azərbaycan arasında baş verən son toqquşmaların beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkdiyini qeyd edərək, proqramda Azərbaycan xəritəsini əlindəki kağızda çəkərək, Azərbaycana qonşu olan ölkələrin adlarını və yerləşdikləri mövqeləri göstərmiş, daha sonra Dağlıq Qarabağ sözünün Azərbaycan dili mənşəli olduğunu və "qara bağ" mənasını daşıdığını, eyni zamanda Azərbaycanın sərhədləri daxilində olduğunu diqqətə çatdıraraq, qonşu Ermənistan tərəfindən işğal olunduğunu açıq-aşkar şəkildə ifadə edib. 


Ə.Muslimani Azərbaycanın haqlı mövqeyini ortaya qoyaraq, ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyon azərbaycanlının öz doğma torpaqlarından məcburi şəkildə çıxarılaraq, qaçqın və köçkün vəziyyətə düşdüyünü bir daha qeyd etmiş, sözügedən münaqişənin sülh yolu ilə həll olunması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxmasının və azərbaycanlı qaçqın və köçkünlərin yenidən öz doğma torpaqlarına qayıtmasının vacib olduğunu bildirib. 


Ə.Muslimani Azərbaycan tərəfinin həmçinin, münaqişənin dondurularaq bu şəkildə davam etməsini istəmədiyini, əksinə sülh danışıqları ilə tezliklə həll olunaraq, Ermənistan silahlı qüvvələrin işğal olunmuş əraziləri tərk etməsini və bir milyon qaçqının öz doğma torpaqlarına qayıtmasını istədiyini bildirib. 



Sizin Reklam Yeriniz