Əlaqə Arxiv
news Image
2016.04.15
09:15
| A A A
Erməni təxribatına beynəlxalq susqunduq davam edir
Akif Nağı: “Məhz beynəlxalq təşkilatların təqsiri üzündəndir ki, ermənilər yenə də atəşkəsi pozmaqda davam edir”

İşğalçı ermənilər cəbhə bölgəsində yenə də atəşkəsi pozmaqda davam edirlər. Halbuki, cəbhədə son hərbi əməliyyatlarda aldıqları ağır zərbədən sonra özləri atəşkəs elan olunması üçün yalvarırdılar. Amma buna baxmayaraq, göründüyü kimi işğalçı rejim yenə də əldə olunan razılığı pozmaqda davam edir. Deməli, bu bir daha onu göstərir ki, Ermənistan bölgədə sülhün yaranmasında, münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil. Maraqlısı odur ki, ermənilərin bu pozucu hərəkətlərinə beynəlxalq birlik də əvvəlki ənənəsinə sadiq qalmaqla göz yummaqda davam edir. Yəni münaqişənin ancaq sülh yolu ilə həllini istəyən qüvvələr, prosesin məhz bu istiqamətdə getməsinə əngəl olan ermənilərə buna görə hər hansı bir təzyiq göstərmirlər. Bəs, niyə onlar atəşkəsi pozmaqda davam edən ermənilərə təzyiqləri artırmırlar? Atəşkəsin pozulması yenidən münaqişəni alovlandıra bilərmi?

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının fikrincə, atəşkəsi pozan ermənilərə beynəlxalq təşkilatlar təzyiqləri ona görə artırmır ki, bu onların maraqlarına cavab vermir: "Ermənistan işğalçı tərəfdir. Onlar həyasızcasına öz işğalçı mövqelərini müdafiə etməyə də çalışır. Erməni saytları məlumat yayıb ki, Avropa Parlamentində müzakirələr keçirilib və burada çıxış edən bəzi deputatlar Azərbaycanın ünvanına tənqidlər səsləndiriblər. Yəni ermənilər ağlasığmaz tezisləri hansısa deputatların dililə çatdırmaq təbliğatını aparır. Hansısa deputat həyasızcasına ermənilərin əsassız mövqeyindən çıxış edirsə, yerdə qalan deputatlar bu biabırçılığa susmamalıdır. Çünki, bizim torpaqlar Ermənistan tərəfindən işğal edilib. Ermənilər beynəlxalq təşkilatlar tərəfindən həmişə belə dəstək aldıqlarından, onlara təzyiq olmadığından saxta fəaliyyətlərini də bu şəkildə davam etdirirlər. Məhz beynəlxalq təşkilatların təqsiri üzündəndir ki, ermənilər yenə də atəşkəsi pozmaqdadırlar. Vəziyyətin bu cür davam etməsinin məsuliyyəti təcavüzkarı cilovlamayan, ona dur deməyən beynəlxalq təşkilatların üzərinə düşür. Bu situasiyadan da yararlanaraq Ermənistan istədiyini edir. Belə durumun yaranmasının hamısının məsuliyyəti beynəlxalq təşkilatların üzərindədir, çünki onlar atəşkəsi pozan erməniləri cəzalandırmaq istəmir. Yaxşı ki, son uğurlu əməliyyatla Azərbaycan öz gücünü göstərdi. İndi hiss olunur ki, az da olsa beynəlxalq təşkilatlar Azərbaycann mövqeyilə hesablaşmağa başlayıb, müəyyən planları ortaya atırlar. Rusiyalı ekspertlər hətta real danışıqların başlayacağını elan edir. Deməli, özləri də etiraf edir ki, indiyə kimi olan danışıqlar mənasız olub.

Beynəlxalq təşkilatlar Ermənistanın bu hərəkətlərinə göz yummaqda davam etsə, danışıqları danışıq xatirinə davam etdirsələr, Azərbaycanı atəşkəsi pozmağa dəvət etməklə yanaşı, həll prosesində real addımlar atmamaqda davam etsələr, ölkəmizin torpaqları hərb yolu ilə azad etməkdən başqa çıxış yolu qalmayacaq. Məsələ indi bütün beynəlxalq təşkilatlarda müzakirə olunur. Hamısı da təklif edir ki, atəşkəs rejiminə mütləq əməl olunmalıdır. Rusiya baş naziri Bakıdan qayıtdıqdan sonra bildirdi ki, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması yaxşıdır, nəinki alovlanması. Yəni bu mövqelərdən hiss olunur ki, beynəlxalq birliyin əsas məqsədi status-kvonu saxlamaqdır. Onlar bu xətti yeritməkdə davam etsə, Azərbaycan özünün kifayət qədər olan gücü ilə torpaqların azad edilməsi üçün hərbi əməliyyatlara başlayacaq. Güman ki, proseslər məhz bu şəkildə də gedəcək".

Sizin Reklam Yeriniz