Əlaqə Arxiv
news Image
2012.12.07
11:48
| A A A
Gürcüstanda soydaşlarımıza hücum edən qüvvələr...
Maqsud Məmmədov: “Hadisələr daha da dərinləşərsə belə, Azərbaycan - Gürcüstan münasibətlərinə heç bir xələl gələsi deyil” Zəlimxan Məmmədli: “İş siyasi müstəvidə yox, hüquqi müstəvidə həll edilməlidir”

Son zamanlar Gürcüstanda yaşayan soydaşlarımıza qarşı silahlı basqınlar hələ də davam edir. Halbuki bu günlərdə Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili belə halın təkrarlanmayacağını bildirmişdi: "Azərbaycanlılarla bağlı baş verən bütün hadisələrdən xəbərdaram. Son günlər baş verən 12 hadisə haqqında məlumatım var. Mən şəxsən aparılan təhqiqata nəzarət edəcəyəm.

Biz müəyyən əməliyyatlar keçirməyi planlaşdırırıq. Heç bir problem olmayacaq. Mən söz verirəm ki, bir daha belə hadisələr baş verməyəcək". Lakin yenidən bu qəbildən olan hadisə baş verdi. Belə ki, Gürcüstan Respublikası Telavi rayonunun Qaracalar kənd sakini Reyhan Tənzil qızının evinə silahlı basqın olub. Üç maskalı şəxs 54 yaşlı qadından pul və zinət əşyaları tələb edib. Ev sahibi etiraz edəndə onun bədəninə 6 bıçaq zərbəsi vurulub. Reyhan Tənzil qızı yaxınları vasitəsilə təcili Telavi rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə gələn polis araşdırma aparır, cinayət işi qaldırılıb.

Onu da xatırladaq ki, soydaşlarımıza qarşı təşkil olunan basqınlar yeni hökumət gələndən sonra aktivləşib. Əvvəllər isə anoloji hadisələrə çox az təsadüf olunurdu. Bu fonda isə bəzən fikirlər səsləndirilir ki, təşkil olunan hadisələrdə müəyyən maraqlı qüvələrin "əli" var. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin əməkdaşı, politoloq Maqsud Məmmədovun sözlərinə görə, onsuz da bütün siyasi proseslərdə maraqlı tərəflər olur: "Ümumilikdə götürdükdə hadisələri Azərbaycana təzyiq kimi qiymətləndirmək olar. Əsas Rusiyanın təzyiqi ola bilər. Hətta V. Putin yeri gəlsə, azərbaycanlılar işləyən bazarları bağlanacaq kimi aqressiv çıxış da edib. Amma digər tərəfdən bu gün dünyada proseslər elə gedir ki, kimin hansı "oyunu" oynadığını tam dərk etmək olmur. Məsələyə başqa tərəfdən yanaşsaq, ola bilər ki, ABŞ özü Azərbaycana təzyiq üçün görüntü yaradır".

Politoloq əlavə etdi ki, hadisələr daha da dərinləşərsə belə, Azərbaycan - Gürcüstan münasibətlərinə heç bir xələl gələsi deyil: "Çünki, bu oyunda başqa dövlətlər var. Hazırda Gürcüstanı heç nəyi olmayan bir dövlət kimi Azərbaycandan asılı ediblər, Azərbaycanın özü isə Qərbə meylli dövlətdir".

"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilk növbədə onu bildirdi ki, hadisələr davam etsə də, Azərbaycan - Gürcüstan münasibətlərinə xələl gəlməyəcək: "Amma yenə də biz bu proseslərə mövqeyimizi bildirmişik. Bundan sonraki işlər Gürcüstan istintaq oqranlarının üzərinə düşür. Cinayət hər yerdə olur. Onu mütləq mənada siyasiləşdirmək yanlışdır. Bunun arxasında hansısa siyasi proseslərin olduğunu, mütləq mənada ölkəiçi siyasi qüvvələrin arasındakı mübarizənin təzahürü kimi dəyərləndirilmək düzgün olmazdı. Ancaq təbii ki, burada kənar qüvvələri axtarmaq olar. Yəni, burada maraqlı qüvvələrin olması barəsində müxtəlif variantlar üzərində düşünmək olar. Amma bu, o qədər incə məsələdir ki, onların kim olduğu barədə fikir bildirmək doğru olmaz. Odur ki, iş siyasi müstəvidə yox, hüquqi müstəvidə həll edilməlidir. Yəni, əsas güc Gürcüstanın istintaq orqanlarının üzərinə düşür. Artıq bunun barəsində də biz Gürcüstanın baş naziri və Daxili Işlər Nazirliyinə də rəsmi müraciət etmişik ki, bu məsələlər ciddiliyi ilə araşdırılsın və cinayətkarların üzə çıxması üçün qəti tədbirlər görülsün. Yəni, cinayət baş veribsə, deməli, cinayətkar və zərərçəkən var. Bundan başqa dövlətin hüquq sistemi də var. Ona görə də hakimiyyət orqanları məsələni ciddi şəkildə araşdırmalıdırlar".

Zəlimxan Məmmədlinin sözlərinə görə, bu iş, yeni - köhnə hökumət məsələsi deyil: "Yəni, nə M. Saakaşvili, nə də B. İvanişvili təsadüfi adam deyil. Hər halda onlar kifayət qədər təcrübə keçmiş insanlardır. Ona görə də onların bir - birinə belə badalaq gəlməsi real görünmür. Həm də bilirlər ki, belə badalaqlarda ilk və əsas növbədə dövlət sarsılar".

Sizin Reklam Yeriniz