Əlaqə Arxiv
news Image
2012.12.11
10:48
| A A A
Gürcüstan azərbaycanlılarından Söyün Sadıqov təxribatına sərt etiraz
Kamran Ramazanlı: “Söyün Sadıqovun məhz Gürcüstandan olduğu üçün “vurulması” məsələsini yayan insanların hərəkətləri ondan xəbər verir ki, bunlar borçalıları müxtəlif oyunlara qatmaq istəyirlər”

Bir müddətdir ki, Rusiyada təsis edilən "milyaderlər ittifaqı" ətrafında söz-söhbət səngimir. Təşkilat yarandığı vaxtdan isə onun, xüsusən də təşkilatın yaradıcılarından və idarə heyətinin üzvlərindən olan "AzerRos"un prezidenti Söyün Sadıqovun fəaliyyəti, ermənilərlə isti münasibəti Azərbaycan cəmiyyəti tərəfindən müsbət qarşılanmadı. Bu arada belə təxribatçı məlumatlar da yayılır ki, Söyün Sadıqov Gürcüstan azərbaycanlısı olduğu üçün "vurulur".

Xatırladaq ki, Söyün Sadıqov Gürcüstanın Qardabani rayonu Təhlə kəndində anadan olub. Amma Borçalının problemləri ilə məşğul olan insanlar isə Söyün Sadıqovun tənqid olunmasında mütəmadi olaraq gürcüstanlı amilinin qabardılmasının tərəfdarı deyillər. Gürcüstandan olan müstəqil politoloq Kamran Ramazanlı "Mövqe"yə açıqlamasında bildirir ki, bu gün Gürcüstandakı soydaşlarımızın problemlərinin həddən artıq çox olduğu hamıya bəllidir: "Bu gün Gürcüstanda emal müəssisələrinin yoxluğu digər problemlərdən əlavə, işsizlik problemini daha da ciddiləşdirib. Bilirik ki, Gürcüstan ilə Rusiyanın sərhədləri bağlıdır. Ona görə də soydaşlarımız işləmək üçün əsasən Azərbaycana üz tuturlar. Həm də onların miqrasiya məsələləri ilə bağlı müəyyən problemləri mövcuddur. İndi isə Azərbaycanda yaşayan Gürcüstan vətəndaşları arasında ayrı - ayrı qüvvələr bu məqamdan sui - istifadə edərək, soydaşlarımızı müəyyən oyunlara qatmağa cəhd edirlər. Amma bu, yolverilməz haldır. Xüsusən müəyyən simalar mətbuatda Rusiyadakı insanlarla bağlı məqamları diqqətə çatdırırlar ki, guya Söyün Sadıqov Borçalıdan olduğuna görə onu "vururlar", Borçalıdan olduğu üçün onun problemləri var. Mən bu fikirlərin tamamilə əleyhinəyəm. Söyün Sadıqov Gürcüstanda anadan olub, amma çox gənc yaşlarından oradan çıxıb. O, hazırda Rusiya vətəndaşıdır. Rusiyada da ictimai - siyasi fəaliyyət ilə məşğul olmasını özü bilər. Amma Söyün Sadıqovun məhz Gürcüstandan olduğu üçün "vurulması" məsələsini yayan insanların hərəkətləri ondan xəbər verir ki, bunlar borçalıları müxtəlif oyunlara qatmaq istəyirlər. Mən isə bu əməlləri pisləyirəm. Onsuz da bizim soydaşlarımızın kifayət qədər problemləri var. Belə bir məqamda bundan sui - istifadə edib, ayrı - ayrı qüvvələrin bu addımı atması düzgün deyil. Bu borçalıların problemlərini daha da çoxaldır. Həm də 50 milyonluq azərbaycanlıların bir vətəni var ki, o da Azərbaycandır".

Sizin Reklam Yeriniz