Əlaqə Arxiv
news Image
2012.12.13
11:10
| A A A
Tarix fənnindən böyük vətənpərvərlik dərsi…

Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı elmi məqaləsi ölkə mətbuatında dərc edilmiş və geniş müzakirə abyektinə səbəb olmuşdur. Tarixi mövzu vaxtında Azərbaycan ictimaiyyətinə çatdırılır. Yazının dili sadədir, tez oxnaqlıdır və bir nəfəsə oxuyub qurtarırsan. "Mən bu məqaləni qəlbimin hökmü ilə yazmağa başladım. Ən əsası da ona görə ki, Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın tarixi rolu hələ də sona qədər öyrənilməmişdir. Bizim tarixçilər, digər sosial elm istiqamətlərini araşdıranlar, tarixi romanlar yazmağı tərgitmiş yazıçılarımız xalqımıza çox borcludurlar" (R.Mehdiyev). Elə başlanğıcda Şah İsmayıl Xətainin obyektiv fikir obrazı kimi belə təqdim olunur ki:

Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm:

- ana dilimizi

- vicdanımızı

- Vətənimizi".

Akademik Ramiz Mehdiyev bildirir ki, tarixin dərc olunmasında siyasət müəyyən edici rol oynayır. O, hələ bizə orta məktəb illərinin partası arxasında "Tarix insanları yaradır, ya insan tarixi yaradır?" sualını cavablandırır. Deyir ki, xalqımızın tarixində əsrlər boyu bütöv bir ölkənin, vahid məkanda yaşayan, eyni dildə danışan və ümumi dəyərlərə şərik olan yüzlərlə nəsli və milyonlarla insanı həyata səsləyən ideyanı təcəssüm etdirən şəxsiyyətlər çox olmuşdur. Bu korifeylərin mənəvi və praktik irsi bəzən ölkəmiz və xalqımız üçün yolgöstərən ulduz olmuşdur. Orta əsrlərdə Nizami və Nəimi, Nəsimi və Füzuli belə şəxsiyyətlər idilər. Biz nailiyyətlərimizin çoxuna görə Azərbaycanın XIX-XX əsrlərdə yaşayıb-yaratmış maarifçi və mütəfəkkirlərinə borcluyuq. Onlar xalqın özünün necə böyük mənəvi və tarixi irsi olduğunu başa düşməsi üçün çox səy göstərmişlər. Həyatlarını ali məqsədlərə sərf etmiş bu fədakar insanlar Azərbaycan xalqının şöhrətidir və cəmiyyətimizin hər bir üzvü onlarla fəxr edə bilər. Azərbaycanın yeni tarixində Ə.M.Topçubaşov, F.Xan Xoyski, M.Ə.Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətinin digər görkəmli qurucuları, ən yeni tarixdə Heydər Əliyev məhz bu cür tarixi simalardandır. Qeyd etmək yerinə düşər ki, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin də adı bu sırada xüsusidir. Ən yeni tarixi oxuyanlar onların gözləri qarşısında cərəyan etmiş və bilirlər ki, H.Əliyev dövlətdə milli birlik yaratdı və bu işlə məşğul olanlar hələ bu işin tədqiqilə çox tapıntılar əldə edəcəklər. Ramiz müəllim yazır ki,Bütün bu şəxsiyyətlər XX əsrin axırları - XXI əsrin əvvəlində - biz milli müstəqillik qazanandan və Azərbaycan dövlətçiliyi güclənməyə başlayandan sonra özünün tam təcəssümünü tapmış azərbaycançılıq ideyasının daşıyıcılarıdır. Bütün bu şəxsiyyətlər XX əsrin axırları - XXI əsrin əvvəlində - biz milli müstəqillik qazanandan və Azərbaycan dövlətçiliyi güclənməyə başlayandan sonra özünün tam təcəssümünü tapmış azərbaycançılıq ideyasının daşıyıcılarıdır. Lakin bu şəxsiyyətlər sırasında daha bir tarixi sima var ki, onunla bağlı polemika və diskussiyalar artıq beş əsrdir səngimir. Söhbət Səfəvilər dövlətinin banisi, böyük siyasi xadim, istedadlı sərkərdə, gözəl şair və vətənpərvər, Azərbaycan xalqının həqiqi oğlu Şah İsmayıl Səfəvi (1487-1524) haqqındadır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Şah İsmayılın şəcərəsinin, kimliyini bizə aydın şəkildə təqdim edir: "Məlumdur ki, Şah İsmayıl ata xətti üzrə Cənubi Azərbaycanın Ərdəbil şəhərindən olan nüfuzlu Səfəvilər nəslinə mənsubdur. Bu nəslin banisi Şeyx Səfiəddin Ərdəbili XIII əsrdə "Səfəviyyə" sufi ordenini təsis etmiş, sonradan bu orden ciddi siyasi nüfuz qazanmışdır. Bu ordenin əvvəllər sünni olmuş nümayəndələri tədricən mötədil şiəlik məzhəbinə etiqad etməyə başlamışlar. Sonrakı dövrdə fasiləsiz siyasi mübarizənin gedişində bu məzhəb xeyli dərəcədə fanatizmə çevrilmişdir. Onu da demək lazımdır ki, bu orden yarandığı ilk vaxtlardan hakim yuxarı təbəqəyə münasibətdə müxalif mövqe tutmuşdur.

Şah İsmayıl ana tərəfdən Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi - onun qızı Aləmşah bəyimin oğlu idi. Uzun Həsən özü Trabzon imperatoru yunan IV İohann Komninin qızı Teodora (Dəspinə) ilə evlənmişdi.

Sülalə nikahları əsrlər boyu sülhün və dostluğun möhkəmlənməsinə kömək etmişdir, eyni zamanda, dövlətin beynəlxalq nüfuzunun artmasının mühüm göstəricisi idi. Məhz bu səbəbdən Uzun Həsən Səfəvilər nəslinin çox böyük siyasi və sosial təsirə malik olmasını nəzərə alaraq, onlarla qohum olmağı qərara almış və öz qızını bu nəslin başçısı Şeyx Heydərə ərə vermişdi.

Səfəvilərin əsas məqsədi Azərbaycan torpaqlarını birləşdirmək olmuşdur"

Ramiz müəllim bütün dərslərdə olduğu kimi Şah İsmayıl Xətainin siyasi fəaliyyətilə yazdığı hazırkı məqalə də bizi düşündürür. Elmi yazı XVI əsrdən indiki ictimai baxışa qədər diqqətə layiqdir. O, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev siyasi xəttinin və müasir azərbaycançılıq ideologiyasının müasir həyata yürüşündə öndə gedən alimi və dövlət xadimidir. Alim öz həmvətənlərinə Şah İsmayılı geniş obrazda tanıdır, geçmiş əsrlər və müasir dövrlər üçün dövlətçilik quruculuğunun, onun qurucularının yeni qatını açır. Cəmiyyətdə böyük maraq yaratmış "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı elmi məqaləsi haqqında ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da çoxlu müsbət söhbətlər gəzir və bu insanlara müsahib oluruq. Yeyən kənd orta məktəbində müəllim işləmiş, hal-hazırda təqaüdə olan dil-ədəbiyyat müəllimi, YAP-ın fəalı Yunus Həşim oğlu Həşimov dedi ki, məşhur alim, əsl Azərbaycanlı R.Mehdiyev çox tarixi və aktual mövzuya toxunmuşdur. Şah İsmayıl Xətai bəşəri adamdır. Ramiz müəllim onu bizə lazımi zamanda, geniş təəsüratla tanıtdı... Yunus müəllim danışır ki, böyük Vaqifi də sevimli Xalq şairimiz Səməd Vurğunun "Vaqif"indən öyrəndik, bu, nəsillərin yadından çıxmayıb...

Müəllif - akademikin başqa bir fikrinə nəzər salaq. R.Mehdiyev yazir ki, Fəzlullah Rəşidəddin Həmədani (1247-1318) - görkəmli dövlət xadimidir. Onun yaradıcılıq və siyasi irsi öz miqyasına görə Qərb tarixində Rişelye, Mazarini və digər parlaq siyasi şəxsiyyətlərlə layiqli rəqabət apara bilər. Yəqin bir faktı heç də hamı bilmir ki, məhz Həmədaninin dövründə Təbrizdə orta əsrlərdə müsəlman dünyasının ən iri elm və təhsil mərkəzlərindən biri olan "Rəbi-Rəşidi" yaradılmışdır. Bu mərkəzdə dövlət vəsaitləri hesabına tələbələr təhsil alır və elmi araşdırmalar aparılırdı. Məhz onun təşəbbüsü ilə Azərbaycan tarixində ilk dəfə alimlərə, şairlərə və rəssamlara dövlət mükafatları ayrılması sistemi tətbiq edilmişdir. Bununla bərabər, o həm də "Cami ət-təvarix" ("Salnamələr məcmusu") adlı fundamental tarixi əsərin müəllifidir. V.V.Bartold, K.Yan, İ.P.Petruşevski, J.P.Ru kimi nəhəng alimlərin fikrincə, bu əsər müasir anlamda ümumdünya tarixinə dair ilk universal əsər hesab edilir. Çox təəssüf ki, bu əsərin bütün dünyada tanınmasına baxmayaraq, o, indiyə qədər Azərbaycan dilinə tərcümə və nəşr olunmamışdır. Fəzlullah Rəşidəddinin siyasi irsinin öyrənilməsi üçün görkəmli Azərbaycan şərqşünası Ə.Əlizadənin başladığı təşəbbüs isə öz layiqli davamını tapmamışdır.

Ramiz müəllim sonra geyd edir: "Eyni sözləri Nəsirəddin Tusi (1201-1274) haqqında da demək olar. O, yeganə azərbaycanlıdır ki, Aydakı bir kraterə və 1979-cu ildə sovet astronomu N.Çernıx tərəfindən kəşf edilmiş asteroidlərdən birinə onun adı verilmişdir. Bu ensiklopedist alimin çox zəngin elmi irsindən cəmi iki əsər - "Əxlaqi-Nasiri" ("Nəsirin etikası") və mineralogiyaya aid kiçik həcmli bir əsəri ana dilinə tərcümə edilmişdir. Tusinin Hülakü xanın iqtisadi məsələlər üzrə məsləhətçisi vəzifəsində fəaliyyəti də, demək olar ki, işıqlandırılmamışdır və bu baxımdan professor Ağababa Rzayevin "N.Tusi. Həyatı, elmi və dünyagörüşü" əsərini yeganə təsəlli hesab etmək olar.

Xalqımızın mədəniyyət xəzinəsinin digər əlamətdar səhifəsi - görkəmli bəstəkar və musiqi nəzəriyyəçisi Səfiəddin Urməvini (1230-1294) nadir hallarda xatırlayırıq. O, özünün "Kitab əl-ədvar" ("Musiqi dövrləri haqqında kitab") adlı əsərində nəinki muğamlar barədə tam informasiya vermiş, həm də gözəl və aydın not sistemi təklif etmişdir. Akademik Çingiz Qacarın "Qədim və orta əsrlər Azərbaycanının görkəmli oğulları" adlı kitabında yazdığı kimi, Urməvinin təklif etdiyi sistemdə musiqi hərflər və rəqəmlər vasitəsilə yazılırdı. Ərəb "əbcəd" say sistemindəki hərflər səsin şərti yüksəkliyini, rəqəmlər (yəni bu sistemin hərfləri - R.M.) isə səsin uzunluğunu göstərirdi. Melodiyanın ladı, düzümü və ritmi xüsusi rəqəmlərlə qeyd edilirdi. Müasir Qərb not sistemi yarımtonlardan kiçik intervalları yazmağa imkan vermir, buna görə də muğamların və ümumiyyətlə, Şərq musiqisinin bütün incəliklərini çatdırmaq üçün yetərli deyildir.

Digər həmvətənimiz Eynəlqüzat Miyanəçinin (1099-1131) fikirləri və həyatı humanizm və tolerantlıq idealları uğrunda mübarizə dərsliyi hesab edilə bilər. O, hələ XII əsrdə bəşəriyyəti tolerantlığa və sülhə çağırır, aşağıdakı sözləri ilə bütün ideoloji maneələri alt-üst edirdi: "Ey dost, əgər İsaya xristianların gözü ilə baxsan, xaçpərəst olarsan, Musaya yəhudilərin gözü ilə baxsan, yəhudi olarsan, bəlkə də bütə bütpərəstlərin gözü ilə baxsan, bütpərəst olarsan" (Əlisa Nicat. "Müdriklik məbədi". Bakı, 2005, s.136)."

Bildirmək istəyirəm ki, Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı məqaləsi böyük elimi əhəmiyyət kəsb edir, siyasi əhəmiyyətcə də vacibdir. Çünki tarix elimi həmişə siyasətlə bağlı olmuş cəmiyyətdə ictimai şurun formalaşmasında böyük rol oynayır. Məhz bu baxımdan tarixin inkişafında və zənginləşməsində böyük şəxsiyyətlərin rolu danılmazdır. Ağıllı, dərkedici xalq öz tarixi şəxsiyyətini qiymətləndirir, tanıdır və qoruyur. Belə olmayan hallarda həmin nadir şəxsiyyətlər digər millətlər tərəfindən mənimsənilir, özəlləşir. Ramiz müəllimin "dərsinin" üstün cəhətlərindən biri budur ki, Səfəvilər dövlətinin yaradılıb zənginləşməsi həmçinin və heç də doğu-düzgün və ciddi elmi axtarışlarla bizlərə-cəmiyyətə və oxuculara düzgün çatdırılmamasıdır. Müəlliflər bəzən bu halları qərəzli şəkildə qeyd etmişlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev yazir ki, Səfəvilər dövlətinin yaranması tarixinə dair məsələlər heç də həmişə düzgün qoyulmur və ciddi elmi meyarlara uyğun gəlmir. Bu problem barədə yazmaq məsuliyyətini öz üzərinə götürmüş bəzi müəlliflərin baxışları bir sıra hallarda birtərəfli və subyektiv xarakter daşıyır. Onların əsərlərində vaxtilə taktiki əhəmiyyət kəsb etmiş müəyyən məlumatların mütləqləşdirilməsi müşahidə olunur. Eyni zamanda, Səfəvilər hərəkatının Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda strategiyasının məqsədi və əsas məzmunu arxa plana keçirilir. Bu müəlliflər orta əsrlərdə tərtib edilmiş şübhəli xarakterli bəzi mənbələrdən istifadə edir, həmin mənbələrin hansı dövrdə, nə vaxt və kim tərəfindən yazılmasının, onları yazanların hansı dünyagörüşünə xidmət etməsinin və hansı siyasi hərəkatın tərəfdarları olmasının mahiyyətinə dərindən varmırlar. Belə təsəvvür yaranır ki, sanki bu müəlliflər bəzi hallarda real mənbələrə əsaslanırlar, lakin elmilik prinsipinin nəzərə alınmaması onları səhv nəticələrə gətirib çıxarır.

2012-ci il noyabrın 24-də "Zerkalo" qəzetində tarix elmləri doktoru Fərid Ələkbərlinin "Şah İsmayıl. Şair, qəhrəman, yoxsa təfriqəçi?" sərlövhəli məqaləsi dərc edilmişdir. Açığını deyim ki, bu müəllifin vətənpərvərliyi şübhə doğurmur. O, Azərbaycan tarixinə aid yeni mənbələrin axtarışı ilə fəal məşğul olan, bununla da bizim tarix və filologiya elmlərinə çox faydalı kömək göstərən alim kimi tanınır. Lakin onun "Şah İsmayıl..." məqaləsini uğurlu hesab etmək olmaz. Bu məqalədə düzgün müddəalarla yanaşı, yumşaq desək, ciddi nöqsanlar da vardır.

F.Ələkbərlinin fikrincə, Şah İsmayıl Azərbaycan tarixində ən mühüm və eyni zamanda, heç də birmənalı olmayan simalardandır… Müəllifin başqa bir fikrinə nəzər salaq: Şah İsmayıl "Şirvanşahlar dövlətini görünməmiş qəddarlıqla məhv etmiş və Osmanlı imperiyası ilə uğursuz müharibəyə başlamış, bu müharibədə uduzaraq, Azərbaycanın az qala bütün ərazisini uzun müddətə itirmişdir". Şah İsmayılın "müharibəyə başlaması" fikri ilə razılaşmaq çətindir. Bu, doğrudanmı belədir? Zənnimcə, burada ölçülüb-biçilmiş yanaşma prinsipi pozulmuşdur. XVI əsrin birinci rübündə regionda cərəyan edən siyasi proseslərin dərin, kompleks şəkildə təhlili tamam başqa mənzərə yaradır. Özü də iki imperiya arasında sülhün olması təkcə Şah İsmayıldan asılı deyildi.

Müəllif belə hesab edir ki, Şah İsmayıl "əvvəllər gülüstana dönmüş ölkəni tam səfalət və dağıntı vəziyyətinə salmışdır". O, "X-XVI əsrlərdə Şərqin mədəni mərkəzlərindən biri kimi tanınan Azərbaycanın 1813-cü ildə çox acınacaqlı bir vəziyyətdə Rusiya imperiyasının tərkibinə daxil olmasına" görə məsuliyyəti Şah İsmayılın üzərinə qoyur. Bu cür nəticələr çıxarmaq təfəkkür qanunlarına ziddir. Onlar məntiqin qanunlarından birini, məhz kafi əsas qanununu inkar edir. Şah İsmayıldan sonrakı iki yüz il ərzində ölkədə mərkəzi hakimiyyətdən asılı olmamaq iddiasına düşmüş Azərbaycan xanlıqları tərəfindən separatist ambisiyalar güclənmişdir. Dövlət çevrilişləri, Azərbaycan türklərinin elitasının məhv edilməsi, zəif şahların hakimiyyətə gəlməsi, regionda və bütün dünyada yeni güc mərkəzlərinin yaranması, xaricdən daimi təhlükələr, dövlətin idarə edilməsində və ordunun modernləşdirilməsində zəruri islahatlar aparılmaması - bu və bir sıra başqa amillər nəticəsində Azərbaycan özünü müdafiə etmək qabiliyyətini itirmişdi. Buna görə də Şah İsmayılın hakimiyyətindən iki yüz il sonra Azərbaycanın bir hissəsinin onun təqsiri üzündən zorla Rusiya imperiyasına birləşdirilməsi barədə iddialar tarixi inkişafın məntiqinə o qədər də uyğun gəlmir. Bu, cəfəngiyat deməsək də, ən azı, ədalətsizlikdir.

Ön Asiyanın ərazisində əsrlər boyu müxtəlif tayfalar yaşamışdır. Buna görə də tamamilə təbiidir ki, onların bəziləri salamat qalmaq uğrunda mübarizə aparır, öz dövlətçiliyini yaratmağa çalışır, məhz onlara xas olan spesifik əlamətlərə və xüsusiyyətlərə malik olmaqla öz inkişaf yolu ilə irəliləməyə cəhd göstərirdi. Başqa xalqlar kimi, Azərbaycan xalqının da müstəqil tarixi inkişaf yolu, bənzərsiz mədəniyyəti, etnik xüsusiyyətləri və digər əlamətləri vardır. Azərbaycan xalqının formalaşması tarixinin kökləri uzaq keçmişə gedib çıxır. Bu prosesi təkcə Cənubi və Şimali Azərbaycan ərazisinə türk tayfalarının gəlməsi ilə əlaqələndirmək böyük elmi səhv olardı. Bu baxımdan, F.Ələkbərli haqlı olaraq göstərir ki, Azərbaycan xalqının formalaşması prosesi müxtəlif mərhələlərdən keçmişdir. Tarixi inkişaf nəticəsində çox vaxt qədim tayfaların dilləri və adları dəyişmiş, onlar bir-biri ilə qaynayıb qarışaraq yeni tayfa ittifaqları formalaşdırmış, yeni dövlətlər yaratmış, yeni dinləri və ənənələri qəbul etmişlər. Azərbaycan xalqının formalaşmasının mühüm mərhələlərindən biri XVI-XVII əsrlərdə Səfəvilər sülaləsindən olan ilk şahların hakimiyyəti dövrü olmuşdur. Həmin vaxtda qədim Azərbaycan etnosu onu digər qohum türk xalqlarından fərqləndirən yeni səciyyəvi milli xüsusiyyətlər qazanmışdır.

Bu müddəaların müəllifi olan F.Ələkbərli, eyni zamanda, zənnimcə, Şah İsmayılın fəaliyyəti barədə bəzi mülahizələrində subyektivizmə meyillidir. Ümumiyyətlə, XVI əsrin əvvəlində regionda baş verən proseslərin bütün dolaşıqlıqlarını bilmədən təkcə bir dövlət başçısının fəaliyyətini tənqid etmək nə dərəcədə düzgündür.

Güntay Gəncalpın 2012-ci ildə Bakıda "Qanun" nəşriyyatında nəşr edilən "Səfəvilər" kitabı çoxlu suallar və etirazlar doğurur. 272 səhifəlik bu kitab ayrı-ayrı müəlliflər tərəfindən Səfəvilər sülaləsinin, o cümlədən İsmayıl Səfəvinin Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda mübarizədə tarixi rolunu və onların bioqrafiyası ilə bağlı məlumatları necə təhrif etməyə çalışdıqlarını göstərən bir nümunədir. Baxmayaraq ki, Şah İsmayıl tərəfindən yaradılmış dövlətin və Səfəvilərin fəaliyyətinə obyektiv xarakteristika verilən ciddi nəşrlər və əsərlər çoxdur.

Əslən Cənubi Azərbaycandan olan G.Gəncalp bu kitabı yazarkən İran, Türkiyə, Rusiya, Qərb və Azərbaycan müəlliflərinin külli miqdarda əsərlərindən mənbə kimi istifadə etmişdir. O, kitabın sonunda həmin müəlliflərin siyahısını vermişdir - 68 nəfərdir. Lakin buna baxmayaraq o, obyektiv ola bilməmiş, bəlkə də bunu istəməmişdir. Zənnimcə, G.Gəncalp istifadə etdiyi çoxsaylı tarixi məlumatlar arasında yaxşını pisdən seçə bilməmişdir. Buna görə də onun çıxardığı nəticələr görkəmli tarixçilərin - Yaxın və Orta Şərqin XV-XVI əsrlər tarixi sahəsində mütəxəssislərin elmi baxışlarına ziddir. Kitabda qeyri-dəqiqliklər, ziddiyyətlər, uydurmalar çoxdur, müəllif həqiqətə uyğun olmayan faktlara istinad edir. Belə təsəvvür yaranır ki, ona şəxsi taleyinin qarmaqarışıqlığı, eləcə də müasir İranda hökm sürən ictimai-siyasi, ideya-mənəvi şərait təsir göstərmişdir.

Məsələn, onun belə bir fikri nə dərəcədə əhəmiyyətlidir ki, Şah İsmayıl silah gücünə insanları öz etiqadından dönməyə və şiəliyi qəbul etməyə məcbur etmiş, eyni zamanda, sünnilərə aid nə varsa hamısını məhv etmişdir (s.139). Hərçənd, G.Gəncalp bu məsələdə tək deyildir. Hətta bu deyilənlər həqiqətə uyğun olsa belə, qızılbaşları bu addımı atmağa məcbur edən səbəbləri göstərmək lazımdır. Birləşmiş Azərbaycan dövlətinin olub-olmaması məsələsi həll edilirdi. Orta əsrlərdə müharibənin sərt qanunları vardı. Hər halda, görünür, müəllif öz qarşısına başqa məqsəd qoymuşdur. Yeri gəlmişkən, özü də bunu etiraf edir: "Bu kitab Səfəviyyətə qarşı bir etiraz manifestidir" (s.20). Elə bu tezisdən müəllifin məqsədinin nədən ibarət olması görünür.

Səfəvilərin fəaliyyəti barədə G.Gəncalpın çıxardığı bəzi nəticələrə nəzər salaq: "Bölgə tarixi yanlış yönə sapmışdır... Səfəviliyin nəfəsi ilə zəhərlənmiş, düşüncəsi devşirilmiş (zorla dəyişdirilmiş - red) türklər modern fars milliyyətçiliyinin əsasını oluşdurdular" (s.15); "Etnik mənsubiyyət duyğusu Səfəvilərdən başlayaraq sönməyə doğru getmişdir... Səfəviyyət bu doğal duyğunu türk ulusunda söndürmüşdür" (s.16). Müəllif belə hesab edir ki, Şah İsmayıl özünün qızılbaş tərəfdarları ilə birləşərək, türk mədəniyyətini məhv etmişdir: "Sanki Səfəvilərdən öncə nə bayandurlu Dədə Qorqud mədəniyyəti olmuşdur, nə Səlcuqlu" (s.16). Onun fikrincə, fars dili Səfəvilərin dövründə rəsmi dövlət dili olmuşdur: "Öz dilində yazma imkanları Səfəvilərdən bəri tamamən yox edilmişdir" (s.18). Müəllif yazır: "Tək amacım Səfəviyyət zindanında həbs edilmiş türklərin ağlına azadlıq qazandırmaq olmuşdur" (s.18).

Bir sözlə, G.Gəncalp Şah İsmayılı bütün günahlarda ittiham edir, Səfəvilər dövrünü az qala tariximizin qara səhifəsi hesab edir. Etiraf etməliyəm ki, o, öz mühakimələrində orijinal deyildir, çünki yüzilliklər boyu müxtəlif siyasi və dini cərəyanların nümayəndələri, o cümlədən İranda və Türkiyədə, elə Qərbdə də XVI əsrdə Yaxın və Orta Şərqdə Şah İsmayılın tarixi rolunu azaltmaq üçün çox səy göstərmişlər.

Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl böyük dövlət xadimi və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların şüurunda isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirmiş, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətini yaratmış şəxsiyyətdir. Şah İsmayıl Səfəvinin şəxsiyyətindən söhbət düşəndə həmvətənlərimizin əksəriyyəti çox vaxt onun bioqrafiyasını və şiəliyi dövlət ideologiyası səviyyəsinə çatdırmaqla bağlı fəaliyyətini xatırlatmaqla kifayətlənir, bu addımın siyasi məqsədlərini açıqlamırlar. Lakin Şah İsmayılın böyük irsi qarşısında bu dəlillər çox sönükdür, çünki bunlar onun öz xalqı qarşısındakı böyük xidmətlərini göstərməyə qabil deyildir.

Bu qeyri-adi şəxsiyyətin dövlətçilik potensialını, dərin zəkasını və uzaqgörənliyini bir məqalədə açıb göstərmək mümkün deyildir. Ona görə də bu məqalə yalnız Şah İsmayılın siyasi portretini, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin yaradılması yolunda görkəmli sərkərdə və dövlət xadimi kimi fəaliyyətini ümumi cizgilərlə də olsa, göstərmək cəhdidir.

Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası onun rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizmlərini, hakimiyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər. Deməliyik ki, Azərbaycan dövlətçiliyinin tarixinin çoxsaylı əlaqələri ilə birlikdə, habelə dövlətin inkişafının varisliyi mövqeyindən öyrənilməsi Azərbaycanın tarixi gerçəkliyinə dolğun baxış formalaşdırmağa, XVI əsrdə Ön Asiyada baş verən bütün hadisələrin anlaşılmasına daha geniş mövqedən yanaşmağa imkan verir.

Azərbaycan akademikinin məqaləsində müdrik sözlərə və cümlələrə də rast gəlmək olur. Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı elmi məqaləsi bir xalq, bir şəcərə haqqında və bir dövlət haqqındadır. Bu bizik və bu tarixdə bizlər hər birimiz əxz olunmuşuq. Tarix təkrar olunmur, təhrif olunmur. O, əsrlərdən bizə gəlib çıxmış bir əmanətdir. Hörmətli Ramiz müəllim məhz Səfavilər dövlətindən bəhs edən bu məqaləni özünün qeyd etdiyi kimi, qəlbinin hökmümü ilə yazmışdır və maraqlıdır. Onu tapın oxuyun. Bu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin tarix fənnindən böyük vətənpərvərlik dərsi kimi qiymətlidir...


ƏLİHÜSEYNŞÜKÜROV

Jurnalist-politoloq
RF Murmansk Ümumirusiya Konqresinin məbmuat rəhbəri, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqının, YAP-ın üzvü MurmanskVilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü,Rusiya Fedarasiyasının Prezdentiyanında Ali İdarəçilik Akademyasının məzunu

Sizin Reklam Yeriniz