Əlaqə Arxiv
news Image
2012.12.18
11:04
| A A A
Radikal müxalifətin qərəz sindromu
Mais Gülalıyev: “Radikal müxalifətin bu addımı müxalifət ideologiyası anlayışının başa düşülməsində ciddi səhvlərin olması ilə bağlıdır” Seymur Həsənli: “Nəyə görə radikal müxalifət Qarabağla bağlı BMT-ni qəbul etdiyi 4 qətnaməsinin icarısını həyata keçirməməkdə qınamır?”

Ölkədə radikal müxalifətin siyasətinə nəzər yetirdikdə kifayət qədər qərəzli mövqeni ayırd etmək mümkündür. Belə ki, hazırki hakimiyyətin sərgilədiyi siyasətin mahiyyətinə varmadan ona qərəzli yanaşmaq radikal müxalifətin peşəsinə çevrilib. Hətta maraqlısı odur ki, beynəlxalq miqyasda Azərbaycan lehinə fikir səslənəndə, hesabatlar dərc ediləndə radikal müxalifət dərhal bu fikirləri səsləndirənləri, hesabat hazırlayanları ciddi tənqid hədəfinə çevirir.

Yaxud hesabatların forması Azərbaycanın əleyhinə olduqda onlar dərhal fərqli mövqe nümayiş etdirirlər. Yəni, onlar kimlərsə tərəfindən bəyan edilmiş anti-Azərbaycan bəyanatlarını, hesabatlarını dəstəkləməklə gündəmdə qalmağa çalışırlar. Elə sonuncu dəfə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycanın öhdəliklərinə dair qətnamə layihəsinin müsbət nəticələri də radikal müxalifəti narahat edən faktorlardan birinə çevrilib.

Təbii ki, müxalifət tərəfindən atılan bu cür addımlar ikrah hissi oyatmaya bilməz. Yaşıllar Partiyasının sədri Mais Gülalıyev qeyd edir ki, radikal müxalifətin bu addımı, müxalifət ideologiyası anlayışının başa düşülməsində ciddi səhvlərin olması ilə bağlıdır: "Müxalifət, hakimiyyətin həyata keçirdiyi fəaliyyətə opponentlik institutu formalaşdırmalıdır. Hazır proqramlara alternativ proqramlar hazırlamalıdır. Radikal müxalifət isə deyir ki, bizim vəzifəmiz yalnız, əks rəngin verilməsindən ibarətdir. Əgər hökumət yaxşı deyirsə, biz pis deməliyik. Yəni, bütün hallarda müxalifətçilik, radikal müxalifətin nəzərində 180 dərəcədə əks, anti olmaq deməkdir. Bunun üçün də nə mümkündürsə, onu edirlər. Əsl müxalifətçilik isə opponentlikdir. Opponentlik institutu isə tələb edir ki, nəyə opponentlik edirsə, onun yaxşısını, pisini seçib, yaxşılaşdırmağa kömək göstərəsən. Çünki fəlsəfədə göstərildiyi kimi, dialektik əkslilik həm də birliyin olmasını tələb edir. Amma müxalifətçiliyin fərqli başa düşülməsi onların çörəyidir. Çünki, onlara bu çörəyi verən, müxalifətçiliyə elə bir mahiyyət vermək istəyir ki, bu, hakimiyyətə təzyiq vasitəsi kimi olsun. Onlara sponsorluq edənlər müxalifətçiliyə bu mahiyyəti verməklə hakimiyyətdən hansısa maddi dividend əldə etməyə çalışırlar. Radikal müxalifətin özü də belə yanaşmaya vərdiş edib. Seçkilərdə hakimiyyətin nümayəndəsi udsa belə, heç vaxt müxalifət onu təbrik etmir. Daxili siyasət həyata keçiriləndə hansısa siyasi qərar müvəffəqiyyət qazanırsa, müxalifət onun əleyhinə çıxmaqla ondan dividend əldə etmək istəyir. Dividend əldə etmək istəyi isə təkcə müxalifətə yox, cəmiyyətə də ciddi zərbə vurur. Yəni, artıq müxalifətçilik ideologiyasının opponentlik institutundan dönüb, dividend əldə etməyə çevrilməsi baş verib. Bu gün əhalinin böyük əksəriyyəti müxalifətçilik institutuna çox pis yanaşır. 20 ildə əhalinin müxalifətdən üz döndərməsi məhz opponentliyin düşmənçiliyə çevrilməsi ilə bağlıdır. Onlar tamamilə əmindirlər ki, hakimiyyətə gəlməyəcəklər. Ona görə də hakimiyyətə gəlmək iddialarından yalnız, divident qazanmaq üçün istifadə edirlər".

Milli Dirçəliş Partiyasının sədr müavini Seymur Həsənli bildirir ki, ümumiyyətlə, hazırda Azərbaycana qarşı beynəlxalq aləmdə bir sıra təşkilatlar tərəfindən ədalətsizlik və qərəzlər mövcuddur: "Qərəzin arxasında da maraq dayanır. Çünki, Azərbaycanın yerləşdiyi coğrafi məkan dünyanın diqqət mərkəzindədir. Buna görə də bir çox beynəlxalq təşkilatın burada marağı var. Amma aparılan uğurlu siyasət nəticəsində bir sıra beynəlxalq təşkilatlar reallığı etiraf etmək məcburiyyətində qalırlar. Ona görə də cəmiyyət olaraq çalışmalıyıq ki, ölkə daxilindəki siyasətimizi xarici siyasətimizdə tətbiq etməyək. Yəni, müxalifət-iqtidar anlayışı ölkənin sərhədləri çərçivəsində olan bir məsələdir. Əgər xaricdən bir təşkilat bizə aid hesabat qəbul edirsə, biz onu bütünlüklə cəmiyyət olaraq ya müdafiə etməliyik, ya da qarşı getməliyik. Bir müddət əvvəl Ramil Səfərov prezident səviyyəsində müdafiə olundu və ölkəmizə gətirildi. Amma gətiriləndən sonra gördük ki, radikal müxalifət bunu hansısa siyasi məqsədlə gətirilməsi kimi qələmə verdi. Gətirilməmişdən öncə isə başqa cür danışırdılar. Elə Mübariz İbrahimovun da nəşi dövlət başçısının səyi nəticəsində ölkəmizə gətirilmişdi. Onda da müxtəlif buna siyasi don geyindirdi. Amma radikal müxalifətin bu siysəti çox gülüncdür. Biz buna qarşı getməliyik. Milli məsələlərdə kimliyindən asılı olmayaraq, beynəlxalq müstəvidə müsbət addım atıbsa, Azərbaycanın lehinə qanun qəbul olunursa, bu, yalnız təqdir olunmalıdır. Yəni, bəzi beynəlxalq təşkilatlar Azərbaycanın inkişafında maraqlı deyil. Amma onlar, həqiqətən məcbur qalıb inkişafı etiraf edirlərsə, bu, bizdə kimliyindən asılı olmayaraq, hər kəs tərəfindən dəstəkləməlidir. Nəyə görə, radikal müxalifət Qarabağla bağlı BMT-nin qəbul etmiş 4 qətnaməsinin icarısını həyata keçirməməkdə qınamır? Axı, bu, milli məsələdir. Nəyə görə radikal müxalifət tələb qoymur? Onlar bunların üzərindən sükutla keçirlər. Azərbaycan qarşı qərəzli qətnaməni isə dəstəklə müdafiə edirlər. Amma anlamırlar ki, həmin qətnamənin arxasında müəyyən dövlətlərin marağı var".

Sizin Reklam Yeriniz