Əlaqə Arxiv
news Image
2012.12.18
11:27
| A A A
Elşad Abdullayevi kimlər danışdırır?
Dövrümüzün Salman bəyi Azərbaycana qarşı qüvvələrin əlində alətə çevrilib

Son aylarda müxtəlif vasitələr, o cümlədən yaydığı videolarla gündəmə gəlməyə çalışan fəaliyyəti qanunla dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev yenə də köhnə ampulasındadır. Azərbaycan rəsmilərinə qarşı heç bir əsası olmayan böhtançı fikirlər yağdıran bu şəxsdən müəyyən qüvvələr  təkcə müxtəlif vəzifələr tutan  rəsmi şəxslərə qarşı yox, eyni zamanda dövlətə qarşı istifadə etməyə çalışırlar. 

Belə bir mənzərə yaradılmasına cəhd göstərilir ki, Azərbaycanda məhkəmə-hüquq sistemi işləmir, insan haqları pozulur, qanunun  aliliyi təmin olunmur. Aydındır ki, bu səpkidə fikirlərin formalaşmasına cəhd edilməsi bilavasitə Azərbaycanı istəməyən qüvvələrin marağına uyğundur və qeyd olunan prosesdə  Elşad Abdullayevdən bir alət olaraq istifadə edilir. 

Sonuncu isə öz növbəsində Fransada oturaraq belə demək mümkünsə, ağzına gələn hər cür hədyanları danışır. Əvvəla, ondan başlayaq ki, Elşad Abdullayevin əsas pul gəlirləri  çirkli maliyyə piramidasına çevirdiyi Azərbaycan Beynəlxalq Universiteti vasitəsilə olub. Bu universitetin isə əsl qanunsuzluq mənbəyinə çevrilməsi, orada hətta qanunsuz olaraq orqan transplantasiyasının aparılmasına dair yetərincə məlumat verilib.  Elşad Abdullayevin aldadaraq pullarını əlindən aldığı tələbələrin sayı isə minlərlədir. 

Özünü professionl hüquqşünas adlandıran Elşad Abdullayevin  bu məsələdə də kifayət qədər qanun-       suzluqlara yol verməsi, müəllif hüquqlarını pozması, plagiatlıq etməsi heç kimə sirr deyil. Onun 1997-ci və 1998-ci illərdə "Qanun" nəşriyyatında tədris vəsaiti kimi çap olunmuş "Müqayisəli inzibati hüquq (Fransanın inzibati hüququ)" və dərslik kimi buraxılmış "Müqayisəli inzibati hüquq. II hissə" kitabları əsl plagiatlıqdır.  Elşad Abdullayevin hər iki əsərinin köçürmə olduğunu sübut etmək üçün Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor Y.A.Tixomirovun 1998-ci ildə nəşr olunmuş "Kurs administrativnoqo prava i proüessa" adlı kitabına  və hüquq elmləri doktoru professor A.N.Kozırinin ümumi redaktəsi ilə hazırlanmış və 1996-cı ildə Moskvanın "SPARK" nəşriyyatı tərəfindən çap edilmiş "Administrativnoe  pravo zarubejnıx stran"  dərsliyinə nəzər salmaq kifayətdir. Araşdırmalar göstərir ki, burada o, A.M.Kozırinin redaktorluğu ilə çıxan "Administrativnoe  pravo zarubejnıx stran"  kitabını tam və ya cüzi dəyişikliklərlə tərcümə edərək özünün elmi işi kimi qələmə verib. Ümumiyyətlə, 442 səhifəlik dissertasiyanın 357 səhifəsi, yəni 80,8 faizi rus dilindəki bu iki mənbədən köçürülüb.

Elşad Abdullayevin ən çox istifadə etdiyi, daha doğrusu, olduğu kimi köçürdüyü kitab isə 1998-ci ildə Moskvanın "Proqress" nəşriyyatı tərəfindən hüquq elmləri namizədi D.İ.Vasilyev və V.D.Karpoviçin rus dilinə tərcümə edilmiş, hüquq elmləri doktoru S.V.Bobotovun redaktorluğu və giriş sözü ilə çap olunmuş görkəmli fransız alimi professor Gi Brebanın "Fransuzkoe administrativnoe pravo" kitabıdır. Burada  E.Abdullayev sadəcə olaraq,  hüquq elmində uzun illər böyük tədqiqatlar aparmış, dünya miqyasında tanınan nəzəriyyəçi alim Gi Brebanın əsərini öz adına çıxıb. Özü də  Gi Brebanın əsərini rus dilindən Azərbaycan dilinə çox bərbad şəkildə tərcümə edib.

Təbii ki, bütün bunlar əslində, mahiyyətində cinayətkarlıq yatan bir adamın belə demək mümkünsə, hansı yuvanın quşu olduğunu aydın göstərir. Daha bir maraqlı nüans isə  ondan ibarətdir ki, elə Elşad Abdullayevin sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı yaydığı videoda o, rüşvət verərək deputat olmaq istəyini açıq meydana qoyur. Necə deyərlər, lap dövrümüzün Salman bəyinə çevrilmək istəyir. Lakin Azərbaycanın ən böyük mütəfəkkirlərindən olan Üzeyir Hacıbəyovun yaratdığı məşhur obrazlardan biri olan Salman bəy kimi arzusu puç olur.  

Lakin məsələnin daha bir maraqlı tərəfi isə Elşad Abdullayevin həm də anti- Azərbaycan qüvvələri üçün yaxşı bir alətə çevrilməsi, Fransada oturaraq hər cür böhtanlar səsləndirməsidir. Daha çox fantaziya məhsulu olan böhtanları sübuta yetirməyin mümkünsüzlüyünü bilən bu "professional hüquqşünas" nədənsə, cəfəng fikirlər səsləndirməkdən çəkinmir və bunu da ona görə edir ki, hazırkı şəraitdə istintaqa cəlb edilməkdən uzaq olduğunu düşünür və bu səbəbdən əsası olmasa da istədiyi fikri səsləndirir. 

Bu fikirlərdə isə bəzən kifayət qədər ziddiyyətli məqamlar da üzə çıxır. Məsələn, o, Gülər Əhmədova ilə bağlı yaydığı ilk videodan sonra açıqlamasında xanım deputata verdiyi pulun oğrulandığını bildirdiyi qardaşını azad etmək üçün ödədiyini iddia etməyə başladı. Sonradan isə bu iddiasından vaz keçərək pulun deputat mandatı üçün verildiyini bildirdi. Onun bu ziddiyyətli fikirlərinə baxmayaraq, istənilən halda hüquq mühafizə orqanları cinayət işinə başladı. Bu fonda Elşad Abdullayevin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti nəzərə alınaraq, qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə Baş prokurorun qərarı ilə Baş Prokurorluğun nəzdində tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradıldı. "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" qanuna müvafiq olaraq E. Abdullayevin Azərbaycana gəldiyi təqdirdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyi təmin edilə bildirilsə də, o, ölkəmizə gəlməkdən imtina edir. Deməli, əslində, qardaşı ilə bağlı cinayət işinin açılmasında maraqlı deyil və yalnız bundan istifadə edərək gündəmdə qalmağı düşünür. Özü də bu fonda qeyd edildiyi kimi müxtəlif Azərbaycan rəsmilərinə qarşı hər cür böhtan xarakterli fikirlər səsləndirir. Sabiq rektora yetrəincə cavablar verilsə də, o, yenə əvvəlki ampulasındadır. Onun bu mövqeyi həm də Azərbaycana qarşı olan qüvvələr üçün məqbuldur. Elə Elşad Abdullayevi həm də bu qüvvələrin danışdırdığı qətiyyən istisna deyil. Azərbaycana qarşı olan qüvvələrin ön cərgəsində isə ermənilər, onların Qərbdə, o cümlədən Elşad Abdullayevin hazırda yaşadığı Fransada kifayət qədər güclü mövqeyə malik erməni lobbisinin dayanması  heç kimə sirr deyil.

Sizin Reklam Yeriniz