Əlaqə Arxiv
news Image
2016.07.01
09:00
| A A A
Terrorizmi dövlət siyasətinə çevirən Ermənistan hələ də layiqli cəzasını almır

Son bir ildə qardaş Türkiyədə baş verən terror hadisələri öz dəhşəti ilə bu vaxtadək olanları geridə qoyub. Bu qırğınların qurbanları bir yerə toplanılsa, onu müvafiq səviyyəli müharibə ilə müqayisə etmək olar. Vaxtilə böyük Hüseyn Cavidin "Təməddünün (mədəniyyətin-qeyd bizimdir) sonu vəhşətmidir, nədir, ilahi?!" misrasını oxuyanda bu sözlərin real panoramını anlamaq üçün xəyalımızda min cür hadisələr quraşdırırdıq. Bu gün isə həmin xəyalların real təsvirlərini görürük. XXI əsrin dəhşətləri 100 il əvvəlkindən daha miqyaslıdır.

Hər terror hadisəsindən sonra təqsirkarlar axtarılır, hansısa təşkilat məsuliyyəti öz üzərinə götürür, "canlı bombalar"ın psixi pozğunluğu araşdırılır. Doğrudanmı belə bir miqyasda pozuculuq fəaliyyətini bir təşkilat, həm də Türkiyə kimi bir ölkədə həyata keçirə bilərmi?

Böyük məclislərdə humanizmdən danışaraq strateji məqsədlərə görə günahsız insanların qanını axıtmaq bir neçə nəfərin, yaxud hansısa təşkilatın marağında ola bilməz. Hadisələrin gedişatlndan aydın görünür ki, belə genişmiqyaslı terror hadisələrinin izində dövlət səviyyəsində təşkilatlanma strukturu var. Məqsəd Türkiyənin imicini korlamaq, siyasi sanbalını aşağılamaq, iqtisadi inkişafını ləngitməkdir. Bu isə adi insanlara yox, düşmən qismində çıxış edən dövlətlərə məxsusdur. Bu gedişat isə biz azərbaycanlılara yaxşı tanışdır.

Çünki, düz 25 ildir müstəqil Azərbaycan Respublikası açıq dövlət terrorizminin qurbanıdır. Düz 25 ildir ki, 1 milyondan çox qaçqının ah-naləsi beynəlxalq təşkilatlar, özlərini dünya gücləri sayan dövlətlər tərəfindən eşidilmir. Ötən əsrin 90-cı illərində Bakıda baş vermiş bir sıra terror hadisələrinin arxasından hansısa təşkilat yox, məhz Ermənistan dövləti çıxdı. İstintaq materialları təkzibolunmaz faktlarla bunu sübut etdi. Lakin Azərbaycanla müqayisədə siyasi nüfuzuna və iqtisadi gücünə, habelə Silahlı Qüvvələr arasında olan fərqə görə adi pozucu təşkilat səviyyəsində olan Ermənistan adət etdiyi fəaliyyətdən geri qalmır. Niyə? Ona görə ki, onun da arxasında dayanan dünya gücləri var. Ermənistan və onun kimi dövlətlər daha güclülərə arxalanaraq xalqların qanına susayırlar. Nəticə isə həmişə ürəkdağlayan olur.

İndi ictimaiyyəti bir sual daha ciddi düşündürür: Görəsən, bu, nə vaxtadək davam edəcək? Terrorçuluğun qarşısını alan olmayacaqmı? Məsələ burasındadır ki, bu cür hadisələr məkrli planlar əsasında həyata keçirilir. Buna görə də mənbəni heç də həmişə tapıb üzə çıxartmaq olmur. Amma əvvəl-axır ipucu ələ keçirilir və günahkarlar cəzalandırılır. Türkiyənin PKK terrorçularına qarşı apardığı mübarizə buna misaldır. Ancaq yenə də bir neçə dövlətin PKK-dan siyasi məqsədləri üçün istifadəsi hələlik onu həyatdan birdəfəlik silməyə imkan vermir.

Eynilə də Ermənistanın fəaliyyəti öz havadarlarından "ilham" alır. Bu mənada onun beynəlxalq məhkəmə yaxud təşkilatlar tərəfindən cəzalanması, belə desək, gecikir. Hər şeyin bir vaxtı var. Vaxtı çatanda erməni terrorçuları və erməni dövlətinin terrorçuluğu layiqli cəzasını alacaq. Heç bir dövlət olmasa da, Azərbaycan haqq-ədalət naminə bu missiyanı həyata keçirəcək.

Sizin Reklam Yeriniz