Əlaqə Arxiv
news Image
2016.07.05
09:07
| A A A
ABŞ və Rusiyadan Qarabağ münaqişəsi üzrə mühüm fəallıq
Aydın Ağayev: “Mahiyyət üzrə danışıqların təşkil olunması üçün ola bilsin, prosesdə hansısa hazırlıq məsləhətləşmələri gedir” Fikrət Sadıxov: “Aparıcı dövlətlərin mövcud fəallığı növbəti görüşdə konkret təkliflərin tərəflərə təqdim olunması ilə sıx bağlıdır”

ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşünün yekunlarının inkişaf etdirilməsi istiqamətində  ATƏT-in Minsk qrupu həmsədrlərinin gələcək addımlarını növbəti telefon danışığı zamanı müzakirə ediblər. 

Ümumiyyətlə, aprelin əvvəlində cəbhə xəttində baş verən döyüşlərdən sonra Kerri ilə Lavrov artıq 6 dəfədən çoxdur ki, Dağlıq Qarabağ məsələsini müzakirə edirlər.Yəni artıq prosesdə bir intensivlik müşahidə olunur. Məsələ ciddi diqqət mərkəzinə keçib. Belə görüntü yaranır ki, həmsədr ölkələri münaqişənin nizamlanmasına əvvəlki illərdə olduğundan bu dəfə daha artıq dərəcədə səy göstərməyə çalışırlar. 

Görəsən, münaqişə ətrafında yaranan bu vəziyyət problemin həllində nəyəsə gətirib çıxara bilərmi?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə,  münaqişənin həlli istiqamətində proses davam etdirilir: "Kerri ilə Lavrov Qarabağ məsələsilə bağlı olaraq apreldən üzü bəri 6 dəfə telefon əlaqəsi qurublar. Nəticəsi nədən ibarətdir? Hələlik ümumi sözlərdən. Apreldən üzü bəri nizamlanma prosesində bir canlanma var. Azərbaycan tərəfi məsələni belə qoydu ki, vəziyyət bu cür davam edə bilməz. Yəni, mövcud vəziyyət dəyişməlidir. Nizamlanma prosesindəki rəsmilər də diplomatik dillə status-kvonun dəyişməli olduğunu deməyə başladılar. Azərbaycan da deyir ki, status-kvo dəyişməlidir. Status-kvonun dəyişməsi ölkəmiz üçün o deməkdir ki, indiki mərhələdə qeyd-şərtsiz, dərhal Ermənistanın hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Ermənistan isə status-kvonun aprel hadisələrindən əvvəl necə başa düşürdüsə, indi də elə başa düşmək istəyir. 

Nizamlanma prosesindəki oyunçuların da status-kvo dəyişməlidir fikrinin arxasında mövcud vəziyyətin qorunması dayanacaqsa, bu, heç nə verməyəcək. Onlar deyir ki, atəşkəs pozulmamalı, gərginlik olmamalıdır. Belə davam etdikcə, həftələr, ardınca da aylar ötür, ortalıqda isə heç nə yoxdur. Kerri ilə Lavrov danışırsa, Fransada hansısa görüşün olacağı haqqında informasiyalar gedirsə, bunları da nəzərə almamaq mümkün deyil. Yəni hansısa proses gedir. Azərbaycan öz mövqeyindəki prinsipiallığı necə var, o cür də qoruyur. Belə təəssürat yaranır ki, hansısa bir gözləmə mövqeyi var. Məsləhətləşmələr gedir. Amma söyləmək ki, heç nə baş vermir, bu da doğru olmazdı. Proses gedir. Bundan öncə keçirilən iki görüşü nəzərə alaq və xatırladaq ki, , birinci görüş hadisələrin çox isti zamanına düşdü. İkinci görüş də nəzərdə tutulan müddətdə oldu. Bu iki görüşdən də Azərbaycanın ziyanına olacaq heç nə görmədim. Sadəcə, prosesin mahiyyəti üzrə danışıqların təşkil olunması üçün ola bilsin, hansısa hazırlıq məsləhətləşmələri gedir. 

Azərbaycan 25 ildir ki, Ermənistanla qarşıdurmadadır, onların bütün hərəkətlərini görür. Prosesdə maraqlı olan xarici oyunçuların yanaşmalarını da bilirik və bu yanaşmalardakı müəyyən dəyişikliklər də göz önündədir. Əlbəttə ki, nəticəsizlik məyusluq yaradır. Amma bu, o demək deyil ki, proses dayanıb. Yalnız cəbhə bölgəsində gərginliyin olmaması tələb olunmur. Buna da Azərbaycan o şərtlə gedib ki, həll istiqamətində diplomatik səylər gücləndirilsin. Proses maraqlı oyunçuların diqqətindədir, sadəcə, müəyyən qədər gözləmək lazımdır. Baxaq görək, nə olacaq".    

Politoloq Fikrət Sadıxov da düşünür ki, münaqişənin həlli istiqamətində əhəmiyyətli canlanma prosesi müşahidə olunur: "Aprel hadisələrindən sonra münaqişənin həlli  ətrafında müəyyən canlanma hiss olunur. Yəni bu istiqamətdə konkret addımlar atılır. Vyana və Sankt-Peterburqda iki görüş baş tutub. Aparıcı dövlətlərin yüksək ranqlı rəhbərləri məsələni bir-birilə müzakirə edir. ATƏT-in fəaliyyətdə olan almaniyalı sədri də bölgəyə gəlib. Həmçinin Rusiya XİN rəhbəri Lavrovun da regiona gəlişi gözlənilir. Onların hamısı danışıqlar prosesində hansısa bir planın olmasından danışırlar.

 Düşünürəm ki, aprel hadisələri də məsələnin canlanmasına xeyli dərəcədə öz təsirini göstərib.  Aparıcı dövlətlərin mövcud fəallığı növbəti görüş ərəfəsində konkret təkliflərin tərəflərə təqdim olunması ilə sıx bağlıdır". 


Sizin Reklam Yeriniz