Əlaqə Arxiv
news Image
2016.07.06
09:00
| A A A
Avropa İttifaqının qarabağ münaqişəsinə diqqəti artır
Cümşüd Nuriyev: “Aİ-nin qəbul etdiyi qərarların hamısı tövsiyə xarakterlidir” Rasim Ağayev: “Aİ Qarabağ problemi yaranandan əlindən gələni edib”

"Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin yekununda əldə oluna biləcək qərarların həyata keçirilməsində iştirak etməyə hazırdır". Bunu Aİ-nin Ermənistan nümayəndəliyinin rəhbəri, səfir Petr Svitalski bildirib.

O əlavə edib ki, Aİ-nin strategiyasında əsas yerlərdən birini münaqişələrin həllinə kompleks yanaşma təşkil edir. Bir sıra siyasilərin fikrincə, Aİ rəsmilərinin oxşar vədlərlə çıxış etməsi qurumun Dağlıq Qarabağ probleminin həllində maraqlı olduğunu göstərir. Maraqlı görünsə də, Aİ-nin bu məsələdə gücü yetərincə qiymətləndirilmir.

Politoloq Cümşüd Nuriyev bildirir: "Aİ amorf quruma çevrilməyə başlayıb. Artıq heç özü özünün problemini həll edə bilmir. Bu fonda hansı münaqişəni həll edə biləcək? Aİ 1974-cü ildən fəaliyyətdədir. O gündən indiyə qədər "n" sayda münaqişəni həll edə bilməyib. Aİ bizə necə kömək edə biləcək?

Avropada adətən diplomatiya ilə Fransa məşğul olur. Hazırda isə Fransa dövlərtində liderlik problemi var. Fransua Olland kifayət qədər liderlik xüsusiyyətini daşımayan adamdır. Bundan da başqa, bu günə qədər Aİ öz qoyduğu qaydalara əməl etməyib. Aİ-nin nizamnaməsinə görə, münaqişəni salan tərəfi qəbul etməməlidir. Ancaq AŞPA-ya Azərbaycan ilə bərabər Ermənistanı da qəbul etdi. Zaman-zaman hətta ermənilərin xeyrinə qərar çıxardıb. Hətta əleyhinə çıxardıqları qərarların da heç birini icra etməyib"

Politoloq əlavə etdi ki, əlində, Aİ-nin qəbul etdiyi qərarların hamısı tövsiyə xarakterlidir: "Azərbaycanın isə tövsiyəyə ehtiyacı yoxdur. Azərbaycan konkret məsələnin həllini tələb edir".

Digər siyasi şərhçi Rasim Ağayev də eyni mövqedədir: "Aİ Qarabağ problemi yaranandan əlindən gələni edib. O mənada ki, ilk gündən etibarən Aİ-nin aparıcı qüvvələri birmənalı olaraq Ermənistanın tərəfindən çıxış edirdilər. Yəni, Aİ Qarabağ problemi yaranandan Ermənistana mənəvi, iqtisadi, həm də siyasi köməyi əsirgəməyib. Aİ-nin gözü qarşısında Ermənistan Qarabağı silah gücünə aldı. İndi də Aİ deyir ki, əlimizdən gələni etməliyik. Soruşan lazımdır ki, əlinizi kim tutur?

Qarabağ məsələsi Krımın ilhaqı ilə eyni prosesdir. Rusiya kimi Ermənistana da sanksiya tətbiq edilməlidir. Qarabağ problemini beynəlxalq hüquq normasında həll etməlidirlər. Odur ki, Qarabağda vəziyyətin bu həddə çatmasında Avropa böyük rol oynayıb. Bunu da Azərbaycan unutmayıb. O zaman unuda bilərik ki, Avropa problemə münasibətdə obyektiv mövqe tutacaq".

Sizin Reklam Yeriniz