Əlaqə Arxiv
news Image
2012.12.23
11:54
| A A A
Film bəlası...

Ekspert hesab edir ki, istər filmlərdə, istərsə də verilişlərdə kriminal əməllər pislənilməlidir

Azərbaycanda baş verən kriminal hadisələrin həyata keçirilmə üsullarını araşdıran mütəxəssislər hesab edirlər ki, bir sıra hallarda sujetlər döyüş, detetktiv janrlı xarici filmlərdən götürülüb. Bank soyğunluğunu, qarəti, adam öldürməyi təbliğ edən Hollivud və digər Qərb filmlərindən təsirlənən gənclər filmlərdən əxz etdiklərini bəzən həyata keçirməkdən belə çəkinmirlər.

Yəni, bəzi hallarda filmlərin təsirindən yaranan psixoloji hal kriminal hadisənin törədilməsinə rəvac verir.

Bu fonda bəzi ekspertlər düşünürlər ki, açıq-aşkar kriminal ünsürləri, əxlaqsızlığı qəhrəmanlaşdıran, ülviləşdirən filmlər Şərq ölkələrindəki dəyərləri məhv etməyə hesablanıb. SSRİ və ABŞ arasındakı "soyuq müharibə" illərində filmlər vasitəsilə qarşılıqlı hücumların olmasından xəbərdarıq.

SSRİ-nin qılıncının dalı da, qabağı da kəsən dövründə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi imperiyanı parçalamaq üçün müxtəlif planlar üzərində işlədi. Bu, plana əlbəttə ki, hərbi müdaxilə daxil deyildi. İkinci Dünya müharibəsindən qalib çıxan hegemon dövlətin qarşısında kim dura bilərdi? Soyuq müharibənin əsas elementlərindən biri şüurlara təsir idi. Bu planı ABŞ MKİ-nin rəhbəri Allen Dalles hazırladı. Və tarixə "Dallas" planı kimi düşdü.

Bu planda kommunizmi gözdən salmaq üçün bütün zərərli rıçaqlar öz əksini tapmışdı. "Soyuq müharibə" illərində SSRİ-nin nəzarətində olan məkanlara əxlaqsızlığı, zorakılığı təbliğ edən çap və video-materiallar SSRİ məkanına göndərildi. Xüsusilə də döyüş filmləri, ABŞ-ın qüdrətindən bəhs edən kinolar daha çox yayılırdı. Filmlərdə, çap materiallarında Qərb həyatı nəşəli, əyləncəli kimi təqdim olunurdu.

Bu cür təbliğat materiallarından təsirlənən Sovet adamı iki quruluşu müqayisə etməyə başladı. Sözsüz ki, kapitalizmi seçdi. Amma SSRİ dağılandan sonra məlum oldu ki, kapitalizm, Qərb cəmiyyəti heç də təqdim olunduğu kimi deyilmiş. Sosioloqlar hesab edirlər ki, arzuolunmaz filmlərin sayının günü-gündən artması mütləq cəmiyyətdə müəyyən şəxslərin dünyagörüşünə təsir edir, onları deqredasiyaya uğradır. Çünki, müxtəlif sosial, siyasi şəraitə məxsus xalqların düşüncə tərzi, olaylara yanaşması fərqlidir.

Sosioloq Rafiq Təmrazovun sözlərinə görə isə, Azərbaycanda baş verən kriminal hadisələrin sayının artması və onların sujet xəttinin bir sıra hallarda kriminal filmlərdəki sujetlərin oxşarı olması təsdiq olunmaqdadır: "Kriminal filmlər şüuraltı təsir imkanlarına malikdir. Xüsusilə də yeniyetmələr filmlərdə qəhrəman kimi təqdim olunan obraza oxşamaq, onun hərəkətlərini təkrarlamaq istəyirlər. Filmlərdə mənəviyyat, paklıq qalır kənarda, mafiya, əxlaqsızlıq təbliğ olunur. Deyilənə görə, hazırda dünyada hər dəqiqə bir porno film istehsal olunur. Bu filmlərə tələbat var ki, çəkilir də. Ya da məqsədli şəkildə bunu çəkib internetdə yerləşdirirlər".

R.Təmrazov əlavə etdi ki, dövlət telekanallarda nümayiş olunan filmlərlə bağlı siyasəti sərtləşdirməlidir: "Hollivud filmləri ABŞ-da telekanallara çıxmamış, bizim televiziyalar onları göstərirlər. Aydındır ki, həmin filmləri plagiat olaraq göstərirlər. Azərbaycan balaca ölkə olduğu üçün beynəlxalq müəllif hüquqları təşkilatı telekanallarımızda nümayiş olunan filmlərə nəzarət etmir. Şəhərdən ucuz kino disklərini alır, ya da internetdən yükləyib tamaşaçılara göstərirlər. Əslində, göstərilən hər bir filmə görə, aidiyyəti şirkətlərə pul ödəməlisən. Eyni zamanda heç də bütün telekanallar döyüş, kriminal filmləri göstərməməlidir. Türkiyədə telekanallar artıq sahələr üzrə ixtisaslaşıblar. Bizdə də bu olmalıdır".

Sosioloq etiraf edir ki, indiki məqamda gəncləri kriminal filmlərə, verilişlərə baxmağı qadağan etmək mümkün deyil: "Çox çətin durum yaranıb. Övladımızı necə böyüdək ki, o, zərərli vərdişlərdən uzaq olsun? Bu suala birmənalı cavab vermək olmur. Bəzən ən tərbiyəli ailədən çıxan uşaq pis yolun yolçusu olur. Bütün hallarda düşünürəm ki, istər filmlərdə, istərsə də verilişlərdə kriminal əməllər pislənilməlidir. Heç bir kriminal ünsür qəhrəmanlaşdırılmamalıdır. Nəzərə almaq lazımdır ki, yalandan qəhrəmanlaşdırdığımız obraz yeniyetmələrin idealına çevrilə bilər".

R.QAÇAYOĞLU

Sizin Reklam Yeriniz