Əlaqə Arxiv
news Image
2016.07.19
09:22
| A A A
Qardaş Türkiyədə demokratiyanın böyük qələbəsi
Hatəm Cabbarlı: “Türk xalqı cümhuriyyət tarixində ilk dəfə hökumətdən daha aktiv və qərarlı hərəkət edərək hərbi çevrilişin qarşısını aldı” Vüqar Zifəroğlu: “Türkiyədə bu şəkildə baş verəcək siyasi dəyişiklik heç şübhəsiz ki, bütünlükdə Yaxın Şərqdə ciddi və heç də xoş olmayacaq proselərə təkan verəcəkdi”

Türkiyə Cümhuriyyəti növbəti hərbi çevrilişə cəhd sınağı ilə üz-üzə qaldı. Lakin əvvəlkilərdən fərqli olaraq bu dəfə inqilabçılar qalib gələ bilmədilər. Rəsmi mənbələrin bildirdiyinə görə, ölkədəki çevrilişə cəhdinin arxasında Fətullah Gülənin  tərəfdarları durur. Hadisə ilə bağlı həbslər davam edir. 

Eyni zamanda artıq Türkiyə ilə ABŞ arasında Fətullah Gülənin ekstradisiyası məsələsi də müzakirə olunub. Məsələ ilə bağlı ABŞ dövlət katibi Con Kerri deyib ki, Türkiyədən onun ekstradisiyası barədə rəsmi istək gəlməyib: "Amma bizə Türkiyədən rəsmi tələb bildirilərsə, onu dəyərləndirərik. ABŞ heç kimi saxlamır. Bizim  Türkiyə hökumətindən istəyimiz  dəlillərdir. ABŞ-a ekstradisiyanı şərtləndirəcək dəllilərin bizə verilməsi vacibdir". 

Siyasilərin fikrincə, bu hadisələr fətullahçıların ən ciddi iflası kimi tarixə düşdü. Türkiyə cəmiyyəti də birmənalı olaraq bu məsələ də iqtidarın tərəfində olduğunu göstərdi. 

Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı bildirdi ki, hərbi çevriliş bütün hallarda təqdir ediləsi siyasi və hərbi hərəkət deyil: "Bunun daha sivil yolları var, demokratiyanı zədələmədən də iqtidarları hakimiyyətdən devirmək mümkündür. Türkiyənin hər 35-40 ildən bir hərbi çevrilişlə üzbəüz qaldığı xatırlanarsa, bundan dövlət və xalq olaraq nə qədər əziyyət çəkdiklərini təxmin etmək mümkündür.  15 iyulda axşam saat 22.30 radələrində Türkiyə vətəndaşları televiziya kanallarından ölkədə hərbi çevriliş edildiyini öyrəndi. Televiziya kanalları bu çevrilişi canlı yayımlayırdı. İlk saatlarda nə olduğunu anlamayan vətəndaşlar İstanbul, Ankara və digər böyük şəhərlərin meydanlarında toplanmağa başladı. Daha sonra baş nazir Binəli İldırım bunun bir "kalkışma" olduğunu bildirdi. Böyük bir ehtimalla İldırım bu hadisəyə hərbi çevriliş deyərək vətəndaşları qorxutmaq istəmədi. İrəliləyən saatlarda "kalkışma" termini "askeri darbe" ifadəsi ilə əvəz edildi. 

Prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir İldırım, sabiq prezident Abdullah Gül telefonla görüntülü olaraq televiziya kanallarına bağlanaraq hərbi çevrilişə qarşı xalqı ayağa qaldıra bildi.  Burada bir nöqtəni xüsusilə qeyd etmək lazımdır. Hərbi çevrilişin qarşısının alınmasında adı keçən liderlərin çağırışı əhəmiyyətli olsa da, əsl səbəbi türk xalqının hərbi çevrilişlərə artıq yox deməsi və demokratik dəyərlərə canları bahasına sahib çıxması oldu. Türk xalqı cümhuriyyət tarixində ilk dəfə hökumətdən daha aktiv və qərarlı hərəkət edərək hərbi çevrilişin qarşısını aldı. Prezident və hökumət xalqı meydanlara dəvət etmədən əvvəl TV kanallarından hərbi çevriliş xəbərini alan vətəndaşlar meydanlara toplandı və qətiyyətləri ilə buna mane oldu. Maraqlı odur ki, hərbi çevrilişin ilk saatlarında televiziya kanallarına çıxmağa imkan əldə edən siyasilərin hamısı bu hərbi çevrilişi Fətullah Gülən terror təşkilatının həyata keçirdiyini iddia etdi. Bunu əvvəlcədən bilirdilərmi yoxsa, instinktiv olaraq Fətullah Gülən terror təşkilatının işi olduğunu deyirdilər? 

Bu cür bəyanatlar bir çox cavablanması gərəkən sualları da bərabərində gətirdi. Bəzi şəhərlərdə silahlı qarşıdurma davam etsə də, səhərə yaxın hərbi çevrilişin uğursuz olacağı anlaşıldı. Ayın 16-da hökumət hakimiyyətini qoruyub saxlaya bildi. Bunun Fətullahın ordu içərisinə sızmış yüksək rütbəli zabitləri tərəfindən təşkil olunan hərbi çevriliş olduğu iddia edildi. Əslində, hərbi çevrilişin uğur əldə etməməsinin bir neçə səbəbi ola bilər;

- hərbi çevrilişin olacağı informasiyası hökumətə çatdı. Hökumətin qarşı tədbirlər almaması üçün ordu tam hazırlanmadan çevrilişə başladı;

- hökumət çevriliş planını daha əvvəldən bilirdi və bundan siyasi məqsədləri üçün istifadə edərək, çevrilişin daha ilk başlardan etibarən onların nəzarətində həyata keçməsinə imkan verdi və daha sonrakı mərhələdə qarşısını aldı;

- hərbi çevrilişə cəhd edənlər peşəkarcasına plan hazırlamamışdı və təbii ki uğurlu olmadı.

Türkiyənin bu hərbi çevrilişin qarşısının alması dövlət üçün böyük əhəmiyyət kəsb edir. Çevriliş baş tutsaydı, bu Türkiyənin siyasi, hərbi, sosial və digər sahələrdə ciddi qırılma nöqtələrinin yaşanması ilə nəticələnərdi ki, bu da yaxşı heç nə vəd etmir".

"Oğuz" Müstəqil Araşdırmaçılar qrupunun rəhbəri Vüqar Zifəroğlunun bildirdi ki, birmənalı şəkildə çevriliş cəhdi ənənəvi üsulla ölkənin xarici siyasətini dəyişdirməklə regionun geosiyasi mənzərəsinə ciddi şəkildə təsir etməyi hədəfləmişdir: "Türkiyədə bu şəkildə baş verəcək siyasi dəyişiklik heç şübhəsiz ki, bütünlükdə Yaxın Şərqdə ciddi və heç də xoş olmayacaq proselərə təkan verəcəkdi. Rəsmi versiyaya görə, çevrilişə cəhd edən qruplaşma "paralel yapı" adı ilə tanınan Fətullah Gülən camaatına yaxın insalardır. Digər versiya isə ordunun içində olan və iqtidara münasibəti kəskin olan hərbçilərdir.  Təbii ki bu çevrilişə cəhdin nəticəsi özünü üç istiqamətdə daha açıq şəkildə göstərmiş olacaq: Bu məlum cəmaata yaxınlığı ilə seçilənlərin hədəfə alınmasına, siyasi iqtidarın iradəsi altında orduda ciddi dəyişikliklərin aparılmasına və eləcə də son seçkilərdə də əsas hədəf olaraq göstərilən başqanlıq sisteminə keçid yolunun tamamən açılmasına səbəb olacaq".


Sizin Reklam Yeriniz