Əlaqə Arxiv
news Image
2012.12.30
09:40
| A A A
AXCP və Müsavatın virtual müharibəsi şiddətlənir
Tofiq Yaqublu: "Belə vəziyyətlə hər iki tərəf özlərini zəiflədə bilər"

Artıq sosial şəbəkələr İctimai Palata adlı qurumda bir yerdə olan AXCP ilə Müsavat Partiyası təmsilçilərinin söz davası, bir-birilərini təhqir etmək meydanına çevrilib. Vəziyyət o həddə çatıb ki, geniş ictimaiyyət də özlərini mütəffiq sayan bu iki qüvvənin bir-birini necə təhqir etdiyinin yaxından şahidi olur.

Belə məlumatlar da gəzir ki, son zamanlar AXCP özünə yaxın bir sıra qeyri-hökumət təşkilatları və siyasi partiya təmsilçilərini də həmin prosesə cəlb edərək, onları da Müsavata qarşı qaldırmaq kampaniyasına başlayıb. Belə ki, sosial şəbəkələrdə Müsavata yönəlik təhqir kampaniyasında bəzi QHT və digər partiya nümayəndələri də iştirak edir. Bu vəziyyət onu göstərir ki, AXCP sosial şəbəkələrdə başladığı təhqir kampaniyasını dondurmaq deyil, əksinə, daha da genişləndirmək niyyətindədir. Bir sözlə, hələ də özlərini müttəfiq rolunda görən bu təşkilatlar artıq bir-birilərinə qarşı söz savaşı aparmaq üçün sosial şəbəkələrdən geninə-bolluğuna istifadə edirlər. Onların bu təhqir kampaniyasının əsasında isə dəfələrlə vurğuladığımız kimi, gələn il baş tutacaq prezident seçkilərilə bağlı məqamlar dayanır. Müsavat başqanı İsa Qəmbərin seçkilərdə iştirak etməklə bağlı istəyi və Müsavat Divanının da bu barədə qərar verməsi müttəfiqləri sayılan cəbhəçiləri əməlli-başlı hövsələdən çıxarıb. Ona görə də onlar Müsavat başqanı və partiyaya qarşı bir çox hallarda heç bir əndazəyə sıxmayan təhqirlərə belə keçiblər. Bu azmış kimi, prosesə özlərinə yaxın QHT və digər partiya nümayəndələrini də cəlb edirlər. Belə bir durum isə İctimai Palatanın taleyindən heç də yan keçməyəcək. Təhqir kampaniyasının şiddətlənməsi heç şübhəsiz gələn ildən başlayaraq İctimai Palatada da öz sözünü deməyə başlayacaq. Yəqin ki, gələn ilin əvvəlində baş tutacaq İctimai Palatanın ilk iclası da bir-birinə qarşı təhqir və söyüşlərlə yadda qalacaq. Deməli, yaxın dönəmlərdə cəmiyyət İctimai Palatada cərəyan edəcək kəskin çəkişmə və davaların şahidi olacaq. Bu isə sonda İP-in də parçalanması ilə nəticələnəcək. Digər tərəfdən münasibətlərin təhqir formasına keçməsi isə onu göstərir ki, həmin qüvvələr heç zaman vahid mövqedən çıxış etmək, vahid namizədi müəyyənləşdirmək məsələsində ümumi bir rəyə gələ bilməyəcəklər. Ümumiyyətlə, proseslər onu göstərir ki, müxalifət həmişə parçalanma ərəfəsində bir-birini didməklə məşğul olub. Bu barədə dəfələrlə fikirlər səsləndirilib. Amma maraqlısı odur ki, müxalifətdəki həmin qüvvələr hər dəfə özləri arasında didişmələrin olduğunu inkar edirdilər. Lakin sosial şəbəkələrdə başlanan təhqir kampaniyası bu didişmələrin real olduğunu bir daha əyani surətdə göstərdi. Deməli, artıq uzun bir müddətə Müsavatla AXCP-nin bir toplumda olması qeyri-mümkündür.

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz Müsavat başqanının müavini Tofiq Yaqublu bildirdi ki, sosial şəbəkələrdəki təhqir kampaniyasını, sadəcə olaraq, hər iki partiyadakı az miqdarda müəyyən fərdlər aparır: "AXCP ilə Müsavat partiyaları arasında ideoloji fərqlər yoxdur. Sosial şəbəkə və bəzi media qurumlarında bir-birinə qarşı bəzən baş verən təhqirlərə gəldikdə düşünmürəm ki, bu yönəldilmiş addımdır. Sadəcə olaraq, belə əməllərlə ayrı-ayrı fərdlər məşğul olur ki, onların da müsavatçı və ya cəbhəçi, digərləri olduğunu müəyyənləşdirmək olmur. Sözsüz ki, təhqirə yol vermək kimi əməlləri qınayıram. Bu tip adamlar hər iki tərəfdə var. Ola bilsin saxta profillərlə daxil olub vəziyyəti gərginləşdirməyə nail olurlar. Amma əksəriyyət belə şeyləri qınayır. Bütün hallarda mütəffiqlərin bir-birini təhqir etmələri heç də yaxşı hal deyil, ziyanlıdır. Belə vəziyyətlə hər iki tərəf özlərini zəiflədə bilər".

Sizin Reklam Yeriniz