Əlaqə Arxiv
news Image
2016.10.01
09:00
| A A A
Bakı Humanitar Forumuna beynəlxalq maraq artır
Əliməmməd Nuriyev: “Forum iştirakçı səviyyəsi və miqyasına görə əhəmiyyətlidir, həmçinin, müzakirə olunan məsələlər baxımından da diqqəti cəlb edir”

Bakıda artıq beşinci dəfədir keçirilən  Beynəlxalq Humanitar Foruma dünya miqyasında böyük maraq müşahidə olunur. Forumda 80 ölkədən 400-ə qədər nümayəndə iştirak edib. BMT-nin baş katibi Pan Gi Mun forum iştirakçılarına müraciətində bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoq, tolerantlıq və millətlər arasında anlayışın inkişafına xidmət edən geniş spektr məsələlər üzrə fikir mübadiləsi üçün vacib meydançadır. UNESCO-nun icra şurası sədri Maykl Uorbs da tədbiri yüksək dəyərləndirərək söyləyib ki, Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlərin keçirilməsi bəşəriyyət üçün vacib məsələlərin müzakirəsinə yaxşı şərait yaradır. 

Rusiya prezidenti Vladimir Putin də forum iştirakçılarına ünvanladığı məktubda qeyd edib ki, Bakı Beynəlxalq Humanitar Forumu  dünyada nüfuz qazanıb.  Göründüyü kimi, foruma diqqət həqiqətən də geniş olub. Bu diqqət nədən qaynaqlanır və sözügedən forumun dünya üçün artan əhəmiyyəti nədən ibarətdir?

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikrincə, Bakı Beynəlxalq Humanitar Forumunun

ildən-ilə əhəmiyyəti və miqyası həqiqətən getdikcə böyüyür: "Bu da ilk növbədə forumda iştirakçıların miqyası ilə bağlıdır. Demək olar ki, dünyanın bütün ölkələrindən burada nümayəndələr iştirak edir. Həmçinin beynəlxalq təşkilatların nümayəndələri, əvvəllər yüksək vəzifə tutmuş şəxslər, dövlət xadimləri, alimlər, Nobel mükafatı sahibləri bura qatılıblar. Bu həm forumun miqyası, həm də məzmuna və Azərbaycana olan diqqəti göstərir. İndiyə kimi ölkəmizdə təşkil olunan forumların effektivliyi,  nəticəsi və burada səslənən fikirlər, onların praktikaya yönəlməsi istiqamətində atılan addımlar foruma diqqəti bir 

daha nümayiş etdirir. 

Forum iştirakçı səviyyəsi və miqyasına görə əhəmiyyətlidir. Eyni zamanda, müzakirə olunan məsələlər baxımından da diqqəti cəlb edib. Forum dünyada qlobal çağırışlara cavab vermək məqsədi daşımaq üçün fikir mübadiləsi platforması olan tədbirdir. Burada multikulturalizmin müxtəlif modelləri, onların tətbiqi,  nəzəriyyədən humanist təcrübəyə doğru kimi məsələlər müzakirə olunur. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, hazırda bir çox ölkələr multikulturalizmdən imtina etmək barədə fikirlər səsləndirir. Amma multikulturalizmin alternativi varmı? Prezident qeyd etdi ki, var, amma bu xaosdur, ayrı-seçkilik və düşmənçilikdir. Bunların qarşısını almağın yollarından biri də multikulturalizmdir. 

İkinci mühüm məsələ insan kapitalının davamlı inkişafına yönəlik məsələdir. Dünyada bu gün miqrasiya genişlənir. BMT baş katibinin müavini çıxışında dedi ki, indi dünyada 65 milyona qədər didərgin düşmüş insan var. Bundan başqa təbii fəlakətlər nəticəsində də 25 milyon insan öz yurdundan didərgin düşüb. Bu didərgin düşmənin əsas səbəbi də müharibə və münaqişələrdir. Onun nəticəsində insanlar Avropaya üz tutur. Amma Avropanın özündə də miqrantlara münasibətdə fərqli yanaşma vardır. Hətta bəzi ölkələrdə islamofobiya ilə bağlı çağırışlar səslənir. Bu miqrasiyaların qarşısının alınmasından ötrü əlbəttə ki, forumda tövsiyələr səsləndi. Beynəlxalq təhlükəsizliyin təmin edilməsilə bağlı da forumda tövsiyələr verildi. Bu da çox əhəmiyyətli məsələdir. 

Ekoloji vəziyyətin pisləşməsi də miqrasiya proseslərini sürətləndirir, münaqişələri dərinləşdirir. Ona görə bu istiqamətdə də kəsərli tədbirlər görülməlidir. Bunun üçün də dünya dövlətləri, cəmiyyətlər səylərini birləşdirməlidir. O baxımdan bu istiqamətdə də mühüm mesajlar səsləndi. Elmin nailiyyətlərindən cəmiyyətin tərəqqisi üçün istifadə edilməsi məsləsinə də diqqət ayırmaq çox vacib olan məsələlərdəndir. Prezident İlham Əliyev forumda həm də Azərbaycanın problemlərini dilə gətirdi, hansı nailiyyətlərə imza atdığını dünyaya çatıdrdı. Azərbaycan əhalisi və ərazisinin təcavüzə məruz qalması, Ermənistan işğalçılıq siyasəti nəticəsində miqrasiya probleminin həll edilməməsi, ümumiyyətlə, ölkəmizlə bağlı bütöv məsələlərin dünyaya çatıdrılması forumda davam etdirildi. Hesab edirəm ki, Azərbaycan dünya üçün çox mühüm məsələlərin səslənməsi və gələcək inkişafa yeni istiqamətlərin müəyyənləşdirilməsi istiqamətində bir məkandır. Burada səslənən fikirlər də heç şübhəsiz, ayrı-ayrı dövlətlərin fəaliyyətində nəzərə alınacaq".

Sizin Reklam Yeriniz