Əlaqə Arxiv
news Image
2013.01.10
07:25
| A A A
Türkiyə-Ermənistan sərhədlərinin açılması yenidən müəmmaya dönür
Rəsmi Ankara sərhədlərin açılıb-açılmayacağına dair hələ də konkret mövqe sərgiləmir

Son günlərin ən çox diqqət cəlb edən mövzularından biri də Türkiyə və Ermənistan sərhədlərinin açılması ilə bağlıdır. Məlum olduğu kimi Ağ Evin rəsmi saytında Türkiyə və Ermənistan sərhəd xəttinin qaldırılmasına dair çağırışı əks etdirən petisiya yerləşdirilib. Burada rəsmi Ankara heç bir şərt irəli sürmədən sərhədləri açmağa çağırılır.

Amma Türkiyə tərəfi buna razılıq verəcəyi təqdirdə sərhəddən keçmək hüququndan yalnız Suriyadan qaçan ermənilər istifadə edə biləcəklər. Ağ Evin rəsmi saytında yerləşdirilən müraciətdə deyilir ki, Suriyadan Ermənistana yol Türkiyədən keçir və 1993-cü ildən Türkiyə-Ermənistan sərhədi bağlı olduğu üçün bu, qaçqınlar üçün böyük problem yaradır. Ermənistanda ümid edirlər ki, Birləşmiş Ştatlar Ankaranı buna məcbur edə bilsə, tərəflər arasında 20 ildir, davam edən problem həllini tapmış olacaq.

Ağ Evin təmsilçisi isə diqqət çatdırıb ki, saytda yerləşdirilən müraciət ABŞ administrasiyasının deyil, individual istifadəçi yanaşmasını əks etdirir. 2011-ci ilin sentyabrından saytda istifadəyə verilmiş "We the People" təşəbbüsü Amerika vətəndaşlarına Prezident və onun komandası qarşısında vəsatət qaldırmaq və administrasiyanın diqqətini zəruri məsələlərə çəkmək imkanı yaradır.

Özünü təqdim etməyən rəsmi isə BBS-yə deyib ki, bu vəsatətlərin yürüdülən siyasətə heç bir aidiyyatı yoxdur, belə ki, bir ay ərzində tələb olunan sayda - 250 min istifadəçinin dəstəyini toplamayan petisiyalara ümumiyyətlə münasibət bildirilmir. Bu günədək Ağ Ev silahlara dövlət nəzarəti daxil olmaqla, müxtəlif mövzularda on minlərlə istifadəçinin dəstəyini toplamış "We the People" vəsatətlərini birbaşa cavablandırıb.

Yanvarın 5-də yaradılmış türk-erməni sərhəd petisiyası isə indiyədək heç 1000 səs də toplamayıb. Petisiyanın Prezident Obamaya göndərilməsi üçün fevralın 4-dək 24,689 imza toplanmalıdır. Vəsatətdə sərhədlərin "heç olmasa Suriya qaçqınları üçün açılması" istənilir. Müəlliflərin təbirincə, Suriyada yaşayan 200 min etnik erməninin əksəriyyəti "təhlükəsiz həyat" axtarışı ilə Ermənistana köçməyə çalışırlar.

Bu arada ABŞ prezident administrasiyasının rəsmi saytında Türkiyə ilə Ermənistan arasında sərhədin açılması lehinə toplanışı kampaniyası ilə bağlı Türkiyə rəsmi mövqe bildirməkdən imtina edir. Hakim Ədalət və İnkişaf Partiyasından parlament üzvü Mustafa Kabakçı və ölkənin Xarici İşlər Nazirliyində məsələ ilə bağlı şərh vermək istəmədiklərini deyiblər.

Türkiyənin ABŞ-da keçmış səfiri Osman Faruk Loğoğlu bu kampaniyani "Türkiyə-Ermənistan sərhədlərinin açılmasına çalışan erməni lobbisinin fürsətcil davranışı" kimi dəyərləndirib: "Suriya ermənilərini bəhanə edərək Türkiyə-Ermənistan səhədlərinin açılmasını istəmək yanlışdır". Diplomatın sözlərinə görə, Suriyadan gələn bütün qaçqınlar etnik mənsubiyyətlərindən asılı olmayaraq Türkiyəyə qəbul olunurlar. Onun fikrincə, Ermənistana getmək lazımdırsa, bunu mütləq quru yolla etməyə ehtiyac yoxdur: "Bu, humanitar məsələni siyasətə alət etmək deməkdir". Türkiyədəki erməni lobbisinin təmsilçiləri bu fikirdədirlər ki, Suriya erməniləri üçün Türkiyənin Ermənistanla sərhədlərinin açılması hökumətin iradəsinə bağlı məsələdir. Türk-erməni biznes şurasının təmsilcisi Noyan Soyak bununla bağıl qeyd edir: "Suriyalı qaçqınların, etnik mənsubiyyətinin Türkiyədə araşdırılacağına inanmıram. Ona görə də onların Türkiyəyə keçmələrinə problem olmayacaq". Noyan Soyak xatırladıb ki, 2011-ci ilin oktyabrında Vanda baş vermiş zəlzələ zamanı fəlakət qurbanlarına həyati vacib əşya və ərzaqların çatdırılması ilə bağlı Türkiyə tərəfinə qeyri-rəsmi müraciət edilsə də, buna müsbət cavab almaq mümkün olmamışdı: "Ona görə də humanitar məqsədlə sərhədlərin açılması məsələsi hökumətdən asılıdır".

Yaxın Şərq Araşdırmaları Mərkəzinin Suriya məsələləri üzrə mütəxəssisi Oytun Orhan deyib ki, bir müddət əvvəl Suriyadan etnik çərkəzlər Rusiyaya getməkçün müraciət etmişdi: "Müharibə başlayandan bu yana çox sayda erməni qaçqın da Suriyanı tərk edərək Ermənistana gedib. Ancaq indi nəyə görə onlar üçün Türkiyə-Ermənistan sərhədinin açılması vacib olub - bunu anlamaq çətindir. Bu proses humanitar məqsəddən daha çox, Türkiyə-Ermənistan sərhədlərinin açılması təşəbbüslərinin davamı kimi görünür". Hesab edilir ki, rəsmi Ankara bu məsələ ətirafında koknret mövqe sərgiləməli və yeni sərhəd müəmmasının yaranmaması üçün susqunluğuna son qoymalıdır.

Suriyada döyüşlər başlanandan bəri 6 min qaçqın Ermənistanda sığınacaq tapıb.

Onların kütləvi şəkildə tarixi vətənlərinə köçməsinə Suriyada etnik ermənilərin əksəriyyətinin məskunlaşdığı Hələb şəhəri və Yerevan arasında çətinləşən uçuşlar çətinləşdiyindən maneələr yaradır. Hələb və şəhər təyyarə limanı qiyamçıların müntəzəm atəş hədəfinə çevrilib.
Sizin Reklam Yeriniz