Əlaqə Arxiv
news Image
2013.01.10
07:42
| A A A
Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmalıdır
Mübariz Qurbanlı: "Prezident İlham Əliyev növbəti dəfə xalqımızın alternativsiz seçimi olacaq" "Xocalı ilə Yerevan hava limanları arasında sərnişindaşımanı həyata keçirməyə yönələn cəhdlər Ermənistanın sülh danışıqlarını ləngitmək, prosesə zərbə vurmaq üçün fitnəkar xarakterli addımlarındandır". Bunu Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsində deyib.
"Bu, qeyri-qanuni bir cəhddir. Beynəlxalq Aviasiya Agentliyi də məsələyə bu cür yanaşır. Rəsmi Bakı da beynəlxalq hüquq normalarında və konvensiyalarda əks olunmuş prinsip və müddəalara istinad edərək buna öz etirazını bildirir. Bütün hallarda hüquq bizim tərəfimizdədir. Bunun qarşısını almaq üçün edilən diplomatik səylər davam etməkdədir", - o bildirib.
Qurbanlı vurğulayıb ki, Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmalıdır.
"Azərbaycan bu məsələdə birmənalı şəkildə mövqeyini nümayiş etdirib və bizim siyasətimizin başlıca qayəsini işğal edilmiş torpaqların tam geri qaytarılması təşkil edir. Dövlətimiz bu məsələdə hansısa bir kompromisdən bəhs etmir. Bizim ən böyük kompromisimiz münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olmağımızdır", - deputat deyib.
O qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq normalarına və konvensiyalara müvafiq olaraq öz ərazisini işğaldan azad etmək hüququnu özündə saxlayır: "Üstəlik, bunu müttəfiq dövlətlərin iştirakı ilə də edə bilər".
Mübariz Qurbanlı daha sonra deyib: "Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev növbəti dəfə xalqımızın alternativsiz seçimi olacaq".
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsi kimi, bu gün Azərbaycan dinamik iqtisadi inkişaf tempinə malikdir, ölkəmiz beynəlxalq münasibətlərdə nüfuzlu dövlət, etibarlı strateji tərəfdaş, ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi, tolerant dövlət kimi tanınır.
YAP icra katibinin müavini vurğulayıb ki, Prezident İlham Əliyev beynəlxalq miqyasda nüfuzlu lider kimi qəbul edilir. Azərbaycan cəmiyyətində də dövlətimizin başçısına yüksək inam var.
"Yeni Azərbaycan Partiyası 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıqlarını davam etdirəcək. Əminik ki, Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının və fəallarının vasitəsilə, həmçinin Prezident İlham Əliyevin siyasətini müdafiə edən çoxminli partiyamızın üzvü olmayan vətəndaşlarla birlikdə uğurlu seçki kampaniyası həyata keçirə biləcəyik. Ümidvarıq ki, Yeni Azərbaycan Partiyası kampaniya çərçivəsində Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursunu təbliğ etməklə seçkilərdə möhtəşəm qələbə qazanacaq", - Qurbanlı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, əldə edilmiş dinamik inkişaf təkcə cəmiyyətimiz deyil, eyni zamanda beynəlxalq ekspertlər, reytinq agentlikləri tərəfindən də yüksək səviyyədə qiymətləndirilir.
"Bu isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyev cari ildə keçiriləcək prezident seçkilərində xalqımızın yüksək səviyyəli dəstəyi ilə qələbə qazanacaq", - Qurbanlı bildirib.
Sizin Reklam Yeriniz