Əlaqə Arxiv
news Image
2016.10.04
09:07
| A A A
Azərbaycan sivilizasiyalararası dialoqa yeni təkan verir
Gövhər Baxşəliyeva: “Bu səfər Azərbaycanın dünyada unikal dözümlülük, tolerantlıq məkanı olduğunu bir daha təsdiq etdi ” Aydın Mirzəzadə: “Səfər Azərbaycan üçün ölkəmizlə Vatikan arasında əlaqələrin möhkəmləndirilməsi, həqiqətlərimizin Roma Papası və onun əhatə dairəsi tərəfindən birbaşa yerində öyrənilməsi baxımından əhəmiyyətlidi

Xəbər verildiyi kimi oktyabrın 2-də Bakıda səfərdə olan Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış ediblər. Azərbaycan Prezidenti çıxışında Roma Papası  Fransiskin bu səfərinin çox böyük mənası olduğunu bildirib: "Bu, tarixi bir səfərdir. Bu səfər Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər bir daha onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək. 

Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşamışlar, bu gün də belədir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bizim diyarımızda həmişə sivilizasiyalar qovuşub, həmişə Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayıbdır. Azərbaycanda bütün dinlərin tarixi abidələri qorunub bərpa edilir. Bu gün ölkəmizdə dinlərarası, xalqlararası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Bunu təkcə biz demirik. Azərbaycan reallıqları ilə tanış olan bütün xarici nümayəndələr də bunu qeyd edirlər. Bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilmişdir. Bizim üçün multikulturalizm həm həyat tərzidir, həm dövlətimizin apardığı siyasətdir. Multikulturalizm ideyalarının təbliği işində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır. Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik. Azərbaycanda bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar". 

Roma Papası Fransisk isə çıxışında Azərbaycanda tanış olduğu mühitdən razılığını bildirdi: "Mən bu ölkəyə hazırkı cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsi ilə nəticələnən təcrübə, dəyərlər və xüsusiyyətlər toplusunu formalaşdıraraq, bu torpaqda tarix boyu yaşamış çoxsaylı xalqların verdiyi töhfənin nəticəsi kimi mədəniyyətinizin çoxçalarlılığı və zənginliyinə qəlbimdəki vurğunluqla gəlmişəm. Səmimi qəlbdən arzu edirəm ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq yolunu davam etdirsin. Ölkənizə səfəri zamanı müqəddəs II İoann Pavelin gözəl kəlamı ilə desək, qoy, "Şərq ilə Qərbin arasında qapı" olan bu məkan sülhə açıq olsun və digər keçmiş, eləcə də yeni münaqişələrin həlli üçün nümunəyə çevrilsin…

Bununla yanaşı, katolik icmasının müsəlman, pravoslav və yəhudi icmaları ilə səmimi münasibətləri saxlamasından xüsusi olaraq məmnunam və arzu edirəm ki, dostluq və əməkdaşlıq telləri daha da artsın". 

Fransiskinin bu səfəri və Azərbaycan Prezidenti ilə görüşdə səslənən fikirlər ölkəmizin multikultural dəyərlərinin dünya miqyasında daha artıq dərəcədə tanınması, onun imicinin güclənməsi baxımından hansı rol oynayır? 

Milli Məclisin deputatı Gövhər Baxşəliyevanın fikrincə, Roma Papası Fransiskin ölkəmizə səfəri Azərbaycanın dünya miqyasında geniş nüfuz qazanması baxımından böyük əhəmiyyətə malikdir: "Bu səfər Azərbaycanın dünyada unikal  dözümlülük, tolerantlıq məkanı olduğunu bir daha təsdiq etdi. Həmin səfər Azərbaycanın əsrlər boyu formalaşmış unikal multikulturalizm məkanı olduğunu bir daha nümayiş etdirdi. Xüsusən də nəzərə alsaq ki, baronessa Kerolayn Koks kimi separatçılara dəstək verən insanlar Dağlıq Qarabağa qanunsuz olaraq səfərlər edib işğalçı qüvvələr qarşısında çıxışı zamanı "burada xristianlığı müdafiə edirsiniz" fikirini səsləndirdiyi, Ermənistanı xristian anklavı olaraq təqdim etdikləri bir zamanda Roma Papasının Bakıya səfəri və ölkəmizi dinlərarası dialoq məkanı kimi tanıması, əmin-amanlılıq şəraitinin olmasını qeyd etməsi həmin qüvvələrə gözəl bir cavab və sarsıdıcı zərbədir. 

Azərbaycan ictimaiyyəti nümayəndələri tərəfindən  Roma Papasının qarşılanması və salamlanması ona müsbət mənada ciddi təsir etdi. Bir daha gördü və əmin oldu ki, Azərbaycanın bütün ictimaiyyəti dünyada mövcud olan bütün dinlərə, dünyəvi dəyərlərə  böyük hörmətlə yanaşır. Yəni, Papanın bu səfərini də Azərbaycanın imicinin yüksəlməsi baxımından ancaq yüksək dəyərləndirmək olar. Bu səfər dünyanın Azərbaycana diqqətinin daha da artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Roma Papası hara səfər edirsə, onun bütün görüşləri dünya KİV-lərində geniş şəkildə işıqlandırılır. O cümlədən Roma Papasının Bakıya olan bu səfərinin gedişində də dünyanın nəzər nöqtəsi, diqqəti Azərbaycanda idi. Dünya ictimaiyyəti bir daha ölkəmizin sülhpərvər  və çoxkonfessiyalı bir dövlət olduğuna əmin oldu". 

Milli Məclisin deputatı Aydın Mirzəzadə də bu qənaətdədir ki, sözügedən səfər Azərbaycanın dünya miqyasında siyasi nüfuzu baxımından böyük əhəmiyyət kəsb edib: "Azərbaycanda çox az, cəmi 150 nəfər katolik var. Heç də təsadüfü deyil ki, Fransisk müsahibələrinin birində öz ətrafına səslənərək onun az saylı katolik icmasına görə  bir ölkəyə səfərini qınamamağı onlardan xahiş etdi. 

Hesab edirəm ki, bu səfər ilk növbədə Azərbaycanın siyasi nüfuzu ilə bağlıdır. Azərbaycan müstəqillik dövründə özünü siyasi cəhətdən nüfuzlu, beynəlxalq arenada prinsipial mövqeyi olan, iqtisadiyyatını gücləndirən bir ölkə kimi tanıdıb. Azərbaycan bu gün nəinki Cənubi Qafqazın lider ölkəsidir, ümumilikdə dünyanın tanınan ölkələrindən biridir. Roma Papası Azərbaycana səfər etməklə ənənəvi İslam ölkələri olan bölgə ilə Vatikan arasında  körpü yaratmaq məqsədi güdüb. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında, BMT-də böyük nüfuzu var, ölkəmizlə münasibətlər çox ölkələr, və beynəlxalq qurumlar üçün böyük əhəmiyyət kəsb edir.  Bu baxımdan Roma Papasının ölkəmizə səfərini özünün əsas səfərlərindən biri saydı. Həmçinin, onun vaxtaşırı Türkiyə və Azərbaycanın taleyüklü məsələlərilə bağlı sərt mövqeləri hər iki ölkədə böyük narazılıqla qarşılandı. 

Bu səfərlə Roma Papası narazılıqları yumşaltmağa, Vatikanın siyasi nüfuzunu artırmağa çalışır. Səfər yüksək səviyyədə keçdi. Xarici mətbuatda geniş işıqlandırıldı. Onun Azərbaycan reallıqları ilə tanış olması, ölkə ictimaiyyət nümayəndələrilə görüşləri, verdiyi  bəyanatlar göstərir ki, Vatikan bundan sonra ölkəmizlə münasibətlərdə bir qədər ehtiyatlı olmağa çalışacaq. Düzdür, Papa çıxışında Dağlıq Qarabağ problemini, milyonlarla qaçqınımız, torpaqlarımızın bir hissəsinin işğal olunması məsələsinin üstündən sükutla keçdi. Bu da aydındır, Roma Papası özünün ermənipərəstliyi ilə tanınır. Ancaq bununla belə o, burada ənənəvi ermənisevər fikirlərini səsləndirmədi. Ümumən götürdükdə bu səfər Azərbaycan üçün ölkəmizlə Vatikan arasında əlaqələrin möhkəmləndirilməsi, həqiqətlərimizin Roma Papası və onun əhatə dairəsi tərəfindən birbaşa yerində öyrənilməsi baxımından əhəmiyyətlidir. Düşünürəm ki, səfər zamanı bu mümkün oldu".

Sizin Reklam Yeriniz