Əlaqə Arxiv
news Image
2016.10.06
09:00
| A A A
İkili standartlardan xilas ola bilməyən ABŞ rəsmiləri
Elşən Manafov: “Bəzi Vaşinqton rəsmilərinin dövlətimizə qarşı siyasəti məhz ikili standartlar üzərində qurulub”

ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer Azərbaycan haqqında yalan, böhtan deməsə, gözünə yuxu getmir. Bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Diplomatlar var ki, hələ də anlaya bilmirlər ki, dünyanın indiki vəziyyətə düşməsinə onlar səbəbkardırlar. Bayerin müsahibəsindən görünür ki, o, ATƏT-də özünü 1-ci katib kimi aparır (sovetlərdə olduğu kimi)... Nə üçün fakt axtarır?! Bəlli hadisə üçün fakta ehtiyac yoxdur. Twitter-inə baxın... Azərbaycan haqqında yalan, böhtan deməsə, gözünə yuxu getmir. Beynəlxalq hüquq ifadəsi dilini yara edib. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ifadəni heç vaxt işlətməyib. Belələri haqqında deyirlər... Karvan öz yolu ilə gedəcək". 

Bundan əvvəl də ABŞ-ın ATƏT-dəki səfiri Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsində  xüsusi can-fəşanlıq  nümayiş etdirib. Bu qərəzin arxasında nə dayanır? Özü də o fonda ki, Azərbaycan ABŞ-la əməkdaşlığın inkişafında maraqlıdır. 


Politoloq Elşən Manafov bildirdi ki, ABŞ-ın müxtəlif ranqlı rəsmilərinin Azərbaycanla bağlı qərəzli mövqeləri Vaşinqtonun ikili standart siyasətindən qaynaqlanır: "ABŞ-ın müxtəlif ranqlı rəsmilərinin Azərbaycan haqqında yalan, qərəz dolu bəyanatlar verməsindən təəssüflənirik. Qeyd edim ki, bu günlərdə Azərbaycan Prezidentinin ictimai məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ probleminin çözülməsilə bağlı məsələlərdə hər iki tərəfin məsuliyyət daşıdığı və məhz hər iki tərəfin siyasi iradəsi zəminində problemin həllini tapa biləcəyilə bağlı fikirlərinə münasibət bildirib. Burada Əli müəllim təəssüflə qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunda həmsədr dövlətlərdən biri olmasına baxmayaraq və baş verən proseslərin mahiyyətini bilə-bilə problemin yalnız hər iki dövlətin siyasi iradəsindən asılı olduğunu söyləyib. Azərbaycan dövləti və iqtidarının münasibəti bəllidir. Halbuki siyasi iradə nümayiş etdirə bilməyən tərəf məhz Ermənistan tərəfidir. 

Bildiyiniz kimi, Ermənistan Rusiyadan asılı bir dövlət olduğuna və müstəqil siyasət yürütmək iqtidarında olmadığına görə İrəvan hökumətinin məsələyə münasibəti də daha çox Moskvanın bölgə ilə əlaqədar maraqlarından qaynaqlanır. Eyni fikri təbii ki, ABŞ rəsmilərinə də bildirmək olar. ABŞ rəsmiləri, prezident və dövlət katibi səviyyəsində dəfələrlə qeyd ediblər ki, Bakı ilə Vaşinqton arasındakı münasibətlər enerji sahəsindəki əməkdaşlığı, beynəlxalq terrorizmə qarşı mübarizəni özündə ehtiva edir, Azərbaycan götürdüyü öhdəliklərə tam sadiqdir, etimad doğuran tərəf təsiri bağışlayır. Amma təəssüf ki, bəzi Vaşinqton rəsmilərinin dövlətimizə qarşı siyasəti məhz ikili standartlar üzərində qurulub. Bu, onu göstərir ki, ABŞ bizim bölgədə müstəqil siyasət yürüdən və Azərbaycan dövlətinin təhlükəsizliyi üçün çalışan iqtidarın sükan arxasında qalmasında maraqlı deyil. Ən azından ABŞ-dakı müəyyən dairələrin ölkəmizə münasibətdə həyata keçirdiyi və sərgilədiyi siyasət bu fikri söyləməyə bizə əsas verir. Azərbaycan dəfələrlə bəyan edib ABŞ dünyanın fövqəldövləti və Minsk qrupu həmsədr ölkələrindən biri olaraq ən azından problemin həllində ədalətli mövqe sərgiləməli və Qarabağ məsələsinin çözülməsilə bağlı məsələlərə beynəlxalq hüquq prinsipləri kontekstində yanaşmalıdır. Amma ABŞ rəsmilərinin hərəkətlərində ikili standartların üstünlük təşkil etdiyini görürük. Bu da təbii ki, bölgə ilə bağlı Vaşinqtonla Moskva arasında geosiyasi qarşıdurmanın kəskin və daha fərqli bir faza üzərinə keçə biləcəyi ehtimalını doğurur. Necə ki, hazırda Mərkəzi Asiya regionunda Özbəkistanda baş verən son olaylardan sonra ABŞ və Rusiya arasında mübarizənin daha da kəskinləşəcəyini müşahidə edirik, burada da belədir. 

Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil siyasət yeridir. Azərbaycan Gürcüstandan fərqli olaraq özünün Avropaya inteqrasiya prosesində siyasətini məhz Qərbin təklif etdiyi prinsiplər üzərində həyata keçirmir. Ona görə də ABŞ rəsmilərinin ölkəmizlə bağlı sərgilədikləri qərəzli fikirlər Azərbaycan dövlətinə təhdid və təzyiqlərdən qaynaqlanır. Bütün bu bəyanatlar da həmin təhdid və təzyiqləri gücləndirmək siyasətindən irəli gəlir. Amma düşünmürəm ki, bu təzyiqlər Azərbaycan dövlətini lap əvvəldən bəyan etdiyi kursdan geri çəkilməyə vadar edə bilsin. Referendum da göstərdi ki, xalqın böyük əksdəriyyəti iqtidarın müəyyən etdiyi islahatlar kursunu dəstəkləyir. Ona görə də xalqın dəstəyini qazanan dövlətlə təzyiq yolu ilə danışmaq bu günə qədər mümkün olmadığı kimi, bundan sonra da mümkün olmayacaq".

Sizin Reklam Yeriniz