Əlaqə Arxiv
news Image
2016.10.06
09:30
| A A A
ABŞ-ın ikili standartlar üzərində köklənmiş Qarabağ siyasəti
Con Kerri gedər ayaqda ermənilərə görə dövlətinin nüfuzunu aşağılayır

Zaman keçir, liderlər dəyişir, amma dövlətlər qalır və yollarına davam edirlər. Dövlətlərin də böyüyü, kiçiyi, güclüsü, gücsüzü var. Əksər vaxt fərq iqtisadiyyatla, inkişafla, hərbi güclə ölçülsə də, mənəvi güc heç vaxt yaddan çıxmır və onun dəyəri qat-qat artıq olur. Buna görə də bəzən ən iri supergüclər mənəvi gücünə arxalanan xırda dövlətlərin yanında belə cılız görünür. Necə ki, bəzi dövlət xadimləri də vəzifəsindən və statusundan asılı olmayaraq meydanı cılız əməlləri ilə tərk edirlər. Bu mənada ABŞ-ın dövlət katibi Con Kerrinin ay yarım sonra vəzifəsindən hansı halda gedəcəyi dərin təəssüf hissi doğurur: özünə görə yox, ABŞ dövlətində tutduğu vəzifəsinə görə.

Bu günlərdə ABŞ dövlət  katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlaması supergüc adlanan dövlətə ləyaqət gətirən fikir deyil və ikili standartların təzahürüdür. Ona görə ki, ABŞ-ın münaqişənin həllində üzərinə mühüm missiya götürüb. Hətta Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunun həmsədri olmasaydı da, dünya çapında oynadığı rola, tutduğu mövqeyə və apardığı siyasətə görə belə fikirləri səsləndirməyə layiq görülməzdi. Amma Con Kerri bunu etdi və dövlətinin mənafeyini özünün kiçik ambisiyalarına qurban verməkdən çəkinmədi. 

"Liderlər" deyəndə təbii ki, o, Azərbaycanın dövlət başçısını da nəzərdə tutub. Nə üçün? Axı, dünyanın ən səlahiyyətli qurumu olan və ABŞ-da yerləşən BMT tribunasından Azərbaycan Prezidenti İlham Əliyev bir dəfə yox, dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini açıqlayıb, zərərçəkən tərəf olmasına baxmayaraq başçılıq etdiyi ölkənin vətəndaşları sayılan ermənilərə kifayət qədər yüksək status verməyə razılaşıb, onların həyatının yaxşılaşdırılmasına və təhlükəsizliyinə təminat verib. Bunu "hazır olmamaq" kimi dəyərləndirmək, ən azı, vicdansızlıqdır. Hələ, ən güclü dövlətin nümayəndəsinin dilindən bu cür ifadənin səsləndirilməsinin siyasi intriqabazlıq olduğunu demirik. 

Bəs görəsən, C.Kerri belə güclü analitikdirsə, nə üçün digər regionlarda davam edən münaqişələr üzrə belə açıqlamalar vermir? Axı, hazırda davam edən münaqişələr arasında Dağlıq Qarabağın tarixi məxsusluğu və ermənilərin bu torpaqlara köçürülməsi haqda elə Amerikanın özündə gözəl bilirlər. Biz Kerrinin açıqlamasının arxaslnda gizlənən tryukları gözəl bilirik. 

2016-cı ilin aprel hadisələrindən sonra buz yerindən tərpənib, ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı fəallığını artırıb. Azərbaycanın 1 milyondan çox qaçqını ev-eşiyinə qayıtmaq üçün dualarının sayını artırıb. Çünki ümidlənib. Amma bu həssas məqamda ABŞ dövlət katibi absurd bəyanatla çıxış edib cücərən pöhrələri dondurur. Niyə? Ona görə ki, artıq dövlət katibi postunu tərk etməyə hazırlaşan C.Kerri erməni lobbisindən yararlanmaq üçün ona verdiyi vədi yerinə yetirmək istəyir. 30 ilə yaxındır ki, o, ABŞ-ın xarici siyasətində Amerika ermənilərinin maraqlarını prioritet kimi müdafiə edir. Erməni ordusunun Qarabağı işğala başladığı dövrdə Azərbaycanın əl-qolunu bağlamaq üçün ABŞ-ın qəbul etdiyi Azadlığı Müdafiə Aktına bədnam "907-ci düzəlişi" məhz C.Kerri və konqresmen Ueyn Ouensin adı ilə bağlıdır. Bu fakt sübut edir ki, Azərbaycan torpaqlarının işğalında dolayısı ilə Con Kerrinin əməyi olub. Onun qondarma "erməni soyqırımı"nın tanınması yolunda apardığı fəaliyyət də yaddan çıxmayıb. Hətta 2008-ci il sentyabrın 26-da ABŞ senatorları Robert Menendez və C.Kerri ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Ceffridən qondarma "erməni soyqırımı"nı tanımağı tələb ediblər. C.Kerri də daxil olmaqla bir qrup senator 1990-cı il 20 yanvar hadisələri ərəfəsində "160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyi" haqda bir qrup amerikalı senatorun M.Qorbaçova ünvanladığı müraciətdə C.Kerrinin adının öndə yazılması da yaxşı xatirimizdədir. 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ümidlərin yarandığı bir vaxtda ABŞ-ın ermənipərəst dövlət katibinin belə bir açıqlama verməsi şübhəsiz ki, Azərbaycan əleyhinə işləyən qüvvələrin ststus-kvonu saxlamağa göstərdikləri növbəti cəhd sayılmalıdır. Məhz bu bəyanatla Kerri həm də münaqişənin həllində Rusiyanın fəallığını zəiflətmək və gündəlikdə olan təşəbbüslərin reallaşmasını sabotaj etmək istəyir.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ABŞ-ın üzərinə götürdüyü öhdəliklər, BMT Təhlükəsilik Şurasının daimi üzvü kimi qurumun çıxardığı  4 qətnamənin icrasından irəli gələn vəzifələr, ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri kimi vasitəçilik missiyasından danışan Azərbaycan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Con Kerrinin açıqlaması haqda deyib: "Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üzərlərinə götürdükləri öhdəlikdən və bu öhdəliyin məsuliyyətindən müəyyən mənada boyun qaçırmaqdır. Məsuliyyəti münaqişə tərəflərinin liderlərinin üzərinə atmaqdan başqa bir şey deyil. Bu, yolverilməzdir. Yolverilməzdir ona görə ki, beynəlxalq hüquq norması var. Beynəlxalq hüquq normasına dövlətlərin əməl etməsinə məcbur edən beynəlxalq hüququn çərçivəsi var".

Məsələ burasındadır ki, ABŞ dövləti, o cümlədən bu ölkəninin prezidenti status-kvonun qəbuledilməzliyi ilə bağlı rəsmi bəyanat verib. Con Kerrinin səsləndirdiyi bu fikirlər elə həmin bəyanatın özünə  də ziddiyyət təşkil edir və ABŞ-ın dünyadakı nüfuzuna ağır zərbə vurur. Çünki, status-kvo qəbulolunmazdırsa, o zaman münaqişənin həll yolu tapılmalıdır. Bu məsələdə isə ABŞ öz üzərinə müəyyən məsuliyyət götürüb

"Əgər beynəlxalq hüququn normalarının hansısa dövlətin başçısı görməzdən gəlirsə və yaxud onu bilərəkdən pozursa, qulaqardına vurursa, onun nə vaxt buna hazır olacağını gözləmək lazım deyil. Bu dövlətlərin statusu onu tələb edir ki, onlar  həmin dövləti beynəlxalq hüquq normalarına əməl etməyə məcbur etməlidirlər, ona təsir göstərməlidirlər, təzyiq göstərməlidirlər", -deyə Əli Həsənov bildirib. Göründüyü kimi, Con Kerri bu bəyanatı ilə yalnız özünü və dövləti adına apardığı ikili siyasəti ifşa edib.

Sizin Reklam Yeriniz