Əlaqə Arxiv
news Image
2016.10.07
09:00
| A A A
Azərbaycan multikulturalizmi sivilizasiyalararası dialoqun təməlidir
Birgəyaşayışın Azərbaycan modeli sülh çağırışlarının başlıca motividir

Müasir elmin üzərində çalışdığı problemlərdən biri bioenerjinin idarə edilməsində insanın rolunu öyrənməkdir. Fizika elmi bizə öyrədir ki, elektrik enerjisi müsbət və mənfi ionların təması ilə yaranır və bütün proses yalnız bu təmas üzərində baş tuta bilər. Fəlsəfi anlamda bu ikiqütblülük anlamına gəlir. Ancaq indi neotexnologiyalar sayəsində sübut olunub ki, elektrik enerjisini birqütblü əsasda, deyək ki, yalnız proton axını, yəni müsbət xarakterli ionlar sayəsində də əldə etmək mümkündür. Başqa sözlə, mənfi yükləri məhv etmək, müsbət yüklü hissəcikləri isə inkişaf etdirməklə elektrik enerjisi əldə etmək olar. Fiziki sahədə bu mövzu üzrə kiçik ölçüdə müəyyən uğurlar əldə olunub. Bununla işimiz yoxdur. Bizim üçün əsas qayə cəmiyyət həyatında yalnız müsbət meyillərlə müşayiət olunan yaşam tərzinin formalaşmasıdır. Bəşəriyyət yaranandan bu arzu bütün sivilizasiyalarda müzakirə mövzusu olub, lakin heç bir dövlətdə bu prosesə nail olunmayıb. 

Müxtəlif dünyagörüşlü insanların sülh şəraitində birgə yaşaması haqda elmdə nəzəriyyələr, işdə təşəbbüslər irəli sürülsə də, hətta bəzən zor tətbiq edilsə də nəticə əldə olunmayıb. Ancaq indi dünyada ictimai-siyasi, iqtisadi və mənəvi problemlər o dərəcədə kəskinləşib ki, heç vaxt olmadığı qədər hamıya sülh lazımdır. Hamı arzulayır, dilə gətirir, istəyir, amma bir yol tapıb istəyini həyata keçirə bilmir. Belə bir məqamda Qafqaz dağlarının ətəklərində intişar tapmış Azərbaycan Respublikasından bütün dünyaya çağırışlar səslənir. 

Multikulturalizm və multikonfessionalizm... Qəribədir, yüksək inkişaf etmiş ölkələrdə sürətlə davam edən urbanizasiya prosesi şəhərlə kənd arasında olan fərqləri aradan qaldırır. Sosial-iqtisadi inkişaf və mədəni-məişət problemləri sarıdan əhali qruplarının bir-birinə yaxınlaşması cəmiyyətdə həyat tərzinin yaxınlaşmasını stimullaşdırır. Lakin dini inanclar və etnik mədəniyyətlərin fərqliliyi mütləq mənada qorunub saxlanır. Problem də bu müstəvidə yaranır. Heç bir millət inancından və milli adət-ənənəsindən geri çəkilmək istəmir. Bəs onda çıxış yolu nədədir? Öz inancı və mədəniyyəti ilə dostluq və əmin-amanlıq şəraitində birgə yaşamaqda. Lakin bu dildə nə qədər gözəl və asan səslənsə də əməldə ciddi əksliklər yaradır.

Məsələ burasındadır ki, multikulturalizm və multikonfessiallıq elə zərif və həssas duyğulardır ki, bunları arzulamaqla meydana gətirmək mümkün olan iş deyil. Belə bir həyat tərzinin formalaşması üçün əsrlər tələb olunur. Azərbaycan məhz bu yolu dünyada ilk olaraq keçib və bir neçə dinin bir-birinə mane olmadan mövcudluğunu saxlayan, yüksək mənəvi dəyərlərin inteqrasiyasına nail olan cəmiyyət formalaşdırıb. 

Bir neçə gün əvvəl keçirilən V Bakı Beynəlxalq Humanitar Forumu respublikada yaşayan bütün etnik qrupların və dini inanclıların birliyini bir daha nümayış etdirib. Dünyanın hər yerindən Foruma qatılan və irqinə, dininə, dərisinin rənginə, mədəniyyətinə görə fərqlənən insanlar Bakıdakı dostluq və əməkldaşlıq mühitinin ab-havasından həvəs və həsədlə danışıblar. İqtisadi və mədəni cəhətdən dünyanın ən aparıcı ölkələrinin alimləri, sosioloqları, ictimai xadimləri, dövlət adamları Azərbaycanda formalaşmış cəmiyyətin köklərini öyrənməyə çalışıb, dünya ictimaiyyətini onun xarakterik cizgilərini yaymağa və tətbiq etməyə çağırıblar.

V Bakı forumu işini bitirsə də əks-sədası davam edir. Bu günlərdə Forumun iştirakçısı olmuş  Lüksemburqun "Editpresse Luxembourg" portalının redaktoru Marina Nikls-Uşçekovanın "ru.russki.lu" saytında "Azərbaycan multikulturalizmi sivilizasiyalararası dialoqun təməlidir" adlı məqaləsi dərc olunub. Məqalədə V Bakı Beynəlxalq Humanitar Forumu haqqında geniş məlumat verilib, 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi qeyd olunub. M.Nikls multikulturalizmin, multikonfessionallığın ölkəmizdə həyat tərzi olduğunu yazıb. Forumda çıxış edən Prezident İlham Əliyevdən sitatlar gətirən müəllif qeyd edib ki, forum iştirakçıları XXI əsrin əsas çağırışlarını – artan yoxsulluğu və dünya gənclərinin böyük hissəsinin lazımi təhsil ala bilməməsini nəzərdə tutaraq gələcəyi proqnozlaşdırmağa cəhd göstəriblər. Dəyirmi stol ətrafında dialoq keçirilib. Multikulturalizmin müxtəlif modelləri, əhalinin kütləvi şəkildə yerdəyişməsi zamanı insan kapitalının qorunması üçün şərait və sairə məsələlər müzakirə olunub. Məhz insan kapitalının qorunması və inkişafı Azərbaycan dövlətinin başlıca nailiyyətlərindən sayılır. Çünki, erməni qəsbkarlığı nəticəsində ölkədə 1 milyondan çox insan məcburi köçkün statusuna düşüb. Bu qədər insanın yerləşdirilməsi, normal qidalanması, təhsil alması, həyata və gələcəyə ümidini itirməməsi üçün böyük ölçüdə ciddi fəaliyyət tələb olunur. Ölkə başçısının öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi Azərbaycan dövləti "neft kapitalını insan kapitalına" çevirməyi bacardı. Bu gün qaçqın və məcburi köçkünlər arasında yetişən müasir səviyyəli mütəxəssislər, adlı-sanlı mədəniyyət və incəsənət xadimləri, elm adamları bu sahədə qazanılan uğurlara nümunədir.   

Roma Papası Fransiskin Azərbaycana səfəri ölkəmizin sülhpərvər imicini dünyada daha da artırıb. Təsadüfi deyil ki, cəmiyyətimizin konfessiallıq dəyərini Papa Fransisk yüksək qiymətləndirib: "Azərbaycanda katolik, müsəlman, pravoslav və yəhudi icmaları arasında səmimi münasibətlər formalaşıb, bu gözəl münasibətlər dinc yanaşı yaşamaq və bütün dünyada sülh üçün böyük əhəmiyyət kəsb edir". Azərbaycan cəmiyyətinin monomillət olmadığını qeyd edən Katolik kilsəsinin başçısı jurnalistlərlə söhbətində deyib ki, siz ingilis, ispan, rus, Azərbaycan dillərində danışırsınız, demək olar ki, bu cəmiyyət kilsə divarlarından kənarda qalıb. Ölkəmizdə olarkən yerli qonaqpərvərlikdən razılıq hissi ilə danışan Papa bu xüsusiyyəti qədim kökləri olan Azərbaycan xalçası ilə müqayisə edib və hamını "bu xalşanın möhkəm ilmələri kimi" birləşməyə çağırıb.       

Bəli, müasir Azərbaycan cəmiyyətinin dünyadakı nüfuzu ildən-ilə artır və özündən böyük və daha geniş cəmiyyətləri ətrafında toplamağa nail olur. Bu, ölkə vətəndaşları üçün çox xoş və qürurverici bir hissdir.

Sizin Reklam Yeriniz