Əlaqə Arxiv
news Image
2016.10.08
09:15
| A A A
Ermənistanda oliqarxların yeni savaşı başlanır
Aşot Manuçaryan: “Ermənistanda baş verən dəyişikliklər erməni qüvvələrinin ixtiyarında deyil, biz xaricdən idarəetmənin təsiri ilə hərəkət edirik, hazırda bu, dəfələrlə güclənib”

İrəvanda baş verən hökumət dəyişikliyindən sonra da işlər rəvan getmir. Prezident Serj Sarkisyanın köhnə dostları onun siyasətindən narazılıqlarını açıq ifadə edirlər. KİV-də gedən məlumatlara əsaslansaq, deyə bilərik ki, narazıların başında keçmiş müdafiə naziri Seyran  Ohanyan durur. Çünki, Serj Sarkisyan hökuməti buraxdıqdan sonra Ohanyana bir neçə vəzifə təklif edib. Ona Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Təhlükəsizlik Şurasının katibi kimi vəzifələri vermək istəsələr də keçmiş müdafiə naziri bu təkliflərin hamısından imtina edib. Bəzi mənbələr Seyran Ohanyanın onu müdafiə naziri postundan başqa heç bir vəzifənin maraqlandırmadığını söylədiyi qeyd edib. Deyilənə görə, bütün bunların ardinca Ohanyan müxalifətə keçib. Eyni zamanda vəzifəsini itirən bir çox məmur da Sarkisyana qarşı birləşməyə meyllidir. 

Ümumiyyətlə, indiki məqamda Ermənistan hökumətində  bəlkə də ən mühüm post olan müdafiə nazirinin təyini və ya dəyişdirilməsi Kremlin razılığı və istəyi olmadan həyata keçirilməz. Bu, bütün hallarda forpost ölkə üçün aksiomadır. Heç kimə sirr deyil ki, Ermənistanı Moskva idarə edir. Düzdür, o, yalnız strateji əhəmiyyətə malik postları nəzarətində saxlayır, yerli əhəmiyyətli vəzifələri hakimiyyətin öz ixtiyarına buraxır. Amma bütövlükdə ölkə rəhbəri adlanan şəxsin və ümumiyyətlə, dövlətin hər addımı ciddi izlənilir. Bu səbəbdən də İrəvanda gedən proseslər siyasi oyunlardan başqa bir şey deyil.

Amma Moskvanın işinə yaramaqla onun qulluğunda durub yüksək post tutmaq, hətta prezident olmaq üçün daxili qruplararası mübarizə hər bir halda gedir. Ohanyan və Serjin münasibətləri haqda söz-söhbət də bu mübarizədən qaynaqlanır.

S.Ohanyan, yəqin ki, Kremlin istəyilə KTMT-nin baş katibi olacaq. Hazırda ona köhnə dostundan çox Kremlə sədaqət nümayiş etdirmək daha sərfəlidir. Kim bilir, bəlkə bir gün onu prezident kreslosuna oturdacaqlar?! Yox, əgər bu baş verməsə, Ohanyan həqiqətən yeni partiya yaradıb müxalifətə keçsə, bu, yenə də Kremlin razılığı ilə köhnə dostların siyasi oyunundan o yana keçməyəcək. Hakimiyyət dəyişikliyi qaçılmaz olacağı təqdirdə Sarkisyan yerini Ohanyana verəcək. Başqa sözlə, bu, Köçəryanın qayıdışını əngəlləmək üçün bir vasitəyə çevriləcək.

Bütün bunların fonunda köhnə dostlar arasında Sarkisyandan narazı qalanların sayı artmaqdadır. Vaxtilə məşhur olan "Qarabağ" komitəsinin çoxdan səsi çıxmayan üzvü Aşot Manuçaryan da Sarkisyandan narazılığını "1in" saytına verdiyi müsahibədə dilə gətirib və onu düşmənçiliyi dərinləşdirməkdə günahlandırıb. Bir tərəfdən insanların çıxış yolunun olmadığını, digər tərəfdən nifrətin artdığını qeyd edən A.Manuçaryan deyib: "Ermənistanda baş verən dəyişikliklər erməni qüvvələrinin ixtiyarında deyil, biz xaricdən idarəetmənin təsiri ilə hərəkət edirik, hazırda bu, dəfələrlə güclənib". Onun fikrincə, müsbət dəyişikliklərə xalqın gözləntiləri böyükdür, lakin S.Sarkisyan qarşıdurma və xaos üçün zəmin yaradır: "Belə xaosun ilk hədəfi o özü olacaq. Əfv gözlənilirdi, amma o, həmin ərəfədə bir sıra şəxslərə ittihamlar irəli sürdü. O özü düşmənçiliyi artırır". 

Manuçaryan anlaya bilmir ki, xaos Ermənistandakı vəziyyətin mahiyyətindən doğur və bunun qarşısını almaq üçün hakimiyyət ölkənin yerləşdiyi regionda reallıq əsasında siyasət aparmalı, qonşularına qarşı təcavüzkar siyasətindən əl çəkməlidir. Bu siyasətilə Ermənistan hakimiyyəti öz-özünü təcriddə saxlayır və qonşu dövlətləri də buna təhrik edir. Bu gedişlə erməni cəmiyyətinin xaosu hələ uzun çəkəcək.

Sizin Reklam Yeriniz