Əlaqə Arxiv
news Image
2013.01.11
07:05
| A A A
Qarabağ səmasında Azərbaycan hərbi təyyarələri…
Ölkəmizdə hərbi aviasiya yeni müasir hərbi texnika ilə daha da gücləndirilir

Ermənistanla müharibə vəziyyətində olan, ərazisinin bir hissəsi hələ də işğal altında saxlanan Azərbaycan son illərdə hərbi xərclərini daha da artırmaqdadır. Bu, artıq beynəlxalq miqyasda da təbii hal sayılır və vurğulanır ki, hadisələrin real inkişaf istiqaməti Azərbaycan ərazi bütövlüyünü güc yolu ilə təmin etməkdən başqa seçim yeri qoymur.

Çünki, Ermənistan Dağılq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün konstruktiv mövqe nümayiş etdirməkdən hələ də uzaq mövqe tutur.

Qeyd olunan kontekstdə ordusunu daha güclü hala gətirən Azərbaycan aviasiya qüvvələrinin də daha təkmil hala gəlməsi üçün zəruri addımlar atır. Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həll olunacağı təqdirdə isə aviasiya burada kifayət qədər həlledici faktorlardan biri olacaq və bu reallıq ölkəmizdə lazımınca qiymətləndirilir. Məlumatlara görə isə yaxın perspektivdə Azərbaycan hərbi aviasiya parkına Rusiya istehsalı olan yeni hücum helikopterlərini daxil etməyi planlaşdırır. Belə ki, Azərbaycan tərəfi Rusiya istehsalı olan Ka-52 "Alliqator" tipli zərbə helikopterlərinin satın alınmasına marağını ifadə edib. Bundan başqa məlumdur ki, bəzi postsovet ölkələri yaxın perspektivdə MiQ-29M/M2 tipli döyüş təyyarələrini satın ala bilər. Belə ölkələrdən biri də məhz Azərbaycandır. Qeyd edək ki, bir yerli MiQ-29M və iki yerli MiQ-29M2 təyyarəsi döyüş yüklənməsi və bort silahlarının genişləndirilmiş nomenklaturası, uçuşun artırılmış uzaqlığı ilə "4++" nəsil çoxfunksiyalı döyüş təyyarələri hesab olunurlar.

Təkmilləşdirilmiş füzelyaj və qanada malik MiQ-29M/M2 təyyarələrinin yanacaq sisteminin həcmi artırılıb. MiQ-29M/M2 təyyarələri yaxşılaşdırılmış istismar xarakteristikaları, aqreqatların və sistemlərin yüksəldilmiş etibarlılığı ilə fərqlənirlər. Bu döyüş təyyarələrinin bort radio elektron avadanlığı MIL-STD-1553B standartı əsasında açıq arxitektura prinsipi üzrə qurulur. Tələbə görə sifarişçi təyyarədə Rusiyada, yaxud hansısa xarici ölkədə istehsal edilmiş avadanlığı və silahları yerləşdirə bilər. Təyyarədə həmçinin "Fazotron-NİİR" Korporasiyası tərəfindən istehsal edilmiş "Juk-ME" çoxfunksiyalı bort radiolokasiya stansiyası qurulub. Əvvəlki nəsil bort RLS-ləri ilə müqayisədə "Juk-ME" daha böyük diapazona, iki dəfə artırılmış aşkar etməyə malikdir. RLS 10 hava hədəfini eyni vaxtda izləməyə və onlardan dördünə qarşı raket atəşi ilə döyüş aparmağa imkan verir.

Ümumiyyətlə, ötən 10 ildə hərbi aviasiyanın gücləndirilməsi rəsmi Bakının əsas prioritetlərindən biri sayıla bilər. Yeni döyüş təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının (PUA) alınması, ölkədə PUA istehsalının yaradılması, aviaparka daxil olan təyyarələrin və helikopterlərin modernləşdirilməsi, hərbi aerodromların yenidən qurulması, milli kadrlarla komplektləşdirilmə, kadrların bilik və bacarıqlarının artırılması nəticəsində Azərbaycan hərbi aviasiya imkanlarına görə, Cənubi Qafqaz və MDB məkanında ön yerlərə yüksəlib. Azərbaycan pilotları uçuş saatlarına görə, postsovet məkanında ilk yerdə qərarlaşmaqla yanaşı, keçmiş Sovet və NATO ölkələrində istifadə edilən uçuş aparatlarını idarə etməyi bacaran yeganə kadrlar hesab olunur.

Müxtəlif məlumatlara görə, hazırda Azərbaycanın hərbi aviasiya parkına keçmiş Sovet istehsalı olan MiG-21, MiG-23, MiG-25, MiG-29, Su-17, Su-24, Su-25, Aero L-29, Aero L-39 tipli döyüş və təlim təyyarələri, İl-76 yük, Tu-134 nəqliyyat təyyarələri, desant çıxarma və evakuasiya əməliyyatlarında istifadə olunan An-2 tipli yüngül təyyarələr, Mi-6, Mi-8, Mi-17, Mi-24, Mi-35M, Mi-172, Ka-32 tipli helikopterlər daxildir. Hərbi aviasiya parkına 2005-ci ildən daxil edilməyə başlanmış, Ukrayna istehsalı olan dördüncü nəsil MiG-29 təyyarələri müxtəlif çətin tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Adıçəkilən təyyarələr Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcuddur. Azərbaycanın hərbi aviaparkının yenilənməsi barədə BMT Adi Silahlar Registrində yer alan məlumatlar son 10 ildə rəsmi Bakının bu sahədə böyük addımlar atdığını göstərir. Registrdə alıcı və satıcı ölkələrin təqdim etdiyi hesabatlara görə, son 10 ildə hərbi aviasiyanın inkişafı proqramları çərçivəsində Azərbaycan tərəfindən müxtəlif ölkələrdən 47 döyüş təyyarəsi və 109 helikopter, 30-dan artıq PUA alınıb.

Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan PUA-lar ilk dəfə ictimaiyyətə 2008-ci ildə Bakı şəhərində keçirilən hərbi paradda təqdim olunub. 2008-2011-ci illərin hərbi paradlarında əsasən Orbiter-2M və Aerostar tipli PUA-lar nümayiş etdirilsə də sonrakı dövrlərdə beynəlxalq mərkəzlərin, o cümlədən SİPRİ-nin hesabatlarında yer alan məlumatlara görə, Azərbaycan İsraildən əlavə olaraq 10 ədəd Hermes-450, 5 ədəd Searcher və 5 ədəd Heron tipli PUA satın alıb. Aviasiyasını mütəmadi şəkildə gücləndirməkdə davam edən Azərbaycan qarabağ münaqişəsi hərbi fazaya keçəcəyi təqdirdə müharibəni qısa zaman kəsiyində tam qələbə ilə başa vurmaq əzmindədir. Qarabağ səmasında Azərbaycan hərbi təyyarələri və digər döyüş vasitələri isə düşmənin istənilən hədəfini məhv etmək gücündədir.
Sizin Reklam Yeriniz