Əlaqə Arxiv
news Image
2013.01.11
11:05
| A A A
Müxaliflər seçkidə iştiraklarını qətiləşdirməkdə hələ də çətinlik çəkirlər
Ənvər Ağazadə: "Yanvarda keçirilən Ali Məclisdə partiyanın prezident seçkilərində tutacağı mövqe tam qərar şəklində veriləcək" Rauf Qurbanov: "Hələlik bununla bağlı Mərkəzi Komitədə hər hansı bir qərar yoxdur"

Samir Əsədli: "Vahid namizəd olmasa, partiyanın sədri seçkilərə qatılmaqdan imtina etsə, məsələ təşkilatda müzakirə olunacaq"

Arzuxan Əlizadə: "İndilikdə isə məsələ ətrafında yekdil qərar yoxdur"

Sərdar Cəlaloğlu: "Bu gün müxalifətdə namizəd kimi iştirak etmək istəyən adamlar arasında özümdən hər hansı bir üstünlüyə malik bir nəfər də adam görmürəm"


Azərbaycanda bir sıra partiyalarda seçki prosesinə hazırlıq işlərinə start verilib. Birlikdən dəm vuran radikal müxalifət təmsilçiləri də seçkidə iştirakda maraqlı olsalar da vahid namizədin məsələsində dalana dirəniblər. Amma Azərbaycanda müxalifət heç də həmcins deyil. Radikallarla yanaşı, bir sıra digər müxalifət qüvvələr də var ki, onlar da prosesdə iştirakda maraqlıdır. 

Lakin nədənsə həmin qüvvələr radikal müxalifətlə müqayisədə bu barədə hələlik cəmiyyəti məlumatlandırmağa meylli görünmürlər. Görəsən, müxalifətin digər kəsimi, sol, sağ yönümlülər necə seçkilərdə iştirak edəcəklərmi? İştirak edəcəklərsə bunu hansı formada etməyi düşünürlər?   

Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə bildirdi ki, prezident seçkilərinə münasibət məsələsi yanvar ayının sonlarında baş tutacaq Ali Məclisin iclasında öz əksini tapacaq: "Sözsüz ki, prezident seçkilərində iştirak edəcəyik. 2010-cu ilin parlament seçkilərindən sonra 2013-cü ilin prezident seçkilərinə getməklə bağlı siyasi fəaliyyəti ortaya qoymuşuq. Bu gün də həmin fəaliyyət davam edir. Güman ki, partiyanın ali orqanları prezident seçkilərində iştirakla bağlı qərar verəcək. Biz bunda iddialıyıq və partiyamızın öz namizədi olacaq. Düzdür, istərdik ki, "Qarabağ" bloku çərçivəsində vahid namizədimiz olsun. Bu istiqamətdə müəyyən gözləntilərimiz var. Ona görə də hələlik təkbaşına olaraq namizədliyi irəli sürməmişik. Amma yəqin, yaxın günlərdə yanvarda keçirilən Ali Məclisdə partiyanın prezident seçkilərində tutacağı mövqe tam qərar şəklində veriləcək. Məlumat üçün bildirim ki, dekabr ayının 29-da baş tutan partiyanın ümumrespublika müşavirəsində Ali Məclisə partiyamızın prezident seçkilərində iştirak etməsilə bağlı qərarın qəbul edilməsi və namizədinin elan olunması tövsiyə olunub. Ümid Partiyasının namizədi də sədr İqbal Ağazadədir. Ola da bilər partiyamız "Qarabağ" blokundan kənar qüvvələri də dəstəkləsin. İndidən isə bu barədə bir şey demək olmaz, amma mümkündür. 2013-cü il siyasi proseslərin sürətləndiyi il olacaq. Burada ciddi canlanma müşahidə olunacaq". 

Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanovun isə sözlərindən belə çıxdı ki, onlar hələlik gözləmə mövqeyindədirlər: "Partiyamız prezident seçkilərində iştirak edəcək. Ancaq seçkilərdə iştirakın müxtəlif formaları var. Vahid namizədlə də iştirak edə bilərik, kiminsə namizədliyini dəstəkləyə də bilərik. Hələlik bununla bağlı Mərkəzi Komitədə hər hansı bir qərar yoxdur. Sadəcə olaraq, Azərbaycan Kommunist Partiyası bütün rayon və şəhər təşkilatlarına seçkilərdə iştirakla  bağlı müvafiq tapşırıqlar verib ki, yerlərdə məsələ araşdırılsın. Bütün bu məlumatlar Mərkəzi Komitəyə daxil olduqdan sonra məsələ katibliyin geniş müzakirəsinə çıxarılacaq. Yalnız bundan sonra seçkilərdə hansı formada iştirakla bağlı qərar verəcəyik". 

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşkilat şöbəsinin müdiri Samir Əsədli də məsələ barədə qəti fikir bildirmədi: "Hər bir partiyanın başlıca amalı seçkilərdə iştirak etməkdən ibarətdir. Partiya sədri Sabir Rüstəmxanlı namizədliklə bağlı qəti fikir bildirməyib. Biz də düşünürük ki, müxalifət seçkiyə vahid namizədlə qatılmalıdır. Bu baş versə partiyamız da buna uyğun addım ataraq həmin namizədi dəstəkləyə bilərik. Bəlkə də vahid namizəd VHP-nin sədri oldu? Vahid namizəd olmasa, partiyanın sədri seçkilərə qatılmaqdan imtina etsə, məsələ təşkilatda müzakirə olunacaq. Bu halda partiyanın başqa bir üzvü də namizəd ola bilər. Bu partiya məclisinin sədri Rafiq Manaflı və ya Siyasi Şuranın üzvü Əlövsət Əliyev də olar. Seçkilərə qatılmaqdan imtina arqumentinin güclü olması ehtimalı da var". 

AMİP-in baş katibi Arzuxan Əlizadə da qeyd etdi ki, seçkilər məsələsində partiyada hələlik yekdil qərar yoxdur: "Ümumiyyətlə AMİP yarandığı gündən ölkədə keçirilən bütün seçkilərdə, bələdiyyə, parlament və prezident seçkilərində öz namizədlərilə iştirak edib. Bu mənada partiyanın növbəti seçkilərdə də iştirakı gözlənilir. Amma hansı formada, öz namizədi və ya blok şəklində iştirakla bağlı son qərarı partiyanın qurultayı verəcək. Qurultayın isə cari ilin yay aylarında keçirilməsi gözlənilir. Ümumilikdə isə AMİP seçkilərə hazırlıqla bağlı bütün strukturlarla gündəlik iş aparır. Qərar veriləcəyi təqdirdə konkret olaraq seçkilə bağlı hazırlıq işlərinin görülməsinə də start veriləcək. İndilikdə isə məsələ ətrafında yekdil qərar yoxdur. Müxtəlif fikirlər mövcuddur. Bunlardan biri normal seçki mühitinin formalaşması təqdirində seçkidə namizədlə iştirak etməkdən ibarətdir. Digər tərəf isə partiyanın öz namizədilə iştirakını daha məqbul görür. Bu məsələlər ətrafında son qərarı də qurultay verəcək. Ona görə də bəri başdan partiyanın seçkilərdə hansı formada iştirakı ilə bağlı fikir söyləyə bilməyəcəyik. Seçkilərdə iştirak edəcəyik. Amma hansı formada iştirak məsələsi hələ ki, sual altındadır. Bununla bağlı qərar olmalıdır". 

ADP sədri Sərdar Cəlaloğlu namizəd olaraq prezident seçkilərində iştirak etməkdə bir o qədər də maraqlı olmadığını dedi: "Seçkilərdə iştirak etmək lazımdır və istənilən halda müxalifətin mümkün birliyinə də nail olmaq gərəkdir. Ona görə də seçici səsinin dağılmasına imkan verməmək üçün müxalifət mümkün qədər daha az namizədlə prosesə qatılmalıdır. Müxalifət daxili mübarizənin baş verməsinə stimul verəcək addımlardan qaçmalıyıq. İştirak məsələsi də situasiyadan asılıdır. Bu gün müxalifətdə namizəd kimi iştirak etmək istəyən adamlar arasında özümdən hər hansı bir üstünlüyə malik bir nəfər də adam görmürəm. Düzdür, özüm namizəd olaraq seçkilərdə bir o qədər də iştirak etməkdə maraqlı deyiləm. Lakin Azərbaycanda belə bir vəziyyət yaranıb ki, namizəd kimi iştirak etməsən, sənə namizəd olanla müqayisədə qüsurlu insan kimi baxırlar". 

Həsən İSLAMOV 

Sizin Reklam Yeriniz