Əlaqə Arxiv
news Image
2016.10.12
09:30
| A A A
Kreml SSRİ dönəmindəki hərbi bazaları bərpa edir
NATO və Rusiya arasında bazalar rəqabəti genişlənir

Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, belə görünür ki, "şimal ayı"sının (Qərbdə bu ayamanı dilinə gətirənin tükləri biz-biz olur) belini qırmaq əvəzinə, onun gücünü artırıb. Düzdür, ruslar sosial vəziyyətlərinə görə bir neçə il əvvəlin həsrətini çəkirlər. Amma Vladimir Putinin şəxsiyyətinə pərəstiş və novoşovinizm duyğuları hələ ki, onların vodka məhəbbətinə üstün gəlir. Və Putin sovetin dövründəki hərbi bazaları aramla dirçəldir, yaxud yenilərini yaradır. 

Bu günlərdə Kremldən gələn xəbərdə bildirildi ki, Rusiya Suriyada hərbi dəniz bazası yaradır. Əslində, bu baza keçən il yaradılmışdı, görünür, işlər başa çatdığı üçün indi rəsmən elan edilib. Bundan başqa digər mənbədən alınan məlumata görə, Moskvanın hakim dairələrində artıq Kubada vaxtilə olmuş hərbi bazaların dirçəldilməsi barədə fikirlər dolaşır. Bu, ABŞ-ın Şərqi Avropada, o cümlədən Pribaltika ölkələrində peyda olan hərbi kontingentinə cavab mesajıdır. 

Suriyada rus hərbi-dəniz donanmasının mövcudluğu aşkarda olan ikinci baza sayılır. Çünki, bundan əvvəl hərbi-hava qüvvələri üçün baza artıq qurulubdur. İŞİD silahlılarına qarşı döyüş adı ilə bir ildən çoxdur ki, rus təyyarəçiləri Suriya ərazisinə bombalar yağdırır. Bu yay Xəzər dənizindəki donanmadan Suriya ərazisindəki obyektlərə dəqiq raket zərbələri vurmaq imkanını uğurla sınaqdan keçirən Rusiya deyəsən, bununla kifayətlənmək fikrində deyil. Təsadüfi deyil ki,  Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, bu il cənub istiqamətinə 350 vahid yeni hərbi texnika göndərib. 

Məlumata əsasən Cənub hərbi dairəsinin qoşun hissələri hərbi texnika parkının yenilənməsi çərçivində ilin sonuna qədər yeni təyyarə, gəmilər, tanklar və digər zirehli texnikalar alacaq. Xatırladaq ki, Rusiya durmadan Ermənistandakı hərbi bazasını və Xəzər donanmasını gücləndirir və 350 vahid texnika da həmin birləşmələrə göndərilir. Bu ilin əvvəllərində İrəvan yaxınlığındakı Erebuni hava bazasına onlarla zərbə vertolyotu və Miq-29 qırıcıları yerləşdirilib. Habelə Gümrüdəki 102-ci bazanın arsenalı gücləndirilib. İlin əvvəllərində məlum olmuşdu ki, prezident Vladimir Putin NATO-nun cənub cinahında yerləşən 102-ci bazanın əlavə qoşun hissələri və hərbi texnika ilə gücləndirilməsini əmr edib. 

Hadisələrin gedişi göstərir ki, Rusiya Yaxın Şərqdə və Cənubi Qafqazda SSRİ-nin süqutu ilə əlaqədar itirdiyi mövqeləri geri qaytarmaq əzmindədir. Bu ambisiya yalnız cənub sərhədlərini qorumaqla ölkənin təhlükəsizliyinə zəmanət almaq məqsədi daşımır. Həm də Rusiyanın dünyadakı nüfuzunun gücləndirilməsinə xidmət edir. Digər tərəfdən, potensial düşməni sərhəddən kənarda, məsələn, Suriyada yaxud Ermənistanda qarşılamaq supergüclərin hərbi strategiyalarında əsas qayələrdən biridir. 

Ermənistandakı bazaları gücləndirməklə Rusiya bu dövlətəoxşar dövləti tamamilə öz ərazisi halına salmış olur. İki dövlətin birgə qoşun birləşmələrini yaratmaq ideyası da bu istəkdən qaynaqlanır. Bunun Rusiya üçün başqa bir üstünlüyü də odur ki, istənilən vaxt imitasiya imkanı var: bazada yerləşmiş qoşunlar lazım gəlikdə Ermənistan, digər halda isə Rusiya adından çıxış edəcək. 

ABŞ-ın Gürcüstana dəstəyi və onu sürətlə NATO sıralarına qoşmaq istəyi Rusiyanı bu tədbirləri görməyə vadar edən səbəblərdən biridir. Məhz, NATO-nun Qafqazda irəliləməsi onun Rusiyanın da regionda həyata keçirdiyi hərbi tədbirlərə seyrçi qalmasını stimullaşdırır. Necə deyərlər, "edirsən edirəm, etmə etməyim". 

Bəs, regionun sürətlə militaristləşdirilməsi hara aparıb çıxara bilər? Müharibəyə?!

Çətin ki, NATO-Rusiya qarşıdurması açıq müharibə həddinə çatsın. Hər iki tərəf yaxşı anlayır ki, blok və iri, nəhəng dövlətin savaşı nüvə bombalarından istifadə etməyə gətirib çıxara bilər, buna görə də müharibədən çəkinəcəklər. Suriyadakı tərəfdaşlıq əsasında yerli qüvvələr simasında müharibə aparmaq isə, ta tərəflər özləri bu fəaliyyətin tam mənasızlığını dərk edənə qədər lokal xarakterdə davam edəcək. Elə o vaxta qədər də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ABŞ və Rusiya ümumi razılığa gələ bilməyəcəklər. Çünki hər ikisinin Qarabağda gözü var: sadəcə, qoşunlarını yerləşdirmək üçün Azərbaycandan razılıq almaq istəyirlər. Lakin bu baş verməyəcək. Azərbaycan bu işə qol qoymayacaq. Əksinə, məqam olan kimi erməni ordusunu vurub ərazisindən qovacaq.

Beləliklə, ABŞ və Rusiyanın yersiz hegemonluq iddiaları hələ 5-10 il ərzində arzulanan sabitliyə əsas əngəl olaraq qalacaq. Çıxış yolu üçüncü bir qüvvənin formalaşıb meydana çıxmasında görünür. Bu qüvvə türk dövlətləri birliyinin yaranması və onun birləşmiş silahlı qüvvələrinin təşəkkülü ola bilər.  

Sizin Reklam Yeriniz