Əlaqə Arxiv
news Image
2013.01.12
07:51
| A A A
Orduda nizam-intizam məsələlərinə nəzarət gücləndirilməlidir
"Güman etmirəm ki, bununla bağlı konkret Cinayət Məcəlləsində və hansısa qanunvericilik aktlarında dəyişiklik edilsin"

"Azərbaycan Ordusunda nizam-intizam məsələlərinə nəzarət gücləndirilməlidir". Bunu Trend-ə Daşkəsəndə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı məsələyə münasibət bildirərkən Milli Məclis sədrinin I müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

"Hər bir əsgərin faciəli şəkildə ölümü bizim üçün böyük itkidir", - deyən Ziyafət Əsgərov ölmüş əsgər Ceyhun Qubadova Allahdan rəhmət diləyərək ailəsinə başsağlığı verib.

Əsgərov bildirib ki, hazırda bununla əlaqədar cinayət işi açılıb və istintaq davam edir.

"Kimin təqsirli olub-olmamasını da istintaq araşdıracaq. Hazırda bu məsələ parlamentin də ciddi nəzarətindədir. Əvvəlcədən nəsə demək istintaqa təsir kimi qiymətləndirilə bilər. Ona görə də mən hesab edirəm ki, istintaq obyektiv aparılacaq. Buna heç kimin şübhəsi olmasın. Bu məsələ ilə bağlı istintaq xüsusi nəzarətə götürülüb və obyektiv araşdırılaraq bu barədə ictimaiyyətə məlumat veriləcək", - I vitse-spiker qeyd edib.

Silahlı Qüvvələrdə şəxsi heyət arasında baş verən cinayət hallarının qarşısını almaq məqsədilə qanunvericilikdə cəzaların sərtləşdirilməsinin gözlənilmədiyini deyən I vitse-spiker hesab edir ki, belə halların gələcəkdə təkrar olunmaması üçün ümumiyyətlə, əsgərlərin hərbi xidmətkeçmə məsələsinə nəzarət gücləndirilməlidir.

"Belə məsələlərə görə Cinayət Məcəlləsində kifayət qədər cəza nəzərdə tutulub. Mən güman etmirəm ki, bununla bağlı konkret Cinayət Məcəlləsində və hansısa qanunvericilik aktlarında dəyişiklik edilsin. Amma orduda nizam-intizam məsələlərinə nəzarət gücləndirilməlidir. İstər əsgərlər arasında olan, istərsə də əsgərlərlə zabitlər arasında olan münasibətlərlə bağlı nəzarət daha da gücləndirilməlidir", - Əsgərov bildirib.
Sizin Reklam Yeriniz