Əlaqə Arxiv
news Image
2013.01.15
07:36
| A A A
İran Xəzərdə Azərbaycanla qarşıdurmaya gedir
İran Xəzərdə Azərbaycanla qarşıdurmaya gedir Proseslərin gedişini dəyərləndirən İsrail politoloqu məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsini vacib sayır

Azərbaycan və İran arasında Xəzərdə olan mübahisəli yataqlar məsələsinin hələ də öz həllini tapmamasına rəğmən, cənub qonşumuz qeyd olunan xüsusda yenidən təhlükəli mövqe nümayiş etdirir. Bu isə ekspertlərə görə, İran və Azərbaycan arasında ciddi konflikt yarada bilər. Məsələ burasındadır ki, İranın neft sənayesi naziri Rüstəm Qasımi Bakının İranda "Sərdar Canqal" adlanan yatağa iddiasını əsassız sayır.

Halbuki, hələ sovetlər dönəmində bu yataq Azərbaycana məxsus idi və cənub qonşumuz buna hansısa formada etiraz etmirdi. İndi İran bu yatağın ona məxsus olduğunu bildirməyə başlayır və Rüstəm Qasıminin növbəti açıqlaması da bunun növbəti təsdiqidir.

Sözügedən yataqda isə 10 miylard barrelə qədər neft ehtiyatının olması ehtimal edilir. Qərbdə də hesab edilir ki, beynəlxalq dəniz bölgüsü prinsiplərinə əsasən, yataq Azərbaycana məxsusdur. Lakin indi İranın kəşf etdiyi yataqların əslində, Azərbaycana məxsus olmasına dair məlumatlar üzə çıxmaqdadır. Hələ ötən il Astanada keçirilən "Xəzər şelfinin inkişafı -2012" neft-qaz konfransında "Menas Associates UK"in analitiki Aleks Cekson maraqlı bu xüsusda fikirlər səsləndirmişdi. O bildirmişdi ki, Xəzərin mübahisəli ərazisindəki neft-qaz yatağının kəşfi təsdiqlənsə, İranla Azərbaycan arasında münaqişə istisna edilmir: "İranın bəyanatı (neft-qaz yatağının kəşfi il bağlı) təsdiqlənsə, Bakı ilə Tehran arasında böhran mümkündür, elə indinin özündə ikitərəfli münasibətlər gərgindir. İndi konkret rəqəmlər yoxdur. İranın rəyinə inansaq, 50 trilyon kubfut qaz və 10 milyard barrel neft var. Bu, çox ciddi rəqəmdir". O xatırladıb ki, İran rəsmiləri hələ yatağın dəqiq yerini demir: "Məlumat var ki, o, Neka limanından 250 km şimal-qərbdədir. Demək, Xəzər orta xətlə bölünsə, bu, Azərbaycan ərazisidir. Bu, çox ciddi məsələdir. Ehtiyatlar təsdiqlənsə, Azərbaycanla İran arasında ciddi mübahisə yaranacaq". Analitik məsələni "qapamağın" yollarından birini Rusiyanın müdaxiləsində görür: "Bu (iki ölkə arasında potensial münaqişə), Rusiyanı təhrik edə bilər ki, qalan Xəzəryanı ölkələrin tərəfində durub İranı akvatoriyanın 20 yox, 14%-i ilə kifayətlənməyə məcbur etsin".

Onun fikrincə, İran əvəzində mübahisəli yataqda "operatorluq payı" ala bilər. Britaniyalı ekspert qeyd edib ki, söhbət münaqişənin yaranması və həlli yolları ilə bağlı istisnasız olaraq ehtimallardan gedir: "Bir çoxları İranın bəyanatına (yatağın ehtiyatı barədə) şübhə ilə yanaşır. Geoloji struktur, prinsipcə, hələ heç nə demək deyil. İndi İran neft şirkətlərinin təmsilçilərindən daha çox, dövlət təmsilçiləri bu bəyanata əlavə vaciblik vermək istəyirlər ki, sanksiyalar tətbiq ediləndən sonra Fars körfəzində problemlərlə üzləşən İran bütün dünya üçün dünya çaplı hasilat ölkəsi olsun".

Tanınmış İsrail politoloqu Aviqdro Eskin isə bildirir ki, Azərbaycan məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsi üçün təşəbbüs göstərməlidir: "Tehran həm də Azərbaycanın hərbi potensialını lazımınca qiymətləndirmir. İran tərəfindən hansısa aqressiya olarsa, Azərbaycan aqressiv qonşusuna qarşı çox sürprizlər edə bilər".

Xatırladaq ki, 2001-ci ilin 23 iyulunda Xəzərin dərin hissəsində yerləşən "Araz-Alov-Şərq" strukturlarında BP şirkəti geofiziki kəşfiyyat işlərini dayandırmağa məcbur oldu. Düzdür, o zaman Azərbaycan tərəfi məsələni daha da mürəkkəbləşdirməmək üçün həmin strukturlarda işləri bu günədək bərpa etməyib və məsələni Xəzərin hüquqi statusu həllini tapanacan təxirə salıb. Lakin indi görünən odur ki, İran bu məsələdə daha çox aqressiv tərəf olaraq çıxış etməyə üstünlük verir.

Bununla yanaşı, İranla Xəzərdə mübahisəli yataqların olması və Tehranın Azərbaycana aid olduğu bildirilən yataqlarda istismar işlərinə başlamaq niyyəti fonunda dənizdə gərginliyin bir qədər də artacağı proqnozlaşdırılır. Buna səbəb isə İranın Xəzərə yeni hərbi qüvvələr cəmləmək niyyətidir. Bunu İran Hərbi Dəniz Qüvvələri komandanlığının nümayəndəsi, admiral Abbas Zamini də təsdiq edib. Onun sözlərinə görə, İran Xəzər dənizinə sualtı qayıqlar göndərmək niyyətindədir. Admiral İran Hərbi Dəniz Donanmasına məxsus 3 ağır sualtı gəminin ölkənin cənub ərazi sularına dislokasiya olunduğunu bildirib: "Biz Xəzər dənizinə daha yüngül sualtı gəmilər göndərmək niyyətindəyik". Bütün bunlar isə Xəzərdə müsbət heç nə vəd etmir.
Sizin Reklam Yeriniz