Əlaqə Arxiv
news Image
2016.10.15
09:00
| A A A
Nəvaz Şərifin ölkəmizə səfəri Pakistan-Azərbaycan hərbi münasibətlərini yeni mərhələyə daşıyacaq

Xəbər verildiyi kimi, Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri başlayır. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilən səfər 3 gün davam edəcək. Səfərdə məqsəd ikitərəfli münasibətləri dərinləşdirməkdir. Bu fonda maraq doğuran məsələlərdən biri hərbi əməkdaşlıqdır. Çünki, Pakistan tarixən Azərbaycanın hərbi quruculuğuna xüsusi dəstək verən ölkə kimi tanınır. Ekspertlərin fikrincə, Nəvaz Şərifin səfəri iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə daşıyacaq.

Hərbi məsələlər üzrə ekspert Tərlan Eyvazov bildirdi ki, Pakistan, nüvə silahı olan yeganə müsəlman ölkəsidir: “Pakistan müstəqillik qazanandan sonra təhlükəsizliyini qorumaq üçün əsasən hərbi quruculuğa diqqət ayırıb. O baxımdan bu gün Pakistan ordusunun dünyada xüsusi yeri var. Hindistanla arasında yaşanan Kəşmir probleminə görə öz hərbi qüdrətini artırmaqdadır. Bununla əlaqədar Pakistanın hərbi sənayesi də güclü inkişaf edib. Pakistanın istehsal etdiyi zirehli texnikalar, hərbi təyyarələr müasir standartlara cavab verən texnika hesab olunur. Bunlarla yanaşı, Nəvaz Şərif Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət başçılarından olub. Həmçinin Pakistan Ermənistanla heç bir əlaqəsi olmayan yeganə ölkədir. Hər bir tribunada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.
Ekspert əlavə etdi ki, Pakistan siyasətində yıxılıb yenidən qalxan bir siyasətçinin Azərbaycana səfəri iki ölkə arasında bütün sahələrdə olduğu kimi hərb sahəsində də əhəmiyyət kəsb edir: “Nəzərə alaq ki, Azərbaycanın Pakistan ilə hərbi əlaqələri istiqlaliyyətimizin ilk günlərindən başlanıb. Ölkəmizdə keçirilən 2-ci Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisində Paksitan böyük heyətlə iştirak edib. Bütün bunlar onu deməyə əsas verir ki, Paksitanın bu sahədə Azərbaycan ilə yaxınlığı yalnız və yalnız artan xətt üzrə gedəcək. Qarşılıqlı mübadilə prosesi sürətlənəcək. Hətta gələcəkdə müəyyən layihələrin birgə işlənilməsi məsələsi var. Daha çox təcrübəsi olan ölkədən yararlanmağımız bizim nailiyyətimiz olacaq. Onu da nəzərə alaq ki, Pakistanın hərbi akademiyalarında bizim gənclərimiz təhsil alırlar”.
Hərbi məsələlər üzrə digər ekspert Üzeyir Cəfərov bildirdi ki, Pakistanın baş naziri Nəvaz Şərifin ölkəmizə səfəri önəmli səfərlərdən biridir: “Nəzərə alaq ki, indiyə qədər Pakistanın müxtəlif yüksək rütbəli şəxsləri Azərbaycanda səfərdə olublar. Ümumiyyətlə, Pakistan Azərbaycana böyük önəm verib. İndiyə qədər Pakistan Azərbaycana hərbi quruculuq işlərində böyük dəstək göstərib. Pakistan Azərbaycan üçün Türkiyə qədər əhəmiyyəti olan ölkədir. Pakistan dünyada yeganə ölkədir ki, işğalçını öz adı ilə çağırır, ona qarşı ən sərt münasibət sərgiləyir. Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcəyi təqdirdə Azərbaycanın rəsmi dəvəti əsasında təkcə maddi-mənəvi deyil, həmçinin insani resurslarını cəlb etməyə hazır olan ölkədir. Nəvaz Şərifin Azərbaycana səfəri iki ölkə arasında hərbi münasibətlərin daha yeni mərhələyə yüksəlməsinə səbəb olacaq. Güman ki, son zamanlar regionda baş verən hadisələrin fonunda Ermənistanın havadarları vasitəsi ilə Azərbaycana qarşı səsləndirdiyi hədələrin cavabını eşidəcəyik. Pakistanın baş naziri digər sahələrlə yanaşı hərbi istiqamətdə də önəmli mesajlar verəcək. Hansı ki, bu mesajlar birbaşa Azərbaycanı istəməyən qüvvələrə yönələcək. Pakistanın bundan sonra da Azərbaycanın yanında olması bir daha vurğulanacaq. Bu da ölkəmiz üçün son dərəcə önəmli mesajdır. Axır zamanlar böyük güclər Azərbaycana qarşı qərəzli münasibət sərgiləyirlər. Xüsusən də həmsədrlərin Qarabağ məsələsində tutduğu mövqe bizi qane edə bilməz. Nəvaz Şərif öz ölkəsinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini bir daha xüsusi olaraq vurğulayacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz