Əlaqə Arxiv
news Image
2016.10.18
07:00
| A A A
Azərbaycan ən yeni Rusiya silahlarını daha ucuz qiymətə alacaq

«Biz Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var». Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Bakıda Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şəriflə mətbuata birgə bəyanatla çıxışında deyib: “Müzakirələrimizin əhəmiyyətli hissəsi hərbi sahədə əməkdaşlığa həsr olunmuşdur. Bizim çox yaxşı əməkdaşlığımız var və bu gün biz ölkələrimizin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planları müzakirə etdik.

Eyni zamanda, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var və biz bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdik. Azərbaycan da demək olar 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir. Beləliklə, biz birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik. Eyni zamanda, biz Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var”.
Prezidentin açıqlamasından göründüyü kimi, Pakistan Azərbaycana yüksək texnologiyalı silah satacaq. Bu vəziyyətdə isə Rusiya Azərbaycan kimi mühüm silah alıcısını itirə bilər. Fikirlər səslənir ki, Rusiya bu amili nəzərə alaraq ölkəmizə satacağı silahın qiymətində endirimlər etməsi mümkündür. Hətta Rusiya “İsgəndər” raketi, Su-34 qırıcıları səviyyəsində belə anlaşmaya gələ bilər.
Hərbçi-ekspert Üzeyir Cəfərov bildirir ki, Azərbaycan nə qədər çox ölkələr ilə danışıq aparsa, Azərbaycana silah satan ölkələr, xüsusən də Rusiya qiymətləri aşağı salmağa məcbur olacaq: “Çünki, dünyada silah satışı ilə məşğul olan çox ölkə var. Nəvaz Şərifin səfərindən sonra Azərbaycan Pakistanla intensiv olaraq danışıqlar aparması mütləqdir. Yəqin ki, ordumuzun tələbatı üçün lazım olan avadanlıqlar alınacaq.
Onu da nəzərə alaq ki, zaman-zaman ölkələr rəqabət nəticəsində məcburiyyət qarşısında qalıb, istehsal etdikləri məhsulu bir qədər ucuz satıblar. Rusiya da bunu nərəzə alıb, qiymətləri bir qədər aşağı sala bilər”.
Ekspert əlavə etdi ki, Azərbaycan Rusiya ilə “İsgəndər” raketlərinin alınması ilə bağlı 2011-ci ildən danışıqlar aparır: “Yəqin ki, bu məsələ də müsbət nəticələnəcək. Pakistanın baş nazirinin Azərbaycandakı görüşlərindən sonra Rusiyanın daha aşağı qiymət təklif etmə ehtimalı artır. Azərbaycan da ona uyğun olaraq addımı atacaq”.
Hərbi məsələlər üzrə digər ekspert İbrahim Rüstəmli isə fərqli düşünür. Müsahibimiz ilk növbədə onu vurğuladı ki, Stokolm Beynəlxalq Sülh Mərkəzi tərəfindən aparılan araşdırmada dünyanın ən böyük 5 silah ixracatçısı müəyyən olunub: “"Economist" jurnalında dərc olunan araşdırmada ilk yerləri Amerika və Rusiya bölüşür. Daha sonra sırada Almaniya, İngiltərə və Fransa gəlir. Göründüyü kimi, Rusiya dünyanın ən böyük silah ixracatçısı kimi tanınan ölkələrindəndir. Ondan ötrü silah satışı problemi yoxdur.
Şimal qonşumuz təkcə 2014-cü ildə bu sahədən 10,2 milyard dollar gəlir əldə edib. Yəni, Rusiya Azərbaycan kimi silah alıcısını sırf itirməmək məqsədilə bizə satdığı silahların qiymətini endirməz. Lakin burada bir sıra məsələlər, məsələn, ölkə başçılarının şəxsi münasibətləri, qonşuluq, iqtisadi-siyasi, mədəni əlaqələr və s. baxımından müəyyən güzəştlər nəzərdə tutula bilər. O ki qaldı “İsgəndər” raketi, S-34 qırıcılarının Azərbaycana satılmasına, burada da ciddi problem görmürəm. Ən azı ona görə ki, Rusiya prezidenti Vladimir Putin verdiyi bir sıra bəyanatlarda bu məsələyə açıq kontekstdə aydınlıq gətirib: “Biz öz silahlarımızı, o silahları almağa gücü çatan ölkələrə satırıq!” Bununla da, bu silahların hansı ölkə tərəfindən alınması məsələsi istər-istəməz ikinci plana düşdü. Yəni, V.Putin birbaşa bildirdi ki, bu alverdir, ticarətdir və biz öz ticarətimizi, heç şübhəsiz, ilk növbədə şəxsi maraqlarımız üzərində qururuq və satdığımız silahların hansı ölkə tərəfindən alınması məsələsində ifrat maraqlı deyilik. Nəticə isə bundan ibarətdir ki, əgər bu silahları almaq niyyəti olarsa, Azərbaycan üçün heç bir problem yaşanmayacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz