Əlaqə Arxiv
news Image
2016.10.21
09:15
| A A A
Ermənistanın təcavüzk siyasətinə daha bir zərbə

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının “Təhsil və maarifçilik - Sülh və yaradıcılığa aparan yol” devizi altında Daşkənddə keçirilən 43-cü sessiyasında Ermənistan əleyhinə qətnamə qəbul olunub. Sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzünə və təcavüz nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması pislənilir. Bu, təcavüzün aradan qaldırılması uğrunda Azərbaycanın apardığı mübarizədə yeni diplomatik uğurdur.

Ümumiyyətlə, təşkilata üzv olduğu vaxtdan bəri Azərbaycan İƏT-ın bir çox iclaslarında ərazisinin işğalı məsələsini qaldırıb və hər dəfə təcavüzkar tərəfi qınayan qətnamə qəbul edilib. İndiyədək İsmabadda, Cakarta, Tehran, Doha və digər islam ölkələrinin paytaxtlarında keçirilmiş sessiyalarda qəbul edilmiş qətnamə və bəyannamələrdə ölkəmizin haqq səsi eşidilib, məsələnin mahiyyəti öyrənilib, müzakirə aparılıb və hər dəfə Ermənistanın hərəkətlərini pisləyən sənədlər qəbul olunub. Sənədlər çox olsa da məzmunca müxtəlifdir və siyasi, iqtisadi, mədəni və mənəvi mövzular üzrə işğalçının törətdiyi dağıntılar, mədəni irs nümunələrini məhv etməsi qətiyyətlə pislənir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqirımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.
Təşkilatın İstanbul sammitində Qarabağ üzrə təmas qrupu yaradılıb. İƏT Gənclər Forumu və digər struktur bölmələri Azərbaycanın haqq işini müdafiə edən moxsaylı tədbirlər, layihələr həyata keçirib və keçirir.
Daşkənd qətnaməsi də davam edən təcavüzün qurbanı olan islam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılmasına qarşı yönəlib. Qətnamədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal edilməsindən, bu işğalın davam etməsi və Azərbaycan ərazilərinin birtərəfli qaydada fiziki, demoqrafıq, iqtisadi, sosial və mədəni xarakterinin, eləcə də institusional strukturu və statusunun Ermənistan Respublikası tərəfindən dəyişdirilməsindən, habelə işğal olunmuş Azərbaycan ərazilərində ictimai və şəxsi mülkiyyətin məhv, talan edilməsi və mənimsənilməsindən, o cümlədən sözügedən ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarı, bu sərvətlərdən hazırlanmış məhsulların qanunsuz ticarətindən ciddi və dərin narahatlıq ifadə edilir və vandalizm aktı kimi qiymətləndirilir. Təşkilata üzv dövlətlər Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, onların acınacaqlı halından dərin təəssüf hissi keçirtdiklərini bildirir və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə yerinə yetirilməsinə çağırış edirlər.
57 islam ölkəsini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı bu gün dünyanın nüfuzlu beynəlxalq qurumlarından biridir. Dağlıq Qarabağ münaqişəsinə təşkilatın diqqət yetirməsi və onun nizamlanması prosesində beynəlxalq hüquq və normalara əməl edilməsinə çağırışlar etməsi böyük əhəmiyyətə malikdir. Məsələ burasındadır ki, xristian dövləti Ermənistan əhalisinin 95 faizi müsəlman olan Azərbaycanın torpağının bir hissəsini işğal edib. İşğal prosesində təcavüzkara kömək edən dövlətlərin hamısı xristian dövlətləridir. İşğaldan sonra başlanan sülh danışıqları prosesinin əsas iştirakçıları da (Minsk Qrupunun həmsədrləri) xristian dövlətləridir. Multikultural və multikonfessial dəyərlər nə qədər güclü olsa da, ümumiləşsə də, danışıq stolu ətrafında formalaşmış bu struktur ədalətli sayıla bilməz. Çünki, MQ-nin fəaliyyətsizliyi və daha dəqiq ifadə etsək, xristian tərəfkeşliyi danışıqların gedişində, verilən təkliflərdə aydın görünür. Tarixi həqiqət, beynəlxalq müstəvidə ölkələrin qəbul etdiyi hüquq və normaların pozulması ilə tolerant Azərbaycana qarşı belə mövqe sərgilənməsi müasir dövrün heç bir hüquqi və mənəvi normativinə sığmır. Belə bir situasiyada İƏT-in mövqeyi və çağırışları buraxılan boşluqların doldurulmasında təkzibolunmaz faktdır.
Bundan başqa BMT-də aparılan müzakirələrdə və qəbul edilən sənədlərdə təşkilat üzvlərinin yekdillik göstərməsi də mühüm şərtdir. Bu mənada İƏT-in Daşkənd qətnaməsi aktual sənəddir və MQ həmsədrlərinin münaqişənin nizamlanması üzrə göstərdiyi işartıların fonunda prosesə təsir edə biləcək çağırışdır. Güman edirik ki, Azərbaycanın işğal edilmiş əraziləri üzrə təşkilatın hazırkı və əvvəllər qəbul edilmiş sənədləri münaqişəsinin həlli üçün əhəmiyyətlidir və getdikcə bu sənədlərə qoşulanların sayının artması gözləniləndir..

N.NOVRUZ

Sizin Reklam Yeriniz