Əlaqə Arxiv
news Image
2013.01.16
07:31
| A A A
Xəzərdə təhlükəli vəziyyət
186 milyard barrel neft ehtiyatına malik dənizin hərbləşdirilməsi yenidən ciddi narahatlıq predmetinə çevrilir

ABŞ hökumətinin qiymətləndirmələrinə əsasən, hazırda Xəzərin neft ehtiyatlarının həcmi 186 milyard barrelə çatır. Bu isə Rusiyanın nüfuzlu "Dünya və siyasət" jurnalının yazdığına görə, dənizə olan maraqları əhəmiyyətli dərəcədə artırır. Jurnal qeyd edir ki, hazırda Xəzərin fəal şəkildə hərbiləşdirilməsi prosesi gedir ki, bu da regionda təhlükəsizliyə bilavasitə təsir göstərmək iqtidarındadır: "Qazıxıstan əv Türkmənistan Xəzərdə yeganə Orta Asiya dövlətləridir. Xəzərə çıxışı olan digər dövlətlər - Rusiya, İran və Azərbaycan regionla sıx bağlıdırlar və öz maraqları var. İranla mümkün müharibə isə təkcə regiona yox, bütün qonşu ölkələrə təsir göstərəcək. Rusiya, İran və Azərbaycan burada öz hərbi güclərini artırırlar və bu, özünü daha çox hava hücumunda müdafiə, yeni hərbi dəniz avadanlıqlarının əldə edilməsində göstərir".

Jurnal Azərbaycanın İsraildən müasir hərbi texnika, o cümlədən gəmi əleyhinə nəzərdə tutulan "Qabriel" raketləri, "Elbit Systems" firmasından "Heron" və "Hermes-900" tipli yeni pilotsuz aparatlar əldə etdiyini xatırladır. 2012-ci ildə Azərbaycan İsrailin "Aeronautics" firması ilə ölkə daxilində "Orbiter 2M" və "Aerostar" tipli pilotsuz uçuş aparatlarının istehsalını reallaşdırıb. Qeyd edək ki, 2011-ci ilin sonlarında Azərbaycan və İsrail arasında ümumi dəyəri 1,6 milyard ABŞ dolları olan, silah və hərbi texnikanın alqı-satqısına dair müqavilə bağlanıb. Ötən il Azərbaycan əsasən "Elbit Systems", "Rafael", IWI və IMI şirkətlərindən məhsullar alıb.

Məlumatlara görə, Azərbaycan hərbi donanmanın müasirləşdirilməsi və Xəzər dənizində hərbi imkanların artırılması ilə bağlı 2014-cü ildə irimiqyaslı proqram həyata keçirməyə başlayacaq. Proqram çərçivəsində yeni döyüş və dəstək gəmilərinin, yüksək sürətli katerlərin, kiçik ölçülü dənizaltıların, insansız sualtı vasitələrin alınması, yeni bazaların yaradılması, hərbi donanmanın aviasiya dəstəyinin artırılması və s. həyata keçiriləcək. Artıq bu məqsədlə indidən bəzi sifarişlərin yerləşdirilməsinə başlanıb. Yeni gəmilərin silahlandırılması üçün 2010-cu ildə Rusiyaya 75 milyon dollar dəyərində "Uran-E" raket kompleksləri sifariş verilib ki, bu sistemlərin çatdırılması 2014-cü ilə nəzərdə tutulur. Bundan başqa, ölkə ərazisindəki müəssisələrdə müxtəlif qabaritli (16-45 metrlik) katerlərin tikintisinə dair Türkiyə və Ukraynadan olan bir sıra şirkətlərlə görüşlər keçirilir.

Proqram çərçivəsində ölkədə gəmi inşası sənayesinin yaradılması, habelə bu sahədə istifadə olunan bir sıra avadanlıqların, silah sistemlərinin yerli müəssisələrdə istehsalı həyata keçiriləcək. Ümumilikdə rəsmi Bakı 2020-ci ilə qədər hərbi donanmanı yeni gəmilər hesabına gücləndirməyi, donanmanın inventarında olan, yaşı 40-ı keçmiş gəmiləri döyüş sıralarından çıxarmağı planlaşdırır.

"National Defence" jurnalının yazdığına görə isə, Türkmənistan da dənizdə hərbi gücünü artırır. Belə ki, Türkmənistan Türkiyənin "Dearsa"n şirkəti ilə əlavə olaraq iki yeni gözətçi gəmisinin tikintisinə dair müzakirələr aparır. Bundan əvvəl "Dearsan" şirkəti tərəfindən Türkmənistan üçün bu ölkədə qurulmuş tərsanədə 2 ədəd Tuzla sinifli gəmi inşa edilib. Hər iki gəmi 2012-ci ilin sentyabr ayında Türkmənistan Silahlı Qüvvələrinin "Xəzər-2012" təlimində nümayiş etdirilib. Növbəti gəmilər əvvəlkilərdən bəzi göstəricilərinə görə fərqlənməlidir. Dizayn və qabaritlər baxımından eyni olacaq bu gəmilərin dənizdə qalma və döyüş aparma imkanları artırılacaq. Eyni zamanda silah sistemləri dəyişdiriləcək və bu gəmilərin Rusiya istehsalı olan Uran-E raket kompleksləri ilə təchiz olunması nəzərdə tutulur.

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları yeni zirehli transportyorlarla təchiz edilib. Manqışlaqda yerləşən dəniz piyadalarının silahlanmasına bu günlərdə 30 ədəd BTR-82 tipli yeni zirehli transportyor daxil edilib. Məlumatda bildirilib ki, BTR-82-lər BTR-80 tipli transportyorların dərin mordernizasiya olunmuş versiyasıdır. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində maşınların yaşamaq qabiliyyəti 20% yüksəldilib. Ekipajın, aqreqatların və sistemlərin müdafiəsi, habelə ekipajın qəlpə əleyhinə müdafiəsi təmin olunub, atəş gücü artırılıb.

Rusiya da Xəzər dənizində özünün hərbi gücünü nümayiş etdirmək niyyətinə düşüb. Məlumat verildiyi kimi Rusiya Xəzərdəki donanmasına 5 hərbi gəmi və kater daxil edəcək. Hərbi limanın yeni hərbi qüvvələrlə artırılması dövlətin hərbi silahlanma proqramı əsasında baş verir. Yeni texnikanın və eləcə də əlavə köməkçi gəminin hərbi donanma tərkibinə daxil edilməsi 2013-cü ilin ilk yarim ili üçün planlaşdırılıb. Məlumata görə ilin ortasında Xəzər donanmasına iki yeni kiçik hərbi raket gəmisi - "Uqliç" və "Qrad Sviyajek", 2013-cü ilin yazında isə "Serna" layihəsi çərçivəsində 3 desant gəmisinin daxil edilməsi planlaşdırılır. Cənub Hərbi Dairəsinin mətbuat xidməti həmçinin xəbər verir ki, köməkçi donanmanın inkişaf konsepsiyasına əsasən, 2020-ci iə qədər Xəzər dəniz donanmasına 2 dəniz, 1 reyd buksirləri və həmçinin də üzən kran daxil olacaq.

Cənub qonşumuz İran isə Xəzərə hətta sualtı gəmilər gətirmək niyyətindədir. Bundan başqa Xəzər donanmasını fəal şəkildə silahlandıran İran burada hərbi qüvvələrinin sayını və onların texniki təminatını yüksəltməkdə davam edir.
Sizin Reklam Yeriniz