Əlaqə Arxiv
news Image
2016.10.22
09:00
| A A A
Əcnəbi sifarişçilər radikal müxalifəti yenə arxa plana atdı

Bu il payız soyuq gəldi. Yağışın günlərlə davam etməsi, havanın hərarətinin qəfil enməsi oktyabr ayında Bakıda hələm-hələm baş verən hadisə deyil. Nə etmək olar, təbiətin işinə qarışmaq olmaz, necə məsləhətdirsə, elə də olacaq. Amma nüanslar da var. Məsələn, ölkədə siyasi hərarət heç azalmayıb, əksinə bir qədər də artıb.

Referendumda əhalinin səpkilədiyi fəallıq başa çatmamış Avropa İttifaqı qapının ağzını kəsdirdi. Bir az umu-küsü, narazılıq və minnətdən sonra qapılar açıldı, arzular dilə gəldi, heç demə, avropalı yetkililər Azərbaycandan ötrü bu bir ildə yaman qəribsəyiblər. Heç elə bil bir ay əvvəl radikal müxalifətə dil verən bunlar deyilmiş. Bəli, siyasi rəğbət, sağlıq-filandan sonra get-gəl əvvəlki axarına düşüb. Bəyanat-zad da öz yerində. Amma di gəl ki, bu radikallar heç nə baş verməmiş kimi susurlar.
Bəlkə, heç Avropa Parlamenti ilə razılaşmalar, əməkdaşlıq lazım deyil! Həmişə tənqid edənlər niyə dinmirlər? Axı, Avropada vəziyyət bərbaddır. Mühacirət məsələsi, iqtisadi böhran, Rusiya ilə ciddi rəqabət, islamofobiya... Belə bir birliyin təşkilatları ilə iş birliyinə getmək nə dərəcədə düzgündür?! Əsas məsələ isə odur ki, birdən sabah Azərbaycanda yenə referendum, yaxud hansısa başqa bir siyasi məsələ gündəmə gəldi. Onda, iqtidarla münasibətləri normallaşan avropalılar mitinqə-zada pul ayıracaqlarmı? Ancaq deyəsən, bir balaca işıq ucu var: bəs, əgər radikallar iqtidarla avropalıların təmaslarının bərpa olunması münasibətilə mitinq keçirsələr, buna münasibət necə olar? Yəni, maliyyə-filan sarıdan. Axı, maliyyə olandan sonra mitinq keçirməyə nə var ki?! Nə isə.., susqunluq olsa da naməlumluq ucbatından vəziyyət gərgindir.
Lakin “Human Rights Watch” adlı beynəlxalq insan haqları təşkilatı aranı qarışdırmaq üçün fəaliyyətini səngitməyib. Təşkilatın Azərbaycan haqda oktyabrın 20-də açıqladığı son hesabatda əsasssız tənqidlər əksini tapıb. Müdriklər deyir ki, “ağıllı adamı bir dəfə aldatmaq olar, eyni mövzuda ikinci dəfə aldananın ağıllılıq məsələsi şübhə altına düşür”. İndi avropalı deputatların səhvlərinə görə Azərbaycandan üzr istəmələri bu “Human Rights Watch”a niyə dərs olmur, bu da şübhəlidir. Nədən ki, bu təşkilatın göstərdiyi faktlar o qədər yayğın və müəmmalıdır ki, bunların təkzibi başının üstündən asılı qalıb. Bir himə bənddir ki, puça çıxarılsın. Adı çəkilən hesabatda yazılır: “HRW araşdırmalar nəticəsində üzə çıxarıb ki, 2016-cı ildə Azərbaycan hökuməti, ən azı, 20 siyasi fəalı, o cümlədən gəncləri həbs edib. Siyasi fəalları, eləcə də jurnalistləri məhkəməyə çəkmək üçün qondarma, siyasi motivli inzibati və cinayət ittihamlarından yararlanıb. Fikirlərinə görə tutulanlar qanunsuz narkotik maddə saxlamaqda, ya da qanunsuz biznes fəaliyyətində günahlandırılıblar. Bəzi fəallar isə Türkiyədə çevrilişə cəhddə ittiham olunan ilahiyyatçı Fəthullah Gülənlə əlaqədə təqsirləndirilərək həbs edilib”. İctimaiyyətin gözü qabağında baş vermiş cinayətlərdə bulunan, dövlət əleyhinə çevriliş təbliğatı aparanların tutulması nə vaxtdan hüquq pozuntusu sayılıb? Fətullah Gülənin terrorçu olduğu Türkiyə timsalında sübuta yetirilib. Lakin baş ofisi Nyu-Yorkda yerləşən “Human Rights Watch” başbilənləri bunu siyasətlərinə uyğun yozurlar. Belə çıxır ki, kim istəsə dövlət çevrilişi edər və bu onun müstəsna insani hüququdur, hətta bu yolda yüzlərlə insanı qətlə yetirsə də. Heyrətamiz nəticədir, deyilmi? Yenə adam sual verməyə məcbur qalır: Görəsən, “Human Rights Watch”-ın əsas ofisi ABŞ-da olmasaydı F.Gülənə və tərəfdarlarına qarşı cinayət işi açılmasını hüquq pozuntusu sayardımı? Bunlar kimin gözünə kül üfürürlər, məlum deyil. Məlum olan isə pul qarşılığında kiminsə diqtəsilə oturub-durmalarıdır.
İndi qayıdaq özümüzə və yenə də sual edək: özünü radikal müxalifət adlandıranlarla “Human Rights Watch” arasında xarakter fərqi nədədir? Sual aydındır: Heç nədə!
N.NOVRUZ

Sizin Reklam Yeriniz