Əlaqə Arxiv
news Image
2013.01.16
07:43
| A A A
Pul girovu əvəzinə azadlıq
Zahid Oruc: "Mövzu ətrafında ölkənin Məhkəmə-Hüquq Şurası, Ədliyyə orqanları və digər bu tip qurumlar birgə ictimai dinləmələr və müzakirələr yolu ilə optimal qərarlar verə bilərlər" Akif Əlizadə: "İnsanların çoxu da girov institutunun olmasından məlumatsızdır"

Məlumdur ki, bir sıra Qərb ölkələrində istintaq dövründə yüngül cinayətlər törətmiş şəxslər müəyyən miqdarda pul girovu müqabilində azadlığa buraxılırlar. Bu kimi praktikadan Avropada geniş istifadə olunur. Ən azından humanistlik nöqteyi-nəzərdən həmin praktikanın tətbiqi məqbul sayılır. Azərbaycanda da yüngül cinayətlərə görə həbs edilənlər var. Lakin nədənsə onların giov qoymaqla azadlığa buraxılması praktikasından istifadə olunmur. Halbuki, həmin girov məbləğini büdcəyə yönəltmək də olardı.

Görəsən, nədən Azərbaycanda istintaq dövründə həbsdə yatanlar girov əvəzində azadlığa buraxılmırlar? Nədən bu praktikadan ölkəmizdə istifadə olunmur?

Millət vəkili Zahid Oruc bununla bağıl bildirdi ki, sözügedən praktikanın ölkəmizdə tətbiq olunmaması bir çoxlarının rəyincə, cəzasızlıq mühitinin baş alıb getməsi təhlükəsindən irəli gəlir. Amma bu yanlış düşüncədir: "Qanunvericilik sisteminin humanistləşdirilməsi üçün yüngül xarakterli cinayətlərə görə insanın girov müqabilində azadlığa buraxılması praktikası dünyada, Avropa hüquq sistemində çoxdan tətbiq olunur. Hətta Dmitri Medvedyevin prezidentliyi dövründə bu prinsip Rusiyada da reallaşdı. Elə zənn edirəm ki, Azərbaycanda da həmin sistemin tətbiqi bir tərəfdən humanizm prinsiplərinin bərqərar olmasına kömək edərdi, həm də bütövlükdə götürdükdə öz-özlüyündə vətəndaşın həyatını, onun gələcəyini düşünməyi də tələb edir. Ən adi oğurluq və ya kasıblıq nəticəsində baş vermiş hadisələr fonunda vətəndaşın daha ağır şəkildə cəzalandırılması sonrakı dövrlərdə onu daha ağır hadisələrə təşviq edir. Ona görə də bu praktikanı biz də geniş analiz etməliyik. Düşünürəm ki, mövzu ətrafında ölkənin Məhkəmə-Hüquq Şurası, Ədliyyə orqanları və digər bu tip qurumlar birgə ictimai dinləmələr və müzakirələr yolu ilə optimal qərarlar verə bilərlər. Parlament üzvləri də bu istiqamətdə gələn təklifləri dəyərləndirib qanunvericilik sistemində nəzərə almağa hazırdır. Azərbaycanda girov müqabilində yüngül cinayətə görə vətəndaşın azadlığa buraxılması praktikasının yoxluğu görünür, həmin məqamın burada özünü mənfi cəhətdən göstərməsindən irəli gəlir. Əksər hallarda belə düşünülür ki, həmin praktikanın tətbiqi cəzasızlıq mühitinin formalaşdırılması demək olacaq. Praktikanın tətbiq olunmaması səbəbinin başqa yolu tapılmadığından məhz bu xəttə üstünlük verirlər. Lakin dünyada insan psixologiyasını, cinayət törətmiş insanın gələcək sosial davranış prinsiplərini tədqiq edən institutların təcrübələrə əsasən çıxardığı mühüm nəticələr var. Onlara diqqət yetirəndə görürük ki, girov müqabilində yüngül cinayət törətmiş insanın azad edilməsi müsbət mənada daha ciddi nəticələr törədir. Bu səbəbdən də düşünürəm ki, yüngül cinayətlərə görə girov müqabilində azadlığa buraxılma praktikasından ölkəmizin təcrübəsində də istifadə edilməsi mümkündür".

Məsələ ilə bağlı vəkii Akif Əlizadə isə vurğuladı ki, girov müqabilində azadlığa buraxılma məsələsi artıq 13 ildir ki, ölkəmizdə də qanun şəklini alıb: "Yüngül və az ağır cinayətlərə görə qanun girov müqabilində şəxs barəsində həbsin seçilməməsinə imkan verir. Girovu seçmək də ancaq məhkəmənin səlahiyyətinə daxildir. Ölkəmizdə girovun məbləği isə 5-10 min manat miqdarındadır. Hazırkı durum şəraitində isə bu böyük məbləğdir. Çünki yüngül cinayət törədən şəxsin 5 min manatı olsaydı, bəlkə də problemini bu yola getmədən də yerində həll edərdi. Ölkəmizdə qanunda girov məsələsi öz əksini tapsa da, əslində reallıqda tətbiq olunmur. Qeyd edəim ki, cəza törətmiş şəxsə münasibətdə həbsin seçilməsi məsələsində əvvəlki kimi prokurorluq orqanı əsas söz sahibidir. Təqsirləndirilən şəxsin həbs olunması fonunda isə prokurorluq orqanlarının işləri də yüngülləşir.

Belə olan halda hüquq-mühafizə orqanları tərəfindən sübut toplamaq, müqəssirə hər hansı bir cinayəti də sübut etmək daha asan olur. Bu səbəbdən də prokurorluq yüngül cinayətlərə görə belə girov əvəzində vətəndaşın azadlığa buraxılmasında maraqlı deyil. Ona görə də məhkəmələr də həmin qərarı verə bilmirlər. Eyni zamanda, məhkəmələrin özləri də prosesin həllində maraqlı görsənmir. Girov həbsin əvəzinə seçilən qətimkan tədbiridir. 2007 və 2009-cu illərdə 57 rayon məhkəməsində girov müqabilində azadlığa çıxmaq məsələsinin monitorinqini apardıq. Həmin vaxt məlum oldu ki, bir dənə də olsun yüngül cinayətə görə belə vətəndaşın girov əvəziən azadlığa çıxması və ya ona münasibətdə qətimkan tədbirinin dəyişdirilməsi halı baş verməyib. Sadəcə olaraq, 1 faiz civarında ev dustaqlığı hadisəsi baş verib. Eyni zamanda, insanların çoxu da girov institutunun olmasından məlumatsızdır".
Sizin Reklam Yeriniz