Əlaqə Arxiv
news Image
2013.01.16
07:46
| A A A
Söyün Sadıqov Kremlin «oyuncağı» rolunda
Bu şəxsin açıqlamaları onun siyasətdən bixəbər olduğunu, Moskva və erməni lobbisinin əlində alətə çevrildiyini təsdiq edir

Müstəqil Azərbaycana qarşı olan qüvvələrin məqsədlərinə çatmaq üçün əksər hallarda sapı özümüzdən olan baltalardan istifadə cəhdləri hər zaman özünü qabarıq büruzə verən hallardan olub. Bu xüsusda isə son dövrlər diqqət çəkən məqalardan biri Rusiyadakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti "AzərRos"un prezidenti olmuş, hazırda isə Rusiya Milli Birlik Partiyasının yaradıcısı olan Söyün Sadıqov daha çox diqqət cəlb etməyə başlayır.

Biznesdən fərqli olaraq siyasətdən bixəbər bu şəxsdən həm Rusiyanın müəyyən dairələri, həm də erməni lobbisi məharətlə istifadə etməkdədir. Elə bunun nəticəsidir ki, rusiyadakı erməni diaspor qüvvələri ilə Söyün Sadıqov separat xarakter daşıyan danışıqlara gedir, burada ermənilərin mənafeyinə uyğun mövqe sərgiləyir. Məsələn, elə bu günlərdə çıxışı zamanı o bildirib ki, Dağlıq Qarabağ münaqişəsi hələ də Azərbaycanın "sağalmayan yarası" olaraq qalmaqdadır. Lakin bununla yanaşı, o, nədənsə Dağlıq Qarabağın özünü yaddan çıxarıb: "Bu münaqişə nəticəsində ölkə yeddi rayonundan məhrum olub. Biz hazırki istiqamətdə mətbuat sahəsində səylərimizi davam etdirməliyik. Mən müharibəyə səsləmirəm, çünki mən münaqişənin sülh yolu ilə həllinə ümid edirəm. Mən Qarabağ faciəsi haqqında həqiqətlərin təkcə Rusiyanın regionlarında deyil, bütün dünyada yayılmasına çağırıram".

Söyün Sadıqova xatırlatmaq istərdik ki, ermənilər Dağlıq Qarabağa bitişik yeddi rayonla yanaşı, həm də Dağlıq Qarabağı işğal ediblər. Bu istiqamətdə informasiya işinin görülməsinə çağırış zamanı Dağlıq Qarağın işğalının da xatırladılması yaxşı olardı. Bu unutqanlıq ən azı təəccüblü, ən çoxu isə münaqişənin mahiyyətinin qəsdən təhrif olunmasına müəyyən şübhələr yaradır. Həm də belə hal bilavasiət ermənilərin lehinə işləyən məqama çevrilir.

Bununla yanaşı, Söyün Sadıqov iddia edir ki, siyasi partiyalar baxımından Azərbaycandakı vəziyyət Rusiyaya yaxındır: "Müxalifət partiyalarında "əbədi" liderlərin olması düzgün deyil. Bunlar bir neçə il əvvəlki adamlardır. Seçkilər bitəcək və onlar yenidən mövcud hakimiyyəti söyməyə başlayacaq. Mahiyyətcə isə heç nə yaxşılığa doğru dəyişməyəcək. Təəssüf ki, bu, əksər keçmiş sovet respublikalarında partiyaların "xəstəliyidir". Ona görə də Rusiya demokratikləşmə istiqamətində nə qədər sürətli olsa keçmiş sovet respublikaları da o qədər sürətli kurs götürəcəklər". Bu isə bir daha Söyün Sadıqovun siyasətdən bixəbər adam olması, eyni zamanda Rusiyanın əlində Azərbaycana qarşı istifadə edilə biləcək alət rolu oynadığını bir daha təsdiq edir. İlk növbədə ona görə ki, hər bir ölkənin siyasi inkişaf yolu müxtəlifdir və MDB-də, o cümlədən Azərbaycanda demokratikləşmə prosesi qətiyyən Rusiyadan asııl deyil. Lakin Kremlin adamı kimi getdikcə daha çox ad çıxarmağa başlayan Söyün Sadıqov məsələyə eynilə Kremlin nəzərləri ilə baxır.

Bu səbəbdəndir ki, onun sözlərinə görə, Bakı minnətdar olmalıdır ki, Moskva Azərbaycanda stabilliyin olması, iqtisadiyyatın inkişafı üçün çox şey edib: "Putinin hakimiyyətə gəlişindən sonra ölkələr arasındakı problemlər keçmişdə qaldı".

Qeyd edilənlər bir daha onun Azərbaycanın mənafeyini güdməkdən uzaq bir adam olduğunu təsdiqləyir. Proseslərin real gedişi göstərir ki, siyasətə gələəcyi halda bu şəxs Kremlin yeni oyuncağından başqa bir şey olmayacaq. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı da deyir ki, Söyün Sadıqovun siyasətə gəlməsi sonda özü üçün də yaxşı nəticə verməyəcək: "Söyün Sadıqovun müsahibəsində söylədiyi fikirlər bir daha onu göstərir ki, bu şəxs siyasət adamı deyil. Hesab edirəm ki, onun siyasətə gəlməsi özü üçün də yaxşı nəticə verməyəcək. Ola bilsin ki, nə vaxtsa, biznesdə bəxti gətirib, pul qazanıb. Amma bizneslə siyasət bir-birindən tam fərqli sahələrdir. Onun dedikləri əlbəttə ki, reallıqdan uzaqdır. Azərbaycan xalqı öz inkişafına, müstəqil dövlətin yaşatdığına və indiki şəraitə görə hansısa ölkənin başçısına borclu deyil.

Azərbaycan xalqı dövlətimizi bu siyasətə gətirib çıxaran xəttə sadiqdir və bu xətti davam etdirməyin tərəfdarıdır. Biz xalq olaraq, özümüzə arxalanırıq. Ola bilsin ki, Söyün Sadıqov Rusiya dövlətinin və prezidentinin qarşısında qazandığı pullara görə borcludur. Onun Rusiya dövlət başçısına xoş gəlmək, yarınmaq və hansısa maraqlarını ifadə etmək üçün Azərbaycan adından danışması yolverilməzdır və çox böyük səhvdir. Söyün Sadıqov kimilərinin dedikləri sözlərin başına ip salmağa ehtiyac yoxdur". Hələlik isə görünən odur ki, Moskva yeni oyuncağı olan Söyün Sadıqovdan hələ məqsədləri üçün çox istifadə edəcək.
Sizin Reklam Yeriniz