“Beynəlxalq ictimaiyyət Ermənistanı bizə məxsus olan əraziləri heç bir şərt irəli sürmədən geri qaytarmağa məcbur etməlidir"
“Xorvatiya prezidenti ilə regional təhlükəsizlik məsələlərini müzakirə etdik”.
Movqe.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham
Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşdən
sonra mətbuata bəyanatında deyib. O bildirib ki, Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan
prezidentləri arasında danışıqların hazırkı vəziyyəti barədə
Xorvatiya prezidentinə məlumat verib: “Təəssüf ki, uzun illərdir
torpaqlarımız işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi,
təkcə Dağlıq Qarabağ deyil, həm də Dağlıq Qarabağ Muxtar Vilayəti
ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində bizim 1
milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Xalqımız
Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb.
Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər.
Xüsusən BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan
ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən
4 qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız
üzərində qalır”.
Prezident xatırladıb ki, Avropa Parlamenti, Avropa Şurası, İslam
Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar da oxşar
sənədlər qəbul edib: “Lakin təəssüf ki, münaqişə həll olunmur.
Çünki Ermənistan sülh istəmir, status-kvonu dəyişməz olaraq
saxlamaq istəyir. Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədri olan
ölkələrin – ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun
qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə verdikləri
bəyanata qulaq asmaq istəmir. Bu, status-kvonu dəyişməz olaraq
saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də
dünyanın 3 aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl
qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır. Bu,
qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət Ermənistanı beynəlxalq
hüquqa riayət etməyə və onlara məxsus olmayan, bizə məxsus olan
əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etməsi
üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın
bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır.
Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın bu
oyuncaq rejimini tanımır”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü hər hansı
bir ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir.