Əlaqə Arxiv
news Image
2016.10.26
12:14
| A A A
Minsk qrupu: Münaqişə tərəfləri ilə danışıqların irəliləməsi müzakirə olunub (YENİLƏNİB)

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərləri zamanı Dağlıq Qarabağ münaqişəsi tərəfləri ilə davamlı sülh istiqamətində danışıqların irəliləməsi üzrə cari təklifləri müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə Minsk qrupunun təşkilatın saytında dərc olunan bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistanın liderləri və xarici işlər nazirləri ilə görüşüb.

Qeyd olunur ki, həmsədrlərin səfərində məqsəd apreldə qoşunların təmas xəttindəki gərginlikdən sonra vəziyyətin müzakirəsi, həmçinin danışıqlar prosesində mövqelərin dəqiqləşdirilməsi olub.

Görüşlər zamanı tərəflər təsdiq ediblər ki, yerlərdə vəziyyət nisbi sakit olaraq qalır. Həmsədrlər qeyd ediblər ki, atəşkəs rejimi haqqında razılaşmaya riayət olunması cari danışıqlar üçün zəruri əsası təmin edir. Onlar, həmçinin Vyana və Sankt-Peterburqda qəbul edilmiş qərarların icrasının əhəmiyyətini vurğulayıblar.

Bəyanatda deyilir ki, həmsədrlər davamlı sülhə nail olmaq üçün danışıqların irəliləməsi üzrə cari işçi təklifləri də müzakirə ediblər. Azərbaycan və Ermənistan prezidentləri nizamlanma prosesinin necə irəlilədilməsi ilə bağlı fikirlərini bildiriblər. Dövlət başçıları, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin idarəçiliyinin genişləndirilməsi haqqında razılıqlarını təsdiq ediblər.

Qeyd olunur ki, həmsədrlər ilk imkanda prezidentlərin görüşünü müzakirə etmək üçün tərəflərin nazirləri ilə, o cümlədən cari ilin dekabrında Hamburqda keçiriləcək ATƏT Nazirlər Şurasının iclası çərçivəsində görüşməyi planlaşdırırlar.

Bildirilir ki, belə yüksək səviyyədə dialoq münaqişənin nizamlanması işində irəliləyişə nail olmaq baxımından zəruridir.

xatırladaq ki, Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andryö ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə birgə oktyabrın 23-dən 25-dək regionda səfərdə olublar.

Sizin Reklam Yeriniz