Dünyada
ölkələri bir-birindən ayıran çoxsaylı sərhədlər var. Bu sərhədlər
toxunulmaz olub, bəzən oxşar, bəzən də fərqli mədəniyyət və
tarixlərə, milli mənsubiyyət və dillərə görə fərqlənən xalqları
bir-birindən ayırır. Bəzən tarixi ədalətsizliklər üzündən sərhədlər
səngərlərə də çevrilir. Səngərlər isə sərhədlərdən fərqli olaraq
daim mübarizə əhval-ruhiyyəsində, qarşıdakı düşmənin niyyətini elə
səngərdəcə boğmaq hissinə köklənmiş olmağı tələb edir.
Elə biz də bu yazımızda Vətən səngərlərini özü üçün müqəddəs ocaq bilən, doğulub böyüdüyü torpaqların müdafiəsi üçün hər an döyüşə hazır olan igid oğullarımızdan, onların şərəfli xidmətindən bəhs edəcəyik. Yolumuz muxtar respublikamızın şimal sərhədlərinin keşiyini çəkən Azərbaycan əsgərlərinin xidmət yerinə – səngərlərədir.
Düşmənlə üz-üzə
dayanan əsgərlərimizlə görüşmək istəyimiz Əlahiddə Ümumqoşun
Ordusunun Komandanlığına müraciətdən sonra dərhal baş tutur. Vaxtı
boşa verməyib elə səhərin ilk saatlarında Kəngərli rayonunun Qıvraq
qəsəbəsində yerləşən hərbi hissəyə yollanırıq. Gələcəyimizdən
məlumatı olan hərbi hissənin zabiti, polkovnik-leytenant Rauf
Əliyev bizi gülərüzlə qarşılayır. Hal-əhval tutduqdan sonra hərbi
hissənin ön cəbhədə yerləşən bölmələrinə getmək üçün hazır olduğunu
bildirir. Biz isə bura gəlmişkən, hərbi hissədəki ümumi vəziyyətlə
tanış olmaq üçün qısa bir vaxt ayrılması üçün icazə istəyirik.
Həmsöhbətimiz razılaşır və bizi müşayiət edir.
Qıvraq qəsəbəsində yerləşən hərbi hissədən əvvəllər də material hazırlamışdım. Qeyd etmişdim ki, bu hərbi hissə muxtar respublikada yerləşən ən böyük hərbi hissələrdən biridir. Hələ Sovetlər Birliyi dövründən burada xidmət üçün lazımi infrastruktur olub. Ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətləri sayəsində sovet qoşunları muxtar respublikadan çıxarılandan sonra bu hərbi hissə də milliləşib. Elə bu tarixi addımın nəticəsi idi ki, hərbi hissə muxtar respublikaya ən böyük hücumların olduğu Sədərəyin müdafiəsində mərdliklə dayanıb, eləcə də Eyvazxanın, Şahbulağın, Yuxarı Yaycının, Havuşun
qorunmasında xüsusilə fərqlənib. Çox oğullar bu hərbi hissədə
silahlanaraq cəbhə bölgəsinə yollanıb, çox igidlər cəbhədə
yaralanaraq bura gətirilib, müalicə olunub. Bu hərbi hissə
Azərbaycanda ilk ordu quruculuğu prosesinə şahidlik edib. İndi o
günlərdən xeyli vaxt keçib. Muxtar respublikanın hərtərəfli
inkişafı Silahlı Qüvvələrimizin Naxçıvandakı hərbi hissələrinin də
simasını dəyişib. Qıvraq qəsəbəsində yerləşən hərbi hissədə də
köhnədən əsər-əlamət qalmayıb. Burada həyata
keçirilən kompleks quruculuq işləri nəticəsində bir-birindən
yaraşıqlı yeni obyektlər – qərargah binası, yeməkxana, əsgər
yataqxanası, əsgər-məişət kompleksi, təlim-tədris mərkəzi
yaradılıb. Ətrafdakı səliqə-sahman, yaradılmış yaşıllıq zolaqları
və gülkarlıqlar isə ərazinin gözəlliyini daha da artırır. Rauf
Əliyev deyir ki, səhər saatları olduğundan günün rejim qaydalarına
uyğun olaraq indi əsgərlərin əksəriyyəti dərslərə cəlb olunub.
Hərbi hissənin təlim-tədris mərkəzinə tərəf yollanırıq. Bu mərkəzdə
təlim və tədris üçün hər cür şərait yaradılıb. Müsahibimiz deyir
ki, mərkəz şəxsi heyətin təlim və tərbiyəsində, eləcə də əsgərlərin
mənəvi-psixoloji hazırlığının yüksəldilməsində mühüm rol oynayır.
Burada Heydər Əliyev muzeyi, kitabxana, iclas zalı, zirehli
texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq,
mühəndis hazırlığı və kəşfiyyat hazırlığı sinifləri, kütləvi
qırğın silahlarından müdafiə sinfi, atəş hazırlığı, maket və
topoqrafiya, komplektləşdirmə, komandir hazırlığı və digər sinif
otaqları yerləşir. Mərkəzin foyesində divara vurulmuş stendlər
içərisində ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyevin “Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun
yaradılması bizim dövlət siyasətimizdir” sözləri yazılmış plakat
ilk baxışda diqqəti cəlb edir. Bu fikirlər eyni zamanda Əlahiddə
Ümumqoşun Ordusunda xidmət edən hərbi qulluqçuların üzərinə böyük
məsuliyyət düşdüyünü bəyan edir. Qeyd edək ki, mərkəzdəki otaqlarda
nəzəri təlim üçün lazım olan bütün əyani vəsaitlər və məlumat
stendləri qoyulub. Bundan əlavə, əsgərlərin müxtəlif hərbi
texnikalarla işləmək vərdişlərinə yiyələnməsi məqsədilə burada
istifadə olunan qurğular mühüm əhəmiyyət daşıyır. Mərkəzlə tanışlıq
zamanı tank və piyada döyüş maşınlarından istifadənin öyrənilməsi
üçün nəzərdə tutulmuş qurğularda dərs keçən şəxsi heyətlə
qarşılaşmağımız da bunu sübut etdi.
Təlim-tədris mərkəzində çox qalmırıq. Qısa tanışlıqdan sonra
zabit Rauf Əliyevlə birlikdə bizim üçün ayrılmış avtomobillə ön
cəbhəyə – Ağbulaq döyüş bölgəsinə tərəf yol alırıq. Məlumat üçün
bildirim ki, Ağbulaq bölgəsi Şərur rayonunun ucqar dağ kəndlərindən
olan Yuxarı Yaycı kəndinin şimal hissəsində – Bəysal yüksəkliyinin
aşağı ətəyində yerləşir. Bu ərazi vaxtilə Azərbaycan torpaqları
hesabına yaradılmış dövlətin – Ermənistanın Yexeqnadzor rayonunun
Xaçik kəndi ilə üz-üzə yerləşir. Məlum konfliktlər başlayan zaman
Ağbulaq yaxın
kəndlərin sakinlərindən təşkil olunmuş könüllü dəstələr, sonralar isə yeni yaranmış milli ordumuzun əsgərləri tərəfindən qorunub. Ötən əsrin 90-cı illərinin əvvəllərində düşmən bu əraziləri ələ keçirmək istəsə də, arzusu puça çıxıb. Şərur rayonunun Yuxarı Yaycı, Şahbulaq, Axura və Havuş kəndlərinin mühafizəsində mühüm strateji ərazilərdən sayılan Ağbulaq qəhrəman oğullarımızın sayəsində mərdliklə qorunub. Hazırda isə bu strateji ərazi Silahlı Qüvvələrimizin əsgərlərinin xidmət yeridir.
... Ağbulağa çatanda bizi burada yerləşən hərbi birləşmənin zabitləri qarşılayır. Hər biri ilə görüşüb tanış olduqdan sonra ətrafa nəzər yetiririk. Deyəsən, niyyətimizi tez anlayan zabit Nəsib Nəsibov tanışlığımıza əsgərlərin şəraiti ilə başlaya biləcəyimizi söyləyir. Ürəyimizcə olur. Müsahibimizlə birlikdə əvvəlcə əsgər yataqxanasını gəzirik. Hər tərəfdə səliqə-sahman göz oxşayır. Bu binada komandirlər üçün müvafiq iş otaqları, ideoloji otaq, rabitə qovşağı, tibb məntəqəsi, istirahət otağı və sair yerləşir. Bir az aralıdakı binada isə əsgər yeməkxanası, bufet, anbar, hamam var. Öyrənirik ki, burada quruculuq işləri 2004-cü ildə aparılıb, əraziyə qaz xətti çəkilib, elektrik verilişi üçün yeni transformator qoyulub. Bununla bərabər, yaxınlıqdan axan gur bulağın ətrafı abadlaşdırılıb, əvvəl mövcud olan gölün yaxınlığında daha bir kiçik göl yaradılıb, istirahət üçün kənarlarına oturacaqlar qoyulub. Göldəki qaz və ördəklərin qayğısına qalmaq isə buradakı əsgərlərin ən sevimli məşğuliyyətidir. Yeri düşmüşkən onu da deyək ki, əvvəllər gölün ətrafında cəmi bir neçə ağac var idisə, indi onların sayı xeyli artıb. Hətta ərazidə yerləşən obyektlərin ətrafı da yeni yaşıllıqlara bürünüb. Elə bu gözəlliyin ortasında kəklikotu çayına qonaq olduqdan sonra bir az yüksəklikdə yerləşən posta tərəf hərəkət etməyə başlayırıq. Bir neçə dəqiqədən sonra yetişdiyimiz postda bizi zabit Ceyhun Məmişov qarşılayır. Əslən Zəngilan rayonundandır. Ali hərbi məktəbi bitirdikdən sonra xidmət üçün Naxçıvana göndərilib. Hazırkı postda isə 5 aya yaxındır ki, xidmət edir. Onun dediklərindən: “Hazırda işğal altında olan Zəngilanda doğulmuşam. Çoxları kimi tale mənim də qismətimə o torpaqlarda böyüməyi nəsib etmədi. Elə hərbçi sənətini seçməyimdə də bu amil az rol oynamayıb. Biz bu gün Vətənimizin keşiyində cəsarətlə dayanmışıq. İstənilən an irəli atılmağa hazırıq. Doğrudur, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın çətin vəziyyətindən istifadə edib torpaqlarımızı işğal etdilər. Ancaq düşmənlərimiz onu da anlasınlar ki, bu, müvəqqətidir. Biz öz ata-baba yurdumuzu heç kəsə güzəştə getməyəcəyik. Əgər Ali Baş Komandanımızın əmri olarsa, çox qısa müddətdə ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu düşmən də yaxşı bilir. Çünki bizim gücümüzün çox kiçik bir hissəsini bu ilin aprel ayında gördülər. Əgər problemin həlli hərb yoluna qalarsa, düşmənə cavabımız bu dəfə daha sarsıdıcı olacaq”.
Növbəti müsahibimiz isə Culfa rayonunun Yaycı kəndindən olan Xalid Nağıyevdir. 13 aydır, hərbi xidmətdə olan Xalidin xidmətinin 10 ayı məhz bu postda keçib. Deyir ki, buradakı hər daşın, hər qayanın altını yaxşı tanıyır. Ön cəbhədə – düşmənlə üz-üzə səngərdə olmaqdan qürur hissi keçirir: “Vətən həyatda hər birimiz üçün ən müqəddəs sayılan bir varlıqdır. Biz bu gün səngərdə Vətənimizin təhlükəsizliyini qoruyuruq. Ancaq səngərdə xidmət etməyin də öz qaydaları var. Vətəni qorumaq üçün birinci özünü qorumalısan. Çünki özünü qorumasan, dostunu, yoldaşını, torpağını necə qoruyarsan? Buna görə də səngərdə olarkən ayıq, diqqətli olmalısan. Düşməni daim nəzarətdə saxlamağı bacarmalısan. Onun ən adi hərəkətini belə, gözdən qaçırmamalısan. Əks halda, bunun acısını, ilk növbədə, özün çəkərsən. Sevinirəm, eyni zamanda qürur hissi keçirirəm ki, mən də, əsgər yoldaşlarım da hər zaman səngərdə ayıq-sayıq olmuşuq. Düşünmüşük ki, arxamızda bizə güvənən ailəmiz, dostlarımız, yaxınlarımız, nəhayət, Vətənimiz var”.
Ağdam rayonundan hərbi xidmətə gəlmiş Elgün Məmmədov isə səngərdəki xidmətini belə dilə gətirir: “16 aylıq xidmətimin son 10 ayını bu cəbhə xəttində davam etdirirəm. Komandirlərimizdən çox razıyıq ki, bizə xidmətin bütün incəliklərini öyrədiblər, elə indi də öyrədirlər. Eyni zamanda burada olduğumuz müddətdə əsl dostluğun, yoldaşlığın nə olduğunu dərk etdik. Ötən müddətdə səngər bizim əsl evimiz oldu. Qışın soyuğunda, yayın istisində səngərə sığındıq, ondan güc aldıq. Biz bu səngərdə döyüş əmri olarsa, düşmənə göz açdırmamağa, macal verməməyə and içdik. And içdik ki, hücum əmri olarsa, ölmək üçün yox, öldürmək üçün irəli atılacağıq və bu andımıza hərbi xidmətdən sonra da sadiq qalacağıq”.
Naxçıvan şəhərindən olan Emin Fərzəliyev də əsgər yoldaşları ilə həmfikir olduğunu söyləyir. Bildirir ki, hərbi xidmətini bitirməsinə 2 ay qalsa da, dostlarından, onun üçün əziz olan bu səngərlərdən ayrılmaq istəmir. Çünki bu səngərlərdə onlar çox xəyallar qurublar, söhbət edib müzakirələr aparıblar. Düşmənə nifrəti, Vətənə məhəbbəti məhz bu səngərlərdə daha yaxından hiss ediblər. Eyni zamanda qürur hissi keçirir ki, Vətənə olan borcunu onun kimi düşünən yoldaşları ilə birlikdə elə bu səngərlərdə ödəməyə çalışıblar, bu borc bitməsə belə.
Əsgərlərlə söhbətimiz xeyli çəkir. Hər kəlmələrində “Vətən” və “səngər” sözlərini tez-tez səsləndirən bu qəhrəman əsgərlərimizə bundan artıq, bundan yüksək çəkiyə malik söz tapa bilmirəm deməyə. Yalnız xidmətlərində uğurlar arzulayıb oradan ayrılıram. Doğrusunu etiraf etsəm, bu müqəddəs sözlər mənim də
düşüncəmə hakim kəsilir. Elə buna görə də hazırlayacağım yazının başlığında hər iki sözdən istifadə edəcəyimə də elə oradan ayrıldığım zaman söz verirəm...
"Şərq qapısı" qəzetinin əməkdaşı- Səbuhi HƏSƏNOV