Əlaqə Arxiv
news Image
2016.10.27
09:15
| A A A
Avropa İttifaqı Qarabağ konfliktinin həllinə cəlb olunur?!

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər müzakirə edilib, Ermənistanın qeyri-konstruktiv mövqe tutaraq bu münaqişənin həllinə daim əngəl yaratdığı vurğulanıb.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlərin və beynəlxalq birliyin rolu ətrafında fikir mübadiləsi aparılıb.
Ümumiyyətlə, son zamanlar Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa marağı, Dağlıq Qarabağ münaqişəsinə diqqəti artıb. Həmçinin, artıq bir neçə ildir ki, Aİ-nin Qarabağ münaqişəsinin həlli prosesinə cəlb edilməsi məsələsi gündəmə gətirilir. Lakin hələlik Aİ-nin sözügedən münaqişənin həlli prosesində iştirakı məsələsi ancaq fikir mübadiləsi çərçivəsində qalır. Amma bununla belə, qurumun prosesə mühüm töhfə verə biləcəyi də istisna edilmir.
Politoloq Elşən Manafov Aİ-nin sözügedən konfliktin həlli istiqamətində səylərini gücləndirəcəyini istisna etmədi: “Əvvəla, onu nəzərə alaq ki, bütün hallarda münaqişənin tənzimlənməsi və problemin öz həllini tapması ilə bağlı mandat BMT-nin qərarı əsasında ATƏT-in Minsk qrupuna tapşırılıb. Belədə danışıqlar da əsasən məhz ATƏT-in Minsk qrupu formatı əsasında aparılır. Orada da təmsil olunan dövlətlərin zaman-zaman problemin çözülməsilə bağlı məsələyə münasibəti fərqli olub.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev təəssüflə qeyd etdi ki, ATƏT-in Minsk qrupunda təmsil olunan tərəflərdən hər biri ayrı-ayrılıqda münaqişənin tənzimlənməsilə bağlı məsələdə birmənalı mövqe sərgiləmirlər. Tərəflərdən biri Prezidentin qeyd etdiyi kimi, Ermənistanı silahlandırır, digəri lobbiçilik işilə, üçüncüsü də ona maliyyə dəstəyi verməklə məşğuldur. Burada adlar çəkilməsə də, konkret olaraq Prezidentin hansı dövlətləri nəzərdə tutduğu birmənalı şəkildə aydın idi.
Avropa İttifaqının bu münaqişəyə xüsusi marağına gəldikdə, Azərbaycan və bölgəmiz bilirik ki, ittifaqın maraq dairəsindədir. Avropa İttifaqı Azərbaycanı özünün enerji əməkdaşı kontekstində qəbul edir, çünki həmin ölkələrin enerji təminatında dövlətimizin karbohidrogen ehtiyatlarının özünəməxsus rolu və imkanları var. Qurumun TAP, TANAP kimi layihələrə olan marağı da göstərir ki, ittifaq bölgəmizdə stabilliyin qorunub saxlanılması və dondurulmuş münaqişələrin doğurduğu reallıqların aradan qaldırılmasında maraqlıdır. Bu mənada Aİ-nin münaqişənin daha fərqli fazaya keçməsi və danışıqlara stimul vermək üçün öz səylərini gücləndirəcəyi istisna deyil. Diplomatik təzyiqlərin gücləndirilməsi, Ermənistanla müəyyən iqtisadi layihələrdən imtina edilməsi Aİ-nin təbii ki, imkanları daxilində olan məsələdir”.
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev də Aİ ilə əlaqələr məsələsinin münaqişə ətrafındakı ümumi fona təsirinin olduğu qənaətindədir: “Aİ ilə Azərbaycan arasındakı münasibətlərdə gözəəlimli məsələləri hamı yaxşı görür. Aİ ilə münasibətlərdə Azərbaycan lap əvvəldən hansı xətti prioritet hesab edirdisə, üstündən müəyyən illər keçəndən sonra da görürük ki, ölkəmizin mövqeyi qəbul olundu. Mənim üçün vacib olanı budur. Amma əlbəttə, xəbərdarlıqlar da var ki, yenə hansısa qərəzli mövqelər ola bilər. Lakin bunu o qədər də əhəmiyyətli hesab etmirəm. Aİ-yə daxil olan ölkələrlə ikitərəfli münasibətlərdəki qarşılıqlı maraqlar danılmaz bir faktdır. Bu, həm Aİ ölkələri, həm də Azərbaycan üçün çox əhəmiyyətli məsələdir. Münasibətlərimizdəki indiki vəziyyəti istəməyən və ermənilərə dəstək olan qüvvələr yenidən baş qaldıra bilərlər. Lakin bunun özü də bizi təəccübləndirməməlidir, bunlara artıq öyrəşmişik. Biz də öz işimizi görürük.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Aİ ilə əlaqələrdə pozitiv dəyişikliklərin olduğunu nəzərə alsaq, ümumi fona təsir mənasında əlbəttə ki, bunlar əhəmiyyətlidir. Yəni münaqişə ətrafındakı beynəlxalq fona təsir mənasında əhəmiyyətlidir. Aİ ölkələrinə həqiqətlərimizi göstərə və onları inandıra da bilirik. Amma münaqişənin nizamlanması yumşaq desək, maraqlı bir mərhələdədir. Elə bir vəziyyətdədir ki, indi çox şeyləri açıq deyir, onunla bərabər mövqeyimizi də ona adekvat əsaslandıra bilir və Azərbaycan üçün prinsipial olan məsələlərdə mövqeyimizi başa düşmələrini tələb edirik.
Burada Rusiya ilə münasibətlərin də mühüm əhəmiyyəti var. Amerika mətbuat səhifələrində yer alan açıqlama və bəyanatlar, Minsk qrupu həmsədrlərin yeni gəlişi fonunda mövcud vəziyyətin dəyişilməsi mənasında təkanverici nəyinsə olduğunu demək də çox çətindir. Deyilən fikirləri isə dəfələrlə eşitmişik. Bu il ərzində münaqişə il bağlı baş verənləri gözümüzün önünə gətirsək görürük ki, işğalçı tərəfə bəyanat və açıqlamalarla yox, ciddi təzyiq olmasa, vəziyyətdə dəyişiklik olmayacaq. Yəqin ki, bunu hər kəs başa düşür. Amma nə edək, real vəziyyət belədir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz