ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburqda keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilə bilər. Bu barədə APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. “Hamburqda münaqişənin həlli ilə bağlı əsas məsələlər istiqamətində vacib danışıqların davam etdirilməsi üçün nazirlərin öz aralarında da görüşməsini səbirsizliklə gözləyirik”, - deyə o bildirib.
Ceyms Uorlik Hamburq görüşünə kimi Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində hər hansı görüşün nəzərdə tutulması sualına isə
belə cavab verib: “Biz prezidentlər və nazirlərlə mütəmadi
kontaktdayıq və istənilən vaxt görüşməyə hazırıq”.
Xatırladaq ki, həmsədrlərin regiona səfəri ilə bağlı bəyanatında
Hamburqda həmsədrlərlə nazirlərin görüşə biləcəyi qeyd olunub.
ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburq görüşü
dekabrın 8-9-da keçiriləcək.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə
Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında
başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda
Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib.
Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf
7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal
olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün
vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında
Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs
sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul
olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt
sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında
Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri
Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa,
İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət
həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması
ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə
qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən
BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və
qurumların qətnamələri mövcuddur.