Əlaqə Arxiv
news Image
2016.10.28
08:00
| A A A
Əcnəbi hamiləri də radikal müxaliflərdən üz döndərib

Radikal müxalifət düşərgəsində yenidən süstlük hökm sürür. Xatırladaq ki, ölkədə keçirilən referendum ərəfəsi radikal müxalifət də “fəallaşmışdı”. Əli Kərimli və onun dəstəsi, radikal dini kəsimi də ətrafına toplayaraq bir neçə dəfə aksiya təşkil etdilər. Çox can-fəşanlıq etmələrinə rəğmən, həmin mitinqlərə yenə də çox adam toplaya bilmədilər. Çünki, əhalinin bu qüvvələrə olan etibarı artıq sıfır həddindədir.

O da bir dah abəlli oldu ki, əvvəlki illərdə olduğu kimi, radikal müxalifət yenə də özbaşına deyil, məhz xaricdəki Azərbaycanı sevməyən dairələrin göstərişi ilə referendum ərəfəsi müəyyən qədər fəallaşmışdılar. Bu vəziyyətin özü də bir daha göstərir ki, radikallar xaricilərin sifarişi və verdikləri maliyyə əsasında fəaliyyət göstərirlər. Ona görə də bu radikallar vətəndaşı olduğu dövlətə və xalqına deyil, ancaq onlara xidmət edirlər. Artıq belə fikirlər səslənir ki, daha əcnəbi ağaları radikallara sifariş və pul verməyi dayandırıblar. Məhz bu səbəbdən də radikal müxalifət düşərgəsində hazırda mövcud olan süst bir durum yaranıb. Görünür, əcnəbi ağalar radikallardan artıq üz dönədrib.
Politoloq Elşən Manafovun fikrincə, sözügedən qüvvələrə sifariş və maliyyə verən xarici dairələr Azərbaycan xalqının radikallara dəstək vermədiyini gördükcə, həmin qüvvələrdən üz dönədrməyə başlayıblar: “Əslində, müxalifətin radikal qanadının fəallaşması bir qayda olaraq ölkədə keçirilən seçki və digər siyasi proseslər ərəfəsinə təsadüf edir. Seçki ərəfəsi ölkədəki mövcud ictimai-siyasi duruma fərqli anlaşmanın olduğunu göstərmək və daha çox anlamda isə özlərinin Qərbdəki himayədarlarının dəyirmanına su tökmək üçün radikallar mitinqlər keçirir, aksiyalar təşkil edirlər. Belədə ilk baxışdan hər şey iqtidarın siyasətinə təzyiq etmək anlamını verir. Amma müxalifətin keçirdiyi mitinqlərdə ölkədəki narazı elektoratın heç əllidə bir hissəsinin belə iştirak etməməsi göstərir ki, əslində, həmin kütlələrin bu radikal müxalifətə etimadı yox dərəcəsindədir.
Fikrimcə, müxalifətin məlum qanadını illər boyu istiqamətləndirən və maliyyələşdirən dairələr də yəqin ki, bu barədə düşünürlər. Çünki radikal müxalifət narazı elektoratın etimadını qazana bilmir, onlara səs verərək narazılar küçələrə çıxmırsa, bu amil təbii ki, etimadsızlıq sindromu kimi qəbul olunmalıdır. Digər tərəfdən, müxalifətin məlum qanadına olan münasibət AXCP-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dönəmdə həyata keçirilən siyasətilə bağlıdır ki, əhalinin əksəriyyəti sözügedən qüvvələrin hakimiyyətdə olduğu 1 il ərzində daxili və xarici siyasətdə yol verdikləri ciddi nöqsanlar və dövlətçiliyin başı üzərini ciddi təhlükənin aldığını unutmayıb. O vaxt ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasa idi, Azərbaycan dövlətçiliyinin bu günə qədər gəlib çıxması məsələsi ciddi sual altında qala bilərdi. Digər tərəfdən, müxalifətə olan etimadsızlığın bir məqamı da ondan ibarətdir ki, radikallar hakimiyyətin həyata keçirdiyi siyasi-iqtisadi kursu tənqid edir, lakin alternativ proqramlarla çıxış etmirlər. Hətta etdikləri tənqidi çıxışların özü də sağlam tənqid deyil. İqtidarın siyasətində olan müsbət və pozitiv amilləri radikal müxalifət görməməzliyə vurur. Ölkə parlamentində təmsil olunan müxalifətin məlum qanadından fərqli olaraq radikal müxalifət hakimiyyətlə münasibətləri konstruktiv zəmində qurmaq və genişləndirməkdən uzaqdır. Əslində, radikal müxalifətin bu və ya digər ölkəyə gətirə biləcəyi “uğur” və “töhfə” Suriya və ya Liviya anlamında qəbul oluna bilər. Ona görə də düşünürəm ki, yaxın müddətdə müxalifətin məlum qanadının liderlərinin dəyişə biləcəyilə bağlı məsələlər də gündəmdə ola bilər. Bu müxalifət özünün Qərbdəki himayədarlarının ümidlərini doğrultmursa, təbii ki, yeni şəxs və simaların tapılması üçün müvafiq addımlar atılacaq, müvafiq layihələr üzərində düşünüləcək. Bütövlükdə, bu, həm də onun göstəricisidir ki, ölkədə seçicilərin mütləq çoxluğu Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin mahiyyətini anlayır, ona dəstək verir. Keçirilən son referendumun nəticələri də bunun bir daha bariz nəticəsi oldu”.
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bu qənaətdədir ki, xarici dairələrin bu günə qədər dəstək verdikləri radikal müxalifətdən üz döndərmələri onların zəif olduğunu anlaması və bu fonda da yeni qüvvələr axtarmaq niyyətilə bağlı ola bilər: “Sirr deyil ki, Azərbaycanı istəməyən, ölkəmizə düşmən münasibət bəsləyən Qərbdəki bir sıra dairələr dövlətimizə təzyiq etmək üçün daxildəki müəyyən qüvvələrdən istifadə edirlər. Daxildə bu rolda da çıxış edənlər, hər zaman özlərini, dövlətini satmağa hazır duran radikal müxalifət dairələridir.
Uzun müddətdir ki, xaricdəki həmin qüvvələr Azərbaycanla bağlı öz çirkin niyyətlərini reallaşdırmaq üçün müxalifətin məhz hazırkı radikal dairələrindən istifadə edib. Son referendum ərəfəsi də bildiyiniz kimi radikallar bir neçə aksiya təşkil etdi. Həmin dövrdə radikalların liderlərinin Qərbin bir sıra ölkələrinin Bakıdakı səfirliklərilə görüşməsi də onu göstərir ki, müxalifətin bu kəsiminin fəallaşması da xaricdən gələn sifariş və maliyyə dəstəyinin nəticəsidir. Lakin həmişə olduğu kimi, radikalların bu cəhdi də fiaskoya uğradı. Referendum uğurla keçdi və xalqın böyük əksəriyyəti orada qoyulan və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən dəyişikliklərə səs verdi. Bu fonda da radikal müxalifət referendumdan dərhal sonra yenidən süstlük dövrünə qədəm qoydu. Çünki artıq aldıqları maliyyə dəstəyi dayandırıldı. Deməli, xarici hamiləri də artıq onlara dəstək verməkdən vaz keçiblər. Bu da onu göstərir ki,artıq xaricdəki qüvvələr də Azərbaycanda mövcud olan radikal müxalifətlə həyata keçirmək istədikləri planlarını reallaşdıra bilməyəcəklərini anlamağa başlayıblar. Məhz bu səbəbdən də indi onlardan üz dönədrirlər. Xarici dəstək olmadığı halda isə, radikal kəsim ümumiyyətlə hər hansısa bir fəaliyyət göstərmək iqtidarında deyil. Çünki onlar bir tərəfdən ölkə qanunlarını əsas tutaraq normal siyasi fəaliyyət göstərmək qabiliyyətinə sahib deyillər, digər tərəfdən də daxildə social dayaqları yox dərəcəsindədir. Bütün bunların nəticəsidir ki, radikal müxalifət hazırda «ölü bir duruma» düşüb və onların bu durumdan çıxması qeyri-mümkündür”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz