Əlaqə Arxiv
news Image
2016.10.28
09:00
| A A A
Deyiləni və ediləni düz gəlməyən Amerika demokratiyası

Amerika Birləşmiş Ştatları növbəti prezident seçkisinin astanasındadır. İki cəbhənin - Demokratların və Respublikaçıların namizədləri seçki marafonunun son mərhələsinə yaxınlaşırlar. Kimin qalib gələcəyi ölkədə və dünyada qızğın müzakirə mövzusudur. Demokratları təmsil edən Hillari Klinton Respublikaçı namizəd Donald Tramp arasında aylardır davam edən mübarizə kulminasiya nöqtəsindədir.

Bu proses prosedur üzrə gedib və tezliklə bitəcək. Amma hakimiyyət uğrunda mübarizədə qalib gəlmək elə həlledici və “şirin” duyğudur ki, bu nemətin dadına və rənginə aludə olanlar nəyə desən gedirlər, özü də tək yox, komandaları ilə birlikdə. Bütün dünyada demokratik imici ilə lovğalanan təkəbbürlü amerikan cəmiyyəti də bu məsələdə istisnalıq təşkil etmir. Yəni, amerikalı rəsmilər sözdə seçki qanunvericiliyini müqəddəs adlandırsalar da, işdə onun pozulması adi haldır. Məsələn, hazırkı seçkilərə diqqət edək. Artıq neçənci dəfədir ki, prezident Barak Obama qeyri-qanuni olaraq namizədlərin təbliğat kampaniyasına müdaxilə edir. Demokratlar partiyasından namizəd, elə Obamanın vaxtında prezident administrasiyasında dövlət katibi vəzifəsini tutmuş Hillari Klintonun seçicilərlə görüşündə Barakın onun yanında durması qanunvericiliyə tamamilə ziddir. Çünki, hazırkı prezidentin namizədlərdən hər hansı birinin təbliğatını aparmağa seçki qanunu icazə vermir. Yaxud, Obama seçki marafanonun gedişində bir neçə dəfə Trampı tənqid edib. Bu da yolverilməzdir. Ona görə ki, prezident vəzifəsinin ona verdiyi imkanlardan istifadə edərək namizədlərdən birini seçicilərin gözündən salmağa çalışıb.
Məsələn, bu günlərdə ABŞ prezidenti Kaliforniyada keçirilən seçkiqabağı mitinqdə Trampı sosial mediada çox vaxt keçirməkdə qınayıb: “Bizə bütün vaxtını “tvit”lərə sərf edən prezident lazım deyil”. Məsələ burasındadır ki, hazırda Trampın “Twitter”də 12,7 milyon izləyicisi var və o, indiyədək 34 min “tvit” yazıb. Respublikaçı namizəd rəqibləri ilə tez-tez “Twitter” vasitəsilə “atışır” və öz auditoriyasını bu yolla səfərbər edir. Obama bildirib ki, Trampın çatışmazlıqlarından danışmağa ehtiyac yoxdur, çünki o, özü bunu nümayiş etdirir: “Mən bu adamın bu vəzifəyə niyə uyğun olmadığı haqda geniş danışmayacağam, çünki o özü danışanda siz daha çox sübut əldə edirsiniz ki, niyə o, Birləşmiş Ştatların prezidenti olmağa yaramır”. Açıq görünür ki, Obamanın məqsədi Respublikaçı namizədin internetdəki populyarlığı əleyhinə təbliğat aparır.
Hillari Klintona başqa bir dəstək mitinqində isə Barak Obama diplomatiyanın hüdudlarını aşaraq respublikaçı namizədin üzərinə açıq hücum edib.
Qəribədir, Qərb ölkələrinin dünyagörüşündə demokratiyanın eyni mövzuda müxtəlif meyarları sabitləşib. Daxildə demokratiya, Avropada demokratiya, türk dünyasında bir, ərəb dünyasında başqa və digər regionlarda da öz siyasətlərinə uyğun gələn hüquq və vəzifələr.
Bir baxın, Barak Obamanın çıxışlarından sonra gur-guruldayan Trampın nüfuzu xeyli aşağı düşüb, tərəfdarları azalıb. Bu faktı Respublikaçı namizədin seçki qərargahı da elan edib. Ötən cümə günü Tramp etiraf edib ki, uduza bilər. Son sorğulara əsasən, Hillari Klinton seçkilərin taleyini həll edə biləcək bir neçə ştatda və bütövlükdə ölkə üzrə inamla liderlik edir. Üstəlik, Nyu-York ştatının prokurorluğu Trampın xeyriyyəçilik fondunu yoxlamağa başlayıb. Guya orada hansısa şübhəli maliyyə əməliyyatları həyata keçirilib. Təbii ki, prezidentin çıxışlarının bu məsələlərə birbaşa təsiri var.
Tramp isə artıq bir neçə həftədir ki, seçkilərin Klintonun xeyrinə saxtalaşdırılacağını iddia edir. O, saxta rəy sorğuları keçirməklə onun Klintondan geridə olduğunu göstərdiyinə görə medianı tənqid edib. Onun sözlərinə görə, hazırki prezident Barak Obama ABŞ-da baş verən seçki saxtakarlıqları barədə hamıdan yaxşı bilir. O bildirib ki, saxtakarlıq axtaranlar Obamanın 8 il əvvəl keçirilən seçkilərdə necə qələbə qazanması barədə kadrları izləyə bilər. Tramp iddia edib ki, hələ o zaman hazırki dövlət başçısının seçki qərargahında olan senatorlar seçkilərin saxtalaşdırılması ilə məşğul olublar. Respublikaçı namizəd Florida ştatında seçiciləri qarşısında çıxışında da xəbərdarlıq edib ki, seçki nəticələrinin saxtalaşdırılması gözlənilir:“Tək üsul, Demokratlara burada udmağa icazə verə bilər. Bu, bəzi rayonlarda təşkil edilmiş dələduzluqdur. Mən bunu 100 faiz ciddi deyirəm”. Son zamanlar respublikaçı milyarderin seçkilərin saxtalaşdırıla biləcəyi barədə fikirləri ölkədə ciddi təşviş yaradıb. İctimai rəy sorğuları da göstərir ki, hər üç amerikalıdan biri seçkinin saxtalaşdırılmasından ehtiyat edir.
Bəzi analitiklər hadisələrin bu cür cərəyan etməsini ABŞ-da “demokratik böhran” kimi xarakterizə edirlər. Qərb demokratiyasının iç üzü budur. Digər tərəfdən, demokratik idarəetmə üsulu səhvsiz deyil, sadəcə olaraq, indiyədək olanlar içərisində ən mükəmməlidir. Amma siyasi hakimiyyətdə oturanların ona istədikləri düzəliş vermələri bu üsulun əhəmiyyətini azaldır. Bu mənada özünü demokrat sayan bir sıra Qərb ölkələri rəhbərliyinin öz gözlərində tiri görməyib, başqa ölkələrdə, komkret olaraq Azərbaycanda bu sahədə tük axtarmaları heç cür başadüşülən deyil. Təəssüf ki, demokratiya anlayışı bəzi qərb siyasətçiləri üçün siyasi təzyiqin predmetinə çevrilib və buna görə “cinayətkarı hüquqları pozulmuş insan cildində” görmək onlar üçün qeyri-adi hal sayılmır.
Bu isə nəinki demokratiyanı, elə həmin siyasətçilərin özlərini də gözdən salan amildir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz