Əlaqə Arxiv
news Image
2016.10.28
09:15
| A A A
Ermənilər aprel dərslərinin təkraralancağından qorxuya düşüblər

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ilin ortalarında keçirilmiş Vyana və Sankt Peterburq görüşlərində Minsk Qrupunun qərbli həmsədrləri tərəfindən irəli sürülmüş bir müddəa vardı. Təklif olunurdu ki, döyüş bölgəsindəki təmas xəttində monitorinq keçirmək üçün müşahidə cihazları yerləşdirilsin. İlk baxışda həqiqəti üzə çıxarmaq üçün məntiqli təklifə oxşayırdı. Lakin dərindən edilən təhlil bəzi gizli mətləblər aydınlaşdı və cihazların yerləşdirilməsi kağız üzərində qaldı.

Əvvəlcədən onu qeyd edək ki, cihazlar məsələsinin ləğvi Azərbaycan və Rusiyanın arzusu ilə baş verib. Çünki, müşahidə cihazlarının yerləşdirilməsi təklifi ststus-kvo şəraitinin saxlanmasına, başqa sözlə, Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə yönəlib. Ərazisini silah gücünə olsa belə azad etmək məqsədini qarşısına bir vəzifə kimi qoyan Azərbaycanın suverenlik hüquqlarına ziddir və bu səbəbdən belə tədbirlər ona sərf etmir. Ona görə ki, bu tip monitorinq “silahlı azadetmə” məsələsinin üstündən xətt çəkir. Digər tərəfdən bu vəziyyət Rusiyaya da sərf etmir. Çünki, Qarabağda yerləşdirilmiş silahlar hamısı Rusiyaya məxsusdur və amerikalılar bu cihazlar vasitəsilə oradakı vəziyyətə tam nəzarət edə bilərlər. Həm də elə ABŞ-a məxsus hər hansı hərbi əmlakın regiona gətirilməsi əslində, gələcəkdə onun dalınca əsgərlərin gəlməsinə də səbəb olar. Azərbaycanla Rusiyanın imtinasından sonra ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisi də bəyan etdi ki, “atəşkəsə nəzarət mexanizmlərinin yaradılması üçün vəsait yoxdur”.
Təsadüfi deyil ki, bu yaxınlarda regiona səfər edən amerikalı həmsədr Ceyms Uorlik Vyana görüşündə bu mexanizmlərin qurulması ilə bağlı razılıq əldə olunduğunu, lakin hələ də qurulmadığını bildirib. Onun bu məsələni xatırlamaqla narahatlığını ifadə etməsi nəzarət mexanizmləri təklifinin əsl mahiyyətinin nədən ibarət olduğunu sübut edir. Ermənilər də bu mexanizmlərin qurulmamasının müharibə riskinin artması kimi təqdim edir.
Lakin mexanizmlər olsa belə müharibə ehtimalı həmişə yüksək olaraq qalır. Azərbaycan milyardlar xərcləməklə hərbi potensialını boş yerə artırmır. Ölkənin ərazi bütövlüyü təmin olunmalıdır. Bu, xalqın da, dövlətin də, ölkə rəhbərliyinin və ali hərbi komandanlığın başlıca vəzifəsidir. Düşmən tərəf də bunu yaxşı anlayır. İndi erməni cəmiyyətini təşvişə salan bu məsələnin gündən-günə aktuallaşmasıdır. Həm də onlar haqsız olduqlarını yaxşı anlayırlar. Buna görə də mətbuatda tez-tez “Biz yeni müharibənin astanasındayıq” deyib dad döyürlər. Aprel döyüşlərindən sonra beli qırılan erməni ordusu və siyasi ekspertləri qorxularını etiraf etməkdən belə çəkinmirlər. Erməni politoloq Kays Minasyanın əsəbi istehzası buna sübutdur və o, bu haqda deyir ki, yeni müharibədə Ermənistan aprel döyüşlərində olduğu kimi yenə tək qalacaq: “Rusiya və ABŞ hər şeyə göz yumacaq, Azərbaycan isə Ermənistanı məğlubiyyətə uğradacaq. Bu daha şiddətli olacaq. Hətta gözləntilərə görə, Qərbin Qarabağın müstəqilliyini tanımaq istəkləri var. Lakin Qərb bu məsələdə də geri çəkiləcək və Bakını dəstəkləyəcək, ən azından, öz susqunluğu ilə bu dəstəyi nümayiş etdirəcək”.
Məntiqi nəticədir. Lakin məntiq elminə görədir. Özündənrazı erməni məntiqi isə korazehinliyi ilə seçilir və bununla da daim uçurumun kənarında dayanmış olur. Azərbaycanın bir həmləsi ilə uçuruma yuvarlanması isə məntiqli və ya məntiqsiz, 100 faiz reallıqdır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz